Mövsümün bir az qəribə vaxtıdı, nə yay kimi yaydı, nə də payız kimi payız. Çoxdandı bu tozlu şəhərdə nə sonbahar, nə ilkbahar olur. Hər şey qəfildən, birdən başlayır. Tədrici keçidlər olmadan. Gəl tab gətir. Yəqin bir gecə istidən qovrula-qovrula yatıb səhər üşüyə-üşüyə ayılacağıq. Deyəsən, dünyanı idarə eləyənlər iqlimin yönətiminə də əl qoyublar. İndi onsuz da heç nə elə belədən, təsadüfdən olmur qənaətindəyəm. Yer kürəsini saran quraqlıqdan sonra hər yerdə gur yağışlar yağdı. Bunun da elmi izahı var. Çox isti olanda çox da buxarlanma olur. Və təbiətdə hər şey dövr elədiyindən buxar suya dönür, geri qayıdır. Bəs biz insanlar necə - buxarlanıb hara gedirik və hansı görkəmdə dönürük? Ətrafa boylanıb bir şüurlu sifət görməyəndə, bir həmsöhbət tapmayanda fikirləşirəm ki, yaman quraqlıqdı. Zaman elə yandırır ki, ya hardasa gizlənib fürsət gözləməlisən, ya da kökün kəsiləcək. Bir leysan göndər, Allahım! Üstümüzə çökmüş kiri, pası, nifrəti yuyub aparsın. Sərməst olmuşuq, üzümüzə su dəysin, ayılaq. Sonra da fikirləşirəm ki, nə qədər göndərsin?! XX əsrin başlanğıcından işini-gücünü atıb elə bizimlə məşğuldur. Bu üstümüzə yağan nur damcılarından işıq ala bilmədiksə, O neyləsin?
... 14 sentyabr Təbriz üsyanının qan içində boğulduğu, Şeyx Məhəmməd Xiyabaninin öldürüldüyü gündür. Öldürülüb, meyiti günlərlə şəhərin küçələrində qalıb. Qorxudan kimsə yaxınlaşa bilməyib...
... 15 sentyabr Türk İslam Ordusunun Bakıya daxil olduğu gündür. "Nazlı Bakı, o neft qoxan gül"...
... Bir də 18 sentyabr var axı... 18 sentyabr...
***
Mən yalançı, hay-küylü vətənpərvərlik anlayışlarından çox uzaq bir insanam. Mən bu böyük dünyada, bu böyük insan mədəniyyəti tarixində bizim balaca məmləkətin yerini də şişirtməsiz-filan anlayıram. Mən anlayıram ki, XX əsrin başlanğıcından ta bu günə qədər bəşəriyyətin böyük sıçrayışlarına getdiyi yolu biz addım-addım, sürünə-sürünə getmişik. Başqa millətlər göyə raketlər uçururkən biz hələ motor istehsal etmək durumunda deyilik. Başqa millətlərin 400 il əvvəl keçirdiyi intibah dövrünü biz XX əsrin başlanğıcında keçmişik. Amma gec də olsa bu boşluğu doldurmaq üçün bir kəhkəşan dolu parlaq insanlar gəldi. İndi biz onlara klassiklərimiz deyirik, amma düşünürəm ki, onlar bu anlayışdan daha yüksəkdə dururdular. Onlar bizə işıq, nur, düşünmək qabiliyyəti, söz eşitmək qabiliyyəti gətirdilər. Dedim ki, XX əsr bizim intibah əsri idi. Mürgülü, yuxulu milləti silkələyib oyatmaq və bu milləti realist ədəbiyyat, teatr, opera, balet, kino yaratmağa məcbur eləmək bir neçə sayılı şəxsin boynuna düşürdü. Zülmətin içində parlayıb dövranı işıqlandıranlardan biri də o idi.
O elə bir şəxs idi ki, hər kəs muzdur olmağı ilə fəxr elədiyi vaxtda ona bəy deyirdilər - Üzeyir bəy. O, elə bir mürəkkəb və təzadlı dövrdə yaşamışdı ki, bu dövrün dəyirmanından təmiz vicdanla və sağ-salamat çıxmaq çox çətin idi. O, elə bir mühitdə yetişib formalaşmışdı ki, cəhalət və nadanlıq, kütləvi korluq bu mühitin dəyişməz atributları idi. Bu, zaman, məkan və şəxsiyyət rakursundan baxanda onun böyüklüyünü bütün incəliklə anlamaq olardı.
Şərqdə ilk operanın müəllifi, professional musiqimizin banisi, felyetonları ilə dövrünün naqisliklərini qamçılayan jurnalist, neçə-neçə musiqiçi nəslini yetişdirmiş görkəmli pedaqoq. Bu sözlər dəfələrlə deyilmiş məlum həqiqətlərdi. Dəfələrlə deyilmiş, bildiyimiz həqiqətlərlə yanaşı, daha artıq bilmədiklərimiz də var. İçində aşıb-daşan, kükrəyən istedadını boğub gizlətməyə məcbur olduğu dövrlər haqqında. Şərqdə ilk cümhuriyyətin himnini yazmış bir şəxsin sonra işğal olunmuş yalançı bir dövlətə himn yazmağa məcbur olması nə deməkdir, anlaya bilərikmi? Uzun illərin susqunluğundan sonra 37-ci ilin sinfi mübarizə qırğınına opera hədiyyə etmək nə deməkdir, anlaya bilərikmi? Mövcud olan qaragüruhla mübarizədə əvvəllər cavab verə bildiyi, sonralar isə susmağa məcbur olduğu dövrlərdə ürəyində nə ağrılar, nə incikliklər olduğunu anlaya bilərikmi?
Bu günlər onun həyatı və yaradıcılığı ilə bağlı yazılanları yenidən vərəqləmək istədim. Qulam Məmmədlinin 84-cü ildə çap olunmuş salnaməsinə baxdım. Bununla qeyd etməyi özümə borc bilirəm ki, Qulam Məmmədli bizim mədəniyyətimizə fədakarcasına xidmət etmiş zəhmətkeş bir insan idi. Müxtəlif respublikaların arxivlərindən min bir əziyyətlə topladığı materiallar bu gün də xalqımıza xidmət edir və düşünürəm ki, bu kitabları latın qrafikası ilə çap eləməyin vaxtı çoxdan çatıb. Həmin salnamədə 1885-ci ildən 1948-ci ilə qədər Üzeyir bəyin həyatına dərin bir nəzər salınıb. Həmin kitaba istinadən bəzi xatırlatmalar eləmək istəyirəm. Burda onun bəy nəslini təsdiq edən sənədlərdən tutmuş, Qori seminariyasında təhsil illəri haqqında xoş və nalayiq məqalələr, xatirələr, özünün məqalələrindən çıxartmalar var. Diqqətimi cəlb eləyən bəzi məqamları sizə də çatdırmaq istəyirəm.
1909-cu il, "Tərəqqi qəzeti", Üzeyir bəyin məqaləsindən:
"Mən seminariyanın 2-ci klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım, yazı imtahanı üzrə - "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm. Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına 3 nömrəsi qoyublar. Amma mən 2 yarım qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən". İkmali-təhsildən sonra yoldaşlarımızdan, əzz cümlə məndən soruşdular ki, nərədə müəllimlik etmək istəyirsən? Dedim - Bakıda. Və o qədər safdil idim ki, direktorumuzun bu barədə təvəssütünü rica etdim. Bir azdan sonra məni bir erməni kəndinə müəllim təyin etdilər". Qeyd edim ki, həmin erməni kəndi Hadrut rayonunda idi. Və artıq oralarda erməni-müsəlman davası alovlanmaqda idi. Təbii ki, ana dilində kitab nəşr elmək fikrində olan bir gənci ruslar azərbaycanlıların oxuduğu məktəbə müəllim göndərməzdilər. Bu da imperiya siyasətinin tərkib hissələrindən biri idi. Onlar öz düşüncələrindən, öz prizmalarından baxanda haqlı idilər. İndi oxuyacağım isə bizim həqiqətlərimizdir.
1909-cu ildə "Zənbur" jurnalında Üzeyir bəyin əleyhinə silsilə yazılar dərc olunur - yazıların məğzi bundan ibarətdir ki, bakılılar dura-dura qarabağlı gəlmə opera yazır. Karikaturasını çəkirlər - ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalır. Bu zurnanın içindən isə notlar çıxır. Karikatura demək istəyirdi ki, kənddən gəlmiş birisi zurnadan not yaratmaq istəyir. Üzeyir bəy zənburçulara cavab verir: "Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetlərdə yazmaqla əhaliyə xidmət etmək və yaddan çıxmış, ləhvü-ləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində deyil, ev tikdirmək, bankalarda pul saxlamaq, bəlkə öz ailəsini belə bəsləyəcək qədərində də pulu olmayan bir mükafata razı olmaq zənburçuların nəzərincə pis şeydirsə, qoy mən pis olum! Madam ki, mən qara qəlbli, kəsif ürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim! Qoy onlar bacarsınlar da min dəfə çalışsınlar. Lakin əhalini hələ dolayıb da aralığa bakılı-qarabağlı fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var, mənə desinlər. Bu bir ciddi təklifdir".
Bu söhbətlər elə bir vaxtda gedirdi ki, Bakıda hər şey erməni, rus və digər millətlərin əlində cəmləşmişdi. Belə olan halda bəzilərini opera yazanın Azərbaycanın hansı bölgəsindən gəldiyi qıcıqlandırırsa, bu da bizim həqiqətlərimizdir. O dövrün mətbuatında buna bənzər yazılar çoxdur. Belə sərsəmləmələr sonralar sovet dönəmlərində də onu müşayiət edirdi.
1924-cü il "Kommunist" qəzeti: "Üzeyir Azərbaycan opera və operettalarının yaxşı olmasından bəhs edir. Bu məncə, artıq bir işdir. Üzeyir Hacıbəylinin öz əsərlərini sevdiyini hamı bilir. Daha Gürcüstan, Ermənistanda yüzlərcə dəfə oynanıldıqdan sonra Rusiyayı, Türkiyəyi, İranı, Fransanı, Amerikanı, İspaniya, İtaliya və Misiri müvəffəqiyyətlə dolanıb gəzən "Arşın mal alan" ilə xalqı qorxutmağa nə hacət? Ancaq burada yavaşca Üzeyirin qulağına bunu pıçıldamaq istəyirəm ki, o yerlərdə "Arşın mal alan"ın oynanmağına səbəb onun yüksək musiqiyə və dərin mənaya malik olması deyil, qeyri-millətlərin Türk aləmi ilə və ələlxüsus Şərq musiqisiylə maraqlanmasıdır. Qərbdə bizim mədəniyyətimizlə və ədəbiyyatımızla bizdən artıq maraqlanırlar".
Bunlar da 24-cü ildə yazılanlar. Ancaq o zamanlar Hacıbəyov artıq bunlara cavab verə bilmirdi. Çünki bəy idi. Çünki müsavatçı idi. Çünki qardaşı Fransada mühacirətdə idi. Çünki, çünki, çünki... Amma bir fakt da var. Bu fikirləri yazanı 37-ci ildə bolşeviklər güllələdilər.
Hər şeyə rəğmən O, birinciydi. Birinci olmağın ağırlığı, məsuliyyəti ilə Şərqdə ilk demokratik respublikanın himninin müəllifi oldu. Şərqdə ilk Konservatoriyanın qurucusu oldu. Şərqdə ilk qadın müğənnini səhnəyə çıxartdı. Bu çirkab axıntısının içində, bu vurhavurda kiminsə yadına düşürsə ki, sentyabr ayında Üzeyir bəyin ad günüdür, buna da çox şükür!
Hər birimizin içindən keçən bir yol var - Vətən yolu. Biz bu yolu birincilərin açdığı cığırla gedirik. Yolumuzu azanda, yolumuzdan çıxanda dönüb arxaya baxsaq, bizə yol açan birinciləri görürük. Dövrana işıq salan İnsanları...
***
Susuzluqdan dilimiz, dodağımız çatladı. Yandıq, pörşələndik. Bir leysan yağdır, Allahım! Nuh tufanından betər olsun!
15 sentyabr 2007-ci il