adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Lalə dövrü

XURAMAN HÜSEYNZADƏ
31179 | 2014-05-17 05:17
İndi Qarabağı ya yuxularımızda axtarırıq, ya da əcnəbi fotomüxbirlərin çəkdiyi fotolarda. Hətta erməni qızların poza və acıq vermək xatirinə oralarda çəkdirdiyi şəkillərə də diqqətlə, həsrətlə baxırıq...
Şəhidlərimizin qanı axan, dədə-babalarımızın məzarı tapdağa çevrilən, dişimiz-dırnağımızla tikdiyimiz evlərdə indi erməni qızları fotosessiya etdirib paylaşırr. Əlbəttə, o evlərin, o yurdun sahibləri bu mənzərələri, 21-22 il bundan əvvəl qoyub gəldikləri həyət-bacalarını ürək ağrısıyla, göz yaşı içində seyr edir. "Yuva üstündə yuva qurulmaz" deyiblər. Baxırsan ki, vaxtilə gülüstana döndərdiyimiz, bizim üçün cənnət olan məkanlarda indi bayquş ulayır. Xocalının son görüntüləri əsl cəhənnəmi xatırladırdı. Onlar orda rahat, insan kimi yaşaya bilmirlər. Bilirlər ki, yaşadıqları evin, yurdun öz sahiblər var və nə vaxtsa onlar öz ocağına qayıdacaq. "Özgə atına minən tez düşər" deyiblər...
Hər daşından yoxsulluq yağır Qarabağın. Bizdən sonra viran olub o yerlər. Öz sakinlərini gözləyir. Elə bil, öz sakinlərinin əli ilə yenidən cənnətə dönəcəyi günü gözləyir... Şuşa mənim uşaqlıq illərimin bir parçasıdır. Tez-tez yuxuma girir Şuşa. Daşaltı, İstisu, tələbələrin avazı yüksələn musiqi texnikumu, məscid, bazar, daş döşənmiş yol ilə qalxdığımız yoxuş, Cıdır düzü, Topxana ilə yuxuda tez-tez görüşürük. Cıdır düzündən Topxanaya baxarkən turistlərin qurduğu çadırları ağ quzular zənn etmişdim. O vaxt tez-tez yaylağa gedirdik. Dağ döşündə, yamaclarda otlayan ağappaq quzulara heyranlıqla baxırdım. Bir də Ağdərənin Umudlu kəndini unuda bilmirəm... Orda bir şəlalə varıydı. Şəlalənn o tayında ağappaq çadırlar qurulmuşdu...
Hamısı yadımdadı. Amma bu fotolarda tanıya bilmirəm o yerləri...
İndi oralar işğal olunmuş ərazilərdi. Əlbəttə, xaricə üz tutan İnsan istirahət üçün işğal olunmuş, şəhid qanı axıdılmış, mərmilərdən, güllələrdən xarabaya çevrilmiş yeri yox, əmin-amanlıq hökm sürən səfalı yerləri seçir. Elə bilirəm, o ağ çadırlar daha qırmızı qan üstündə qurulmaz...
Şuşanın dolama yolları ilə qalxanda gördüyüm laləli çölləri təbiətin lalə dövründə tez-tez xatırlayıram.
Lalələr qızardımı, fikrim çəkilir Qarabağın al-qırmızı düzlərinə.
Elə bilirəm, indi o yerlərdə lalələr şəhidlərin qan izini gizlətmək üçün açır...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV