LAÇINIM, LAÇINIM, LAÇINIM MƏNİM! - Aqil ABBAS yazır

AQİL ABBAS
2012 | 2024-07-18 21:47

Deməli, belə. Mən və xanımım mayın 24-də Laçında keçiriləcək Xalça sərgisinə dəvət olunmuşduq. Qərara gəldim ki, həmişə getdiyim, ənənəvi yolla –  Ağdam-Şuşa-Laçın yolu ilə gedim. Təbii ki, bu yoldan keçməyə icazə aldım.  Ayın 23-də Quzanlıdan çıxdım üzü güləbədinə, yəni  Laçına. 

İşğaldan azad olunandan sonra haçan Ağdama yolum düşürsə mütləq olmayan həyətimizə bir baş çəkirəm. Bu dəfə ənənəni pozdum. Bu 45 ildə xanımıma bu şəhər haqqında, bu şəhərin camaatı haqqında, igidləri  haqqında o qədər  danışmışam ki, indi Ağdamı mənim qədər  tanıyır. Buna baxmayaraq, yenə  danışıram. O da xətrimə dəyməmək üçün diqqətlə  qulaq asır. Şəhərdəki yeni tikilən binalara baxıram, ürəyim açılır, elə onun da. 

Deyir:

- Prezident Ağdamda öz şəhərini tikir. Tayı-bərabəri olmayan bir şəhər. 

Və bilir ki, bu sözdən xoşum gəlir. 

Azərbaycanda və dünyada harda olursa-olaq, gedəcəyimiz şəhərə neçə kilometr qaldığını xanımım məndən soruşur: 

- Batuma nə qədər qalıb? Gəncəyə nə qədər qalıb? Tiflisə nə qədər qalıb? 

Və sair və ilaxır. Mənim  üçün də dünyanın mərkəzi və istinad nöqtəsi Ağdam olduğuna görə həmin məsafələri Ağdamdan hesablayıram.

- Ağdamdan Füzuliyə qədər, yəni əlli kilometr, Ağdamdan Şuşaya qədər, yəni otuz yeddi kilometr, Ağdamdan Ağcabədiyə qədər, yəni qırx səkkiz kilometr…

Və sair və ilaxır. 

İndi Ağdamın özündəyik, deyirəm burdan Şuşaya  37 kilometrdi, Laçına 75 kilometr, Xankəndinə də 25 kilometr. 

Olmayan Qarağacı qəbiristanlığının yanından keçirik. Bu qəbiristanlığın  tarixini görkəmli arxeoloq, professor Rəşid Göyüşov yazmışdı, təxminən 2000-3000 il yaşı var.

Ağdam-Şuşa yolu  qəbiristanlığı yarıya bölür. Sol tərəf lap köhnə qəbiristanlıqdı. Ermənilər dağıdıb yerində  taxıl əkmişdilər. Sağ tərəfi də dağıdıblar, amma taxıl əkməyə imkanları olmayıb. Dəmir  Yumruğun qorxusundan qaçıb gediblər. Qarağacı qəbiristanlığı qurtaran kimi Əsgəran başlayır. Əsgəran qalasında dünyanın düz vaxtı çox olmuşam, hətta uşaq vaxtımda da. «Koroğlu» filmini  burda çəkirdilər.  Uşaq yaddaşımda qalıb ki, Koroğlunu oynayan aktyor atın belində oturub saz çala bilmədi, sonra  çıxartdılar  maşının  üstündə  çaldı. Amma montajda elə eləmişdilər ki, elə bil atın üstündə çalır. 

Dünyanın  düzələn vaxtında da  üç-dörd dəfə Əsgəran qalasını  ziyarət etmişəm. Qədir Rüstəmovun oğlu Mehdiylə, daha sonra ustad yazıçı Seyran Səxavətlə, gözəl şairimiz Vaqif Bəhmənliylə də Qalanı ziyarət etmişik. 

Qalanın tarixi uzaq keçmiş deyil, XVIII əsrdi. Tikdirən xan da məlumdu, tikənlər də, ilk qalabəyi də. Amma ermənilər Qarabağı  işğal eləyəndən sonra yaxalarını cırırdılar ki, bu Qala onlara  məxsusdu və onlar  tikdirib. 

Maşını Qalada saxlayıram. Xanımım ciyər dolusu Qarabağın, Qarqar çayının, Qalanın havası  ilə nəfəs alır. İstəyirəm Qala haqqında məlumat verim.

Deyir:

- Bir dayan, bu Qala  haqqında o qədər danışmısan, Batmanqılınc romanında da bu Qaladan yazmısan, qoy bir gözlərim  doysun. Ondansa sən də mənim bir şəklimi çək. 

Yeri gəlmişkən, dünyanın və Azərbaycanın harasında olursa-olaq bütün fotoları mən çəkirəm. O, birin deyir, mən üç-dörd şəklini çəkirəm.

Sonra yenə maşına əyləşib  çıxırıq yola, üzü güləbədinə, Laçına. 

Xocalıya çatanda deyir:

- Yadına düşür, burda yolun kənarında bir mağaza vardı, ordan sənə yaşıl rəngdə bir kostyum almışdıq?! O mağazanın qarşısında saxlayarsan.

Mağaza yadıma düşür, amma kostyum yadıma düşmür. 

- Rəhmətliyin qızı, indiyə mağaza qalar?

Xocalını gəzirik, ürəyimiz açılır. Gözəl bir şəhər tikirlər -  səliqəli, yolları gözəl, məktəbi, bağçası, yaşayış evləri. Bizdən üç-dörd gün sonra Xocalıya ilk qayıdış başlayacaqdı və Möhtərəm Prezident İlham Əliyev xocalılılara evlərin açarlarını özü təqdim edəcəkdi. Xanımı, birinci vitse-prezident, Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanımla, qızı Arzu Əliyeva ilə xocalılıların qonağı olacaqdı. 

Xocalını gəzib qurtardıqdan sonra  üz tuturuq Xankəndinə. Bu da Xankəndi. 

Deyir:

- Məni apar o vaxtkı Vilayət Partiya Komitəsinin binasına. 

Bu da üstündə müqəddəs bayrağımız dalğalanan keçmiş Vilayət Partiya Komitəsi, sonra da separatçıların əyləşdiyi bina. Gedir oturur binanın pilləkanlarında.

- Orda niyə oturursan?

- Atamı yadıma salıram. Bura bir dəfə atamla gəlmişdim. Onda burda oturacaq da vardı. Atam dedi ki, sən gözlə, mən Gevorkovla görüşüb gəlirəm. Beləcə, yarım saat oturdum  burda, oturacaqda. Sonra atam çıxdı, Gevorkov şəxsən özü maşına qədər atamı ötürdü və Gevorkovu da gördüm.  Deyirdilər ki, arvadı azərbaycanlıdı. 

Əslində Gevorkovun arvadı azərbaycanlı deyildi. Düzdür, Veteranlar Şurasının sədri Bahadur Rzayevin qızıydı, amma Bahadur kişinin arvadı rus idi, evlənəndə arvadı  yanı balalı almışdı. Gevorkovun da arvadı  həmin yanı balalı rusun qızıydı. 

Sonra ona stadionu göstərirəm və yekə-yekə deyirəm ki, bax, mən bu stadionda iki-üç ay əvvəl  Cənab Prezidentlə bir yerdə «Qarabağ»ın oyununu izləmişəm. 

Sonra doyunca Xankəndini gəzirik. Xankəndinin belə demək mümkünsə, Yasamalı olan  Kərkicahanı  göstərirəm.

- Bu kəndə balaca Ağdam deyirdilər. Sona  qədər vuruşdular, nə qədər şəhid verdilər. 

Onu da deyirəm ki, həmin  müharibədə bu kəndə 15 min patron göndərmişdim. Xankəndinin Avtovağzalının yanından keçirik. 

- Bax, burda bir yeməkxana vardı, qəşəng borş bişirirdilər, qiyməti də otuz dörd qəpik. Hərdən gəlirdik burda borş yeməyə.  Ağdamda borş bişirən bir yeməkxana yox idi. 

Sonra da üzü Şuşaya. Dolamaları qalxırıq. Şuşaya çataçatda dağıdılmış Tar fabrikinin yanında maşını  saxlayıram.  Yadıma bir xatirə düşür. 

Deməli, Bəxtiyar Vahabzadənin Türkiyədən Oktay Akbal adında məşhur  yazıçı-jurnalist qonağı gəlmişdi. O vaxt Bakıya gələn türklərə şəhərdən kənara çıxmağa icazə vermirdilər. Oktay bəy Bəxtiyar müəllimdən xahiş etmişdi ki, onu Şuşaya aparsın. Bəxtiyar müəllim də bir çətinliklə Oktay Akbalı və xanımını Şuşaya aparmağa icazə ala bilmişdi. Öndəki maşında Bəxtiyar müəllim, Oktay Akbal və Oktay Akbalın xanımı, arxadakı maşında da şair və mənim əmim oğlu Şahmar Əkbərzadəylə mən gəlirdim.

Bu Tar fabrikinin yanında, ordankı Şuşa gözəl görünür, Bəxtiyar müəllimin  maşını dayandı. Təbii ki, biz də dayandıq. Bəxtiyar müəllim, Oktay Akbal və xanımı maşından yendilər…

Hörmətli oxucular, deyəsən sizi yordum, elə özüm də yoruldum, ardı qalsın sonraya.

(Ardı var)
 

TƏQVİM / ARXİV