Raquf Orucov! Bu ad artıq Azərbaycanda, eləcə də ölkəmizdən kənarda, yəni Türk dünyasında bir əfsanəyə çevrilib. Haqqında yüzdən çox məqalə yazılıb, sənədli filmlər çəkilib, döyüş yoldaşlarından müsahibələr alınıb. Yazıçı Şərif Ağ da ciddi və maraqlı bir kitab yazıb. Bu məqalələrdə, sənədli filmlərdə, döyüş yoldaşlarının müsahibələrində, eləcə də Şərif Ağın kitabında Raquf Orcuovun qəhrəmanlıqlarından, sərkərdəliyindən, Vətənə sevgisindən, qeyri-adi döyüş qabiliyyətindən söz açılır. Mənim indiyədək yazılanları təkrar etmək fikrim yoxdu, mən məsələyə başqa tərəfdən yanaşıram.
Raquf Orucov Qarabağın Kolanı tayfasındandı. «Kolanı» sözü, daha dəqiq desək, «kolan» sözü ilk dəfə şumer dilində rastımıza çıxır. Bu sözün tərcüməsi iki məna daşıyır: güclü-qüdrətli və varlı-dövlətli. İkisi də bu gün Azərbaycan dilində işlənir. Xüsusilə Qarabağ dialektində: hallı-kallı və bir də kalan. Güclü-qüdrətli şəxslərə «hallı-kallı adamdır» deyirlər. Varlı adamlara isə «kalan adamdır».
Kolanılar döyüşkən tayfa olduğundan Osmanlının sərhədlərini qoruyar və döyüşlərdə də ön cərgədə vuruşardılar. Onlara «akınçılar» deyirdilər. Yaxın Şərqdəki, üstündə hələ də müharibə gedən, Kolan (Qolan) təpələri də «Kolanı» sözündən götürülüb. Kolan (Qolan) təpələri susuz ərəb səhralarında ən bolsulu ərazi sayılır.
Kolanı tayfaları Türk dünyasının müxtəlif yerlərində yaşayırlar. Bu gün əsasən Qarabağda təxminən 40-dan artıq kəndin yerləşdiyi əraziyə Kolanı deyirlər. Naxçıvanda, Şamaxıda, Qərbi Azərbaycanda, Türkiyədə, İraqda, yəni keçmiş Osmanlı ərazisində yayılıblar. Çox qəribədir ki, Qarabağda Kolanı adında kənd yoxdur, amma bu tayfadan ayrılıb başqa yerə köçənlərin kəndləri Kolanı adlandırılıb. Və bu tayfanın camaatı Kolanı olmaqla fəxr edirlər.
Raquf Orucov da kolanı idi, Ağdamın Cinli kəndindən. Və Raquf Orucov da hallı-kallı şəxsiydi, yəni güclü və qüdrətli. Amma maddi cəhətdən «kalan» adam deyildi, yəni varı-dövləti yoxuydu. Amma mənəvi cəhətdən çox kalan adamıydı. Yolunda şəhid olduğu Vətənidir, yolunda şəhid olduğu xalqıdır onun varı-dövləti. Balalarından çox sevdiyi əsgərləridir onun varı-dövləti. Ay-ulduzlu bayrağıdır onun varı-dövləti. İgidliyinə görə qazandığı «Murov qartalı» ləqəbidir onun varı-dövləti.
Haqqında yazılan məqalələrdə, eləcə də döyüş yoldaşlarının, adi adamların Möhtərəm Prezident İlham Əliyevə ünvanlanmış müraciətlərdə Raquf Orucova «Milli Qəhrəman» adı verilməsi xahiş olunur. Əslində xalq arasında elə Milli Qəhrəman kimi tanınır. Yazını kompüterə diqtə edərkən Raquf Orucov adını eşidəndə əməkdaşımız Mehriban da dedi ki, Milli Qəhrəman Raquf Orucovdan yazacağıq? Dedim ki, hə.
Mehdi Hüseynzadə «Mixaylo» kimi xalqımızın ürəyində bir əfsanə kimi yaşayır. Əslində isə o, Sovet İttifaqı qəhrəmanı adını ölümündən 12 il sonra Ulu Öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindən tapıb çıxarandan və uzun zaman onun Sovet İttifaqı Qəhrəmanı adı alması üçün apardığı mübarizədən sonra bu fəxri ada layiq görülmüşdü.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə İbad Hüseynovun müharibədə göstərdiyi qəhrəmanlıqları eşidib öyrənəndən sonra demişdi ki, o, Milli Qəhrəmandır. İbad Hüseynov da bu ada 27 il sonra Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiq görüldü.
Raquf Orucovun canından çox sevdiyi Vətən uğrunda şəhid olmasından 10 il keçir. İnanırıq ki, Möhtərəm Prezident İlham Əliyev Raquf Orucovun layiq olduğu «Milli Qəhrəman» adını rəsmiləşdirəcək.
Və buna həyat yoldaşı Sevinc xanımdan da, iki gül balasından da, Raqufu sevən və əfsanələşdirən döyüş yoldaşlarından da daha çox torpaqlarımız işğal altında olanda düşmən səngərlərini keçərək Ermənistanın 30 kilometr ərazisinə daxil olaraq əsir düşmüş əsgərlərini xilas etmək üçün üç erməni əsgəri gətirib igidlərini əsirlikdən xilas elədiyi döyüşçüləri daha çox sevinəcək. Və bir də torpaqlarımız işğal altında olanda erməni səngərlərini keçərək Cinli kəndindəki qəbiristanlıqda dəfn olunmuş ziyarət etdiyi anasının da ruhu sevinər.
Raquf Orucovun iki ANASI vardı. Deyə bilərsiniz ki, bir adamın necə iki anası ola bilər? Əslində bizim hamımızın iki ANASI var – biri bizi doğan ANA, biri də yolunda şəhid olmaq istədiyimiz və şəhid olduğumuz ANAMIZ VƏTƏN!
Raquf Orucovun «Milli Qəhrəman» adına layiq görülməsinə onu doğan ANADAN da çox yolunda şəhid olduğu ANASI VƏTƏN sevinər!


Bakı -°C
