
Xəbər vermişdik ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etmədi. O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırdı.
Adalet.az xəbər verir ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətmədiyi üçün hazırda xeyli konqresmen prezident Trampın bunu tanımaqdan imtina etməsindən narazılıqlarını ifadə ediblər. Erməni lobbilərinə məxsus təşkilatlar bəyanat yayıblar. Amerika Erməniləri Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan bildirib ki, ABŞ Senatının və Nümayəndələr Palatasının onlarla iki partiyalı üzvü açıq bəyanatlar, ictimaiyyətlə görüşlər və sosial media paylaşımları vasitəsilə erməni soyqırımının 110-cu ildönümündə erməni xalqı və erməni-amerikan icması ilə həmrəy olduqlarını bildiriblər:"Konqresmenlər nəinki erməni soyqırımının tanınması və ədalətə sadiqliklərini təsdiqlədilər, həm də Azərbaycanın Qarabağda guya ermənilərə qarşı apardığı uydurma etnik təmizləməyə görə cavabdehlik tələb etdilər və erməni hərbi əsirlərin dərhal azad edilməsinin vacibliyini vurğuladılar. Konqresmenlərin prinsipial mövqeyi soyqırımının qarşısının alınması işini gücləndirir, Azərbaycana qarşı konkret siyasi tədbirlər və sanksiya nümayiş etdirir. Bu gün, hər zamankindən daha çox, buna ehtiyacımız var, xüsusən də Ağ Ev bu cinayəti düzgün şəkildə etiraf etməkdən geri çəkilirsə, biz də tələb etməkdən geri çəkilməməliyik".
Erməni nəşrləri yazır ki, Erməni Amerika Komitəsinin nümayəndələri hər çıxışı zamanı erməni əsilli amerikalıları komitənin siyasət prioritetləri çərçivəsində konkret addımlar atmağa çağırıblar. Ən mühüm istiqamətlər Azərbaycana hərbi yardımı tamamilə dayandırmaq üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrası, eləcə də göstərilən hər cür hərbi yardımın tam qadağan edilməsi idi. Bundan başqa, Erməni Milli Komitəsi hərbi cinayətlərə görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı “Maqnitski” sanksiyalarının tətbiqinə çağırır. Erməni Milli Komitəsi həmçinin ABŞ hökumətini Artsax ermənilərinin təhlükəsiz qayıtmaq hüququnun həyata keçirilməsini təmin etmək üçün BMT Təhlükəsizlik Şurasında diplomatik səylər göstərməyə çağırır.
ABŞ hökuməti həmçinin Türkiyədən erməni soyqırımını inkar etməyi dayandırmağı, həmçinin Qüdsün erməni xristian məhəlləsini qorumaq üçün təcili addımlar atmağı tələb edir. Komitə bu tələblər boyu ABŞ-ın soyqırımı inkarında iştirak etməməsinin vacibliyini vurğulayır, eyni zamanda Türkiyə və Azərbaycana silah satışına son qoyulmasını, eləcə də ilkin şərt olmadan erməni hərbi əsirlərin azad edilməsi üçün Azərbaycana təzyiq göstərməsini tələb edir.
Qeyd edək ki, bu il ermənilərin qondarma “soyqırım”la bağlı gözləntiləri özünü doğrultmadığı üçün onlar çox qəzəblidirlər.
Əntiqə Rəşid