adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KiMDƏN QORUNMALIYIQ?

11931 | 2010-01-16 00:48
Yeni ilin ilk yeni xəbərlərindən biri də bu oldu ki, tezliklə Bakıya uçan taksilər gətiriləcək. Bilmədim buna sevinim, yoxsa kədərlənim. Hər gün getdiyim yollarda gördüyüm xaotik mənzərəni, tıxacları xatırladım. Mənim fikrimcə əsil problem yollarda deyil, sükan arxasına oturanların əksərinin sürücü mədəniyyətinin yoxluğundadır. Hərəkət zolağında elə bil üstünə düşmən tankı şığıyır. Piyadalar yolun bu tayından o tayına salamat çatanda min dəfə şükür eləyirlər. Yol İşarələrinə məhəl qoyan yox, nəqliyyat vasitələrinin işarətlərindən istifadə etmək əskiklik sayılır. Sağa, sola dönərkən xəbərdarlıq işıqları yandırılmır. Avtobus sükanı arxasında oturan küçələrdə müştəri dayanan yeri dayanacaq bilir. Səki qalmayıb piyadaların yeriməyinə. Küçə kəsişmələrini taksilər duraq məntəqəsi eləyib ki, iki istiqamətdən müştəri yaxalasın. Qaydalar buna icazə vermir. Kəsişmə xəttinə yaxın dayanmaq qadağandır. Amma nə olsun? İrad tutan tapılmır. Nəticədə yol ayrıcında görmə bucağı məhdudlaşdığından qəza vəziyyəti yaranır. Bir qayda pozuntusu digərini törədir. Elə bil maşınların sayı artdıqca, maşın sürənlərin qabiliyyəti, mədəniyyəti azalır. Yerdə yeriməyə, yürüməyə normal imkan qalmadı. Bu şüurla, bu minvalla ucan taksilər havaya qalxsa, vay bizim halımıza...
   
   Yolla gedərkən bir də görürsən hərəkətdə olan bahalı maşının şüşəsi açıldı, içindən bayıra bir əl uzandı. Boş siqaret qutusunu, kola şüşəsini, yaxud banan qabığını düz yolun ortasına fırlayıb getdi. Arxa küçələrə atılan zibil torbalarını hər birimiz görürük. Adi haldır, deyilmi? Mən hələ dəvə tüpürcəyi kimi ifrazatı demirəm. Sinqapurda buna görə böyük məbləğdə cərimə kəsirlər. Bizim ədəbsizlərə cəsarətlənib söz desən, qırmızı-qırmızı üzünə qayıdar, səni borclu çıxarar. Abrının ətəyinə töküləcəyindən ehtiyatlan dinib-danışmayanda, şər ayaq tutub iri addımlarla yeriyir. Vay o gündən ki, bu "mərifət dağarcıqları" uçan taksilərə minə. Bir anlığa təsəvvür edin ki, göydən başımıza nələr ələnər. Daha davam eləmək istəmirəm. Çünki yəqin ki, bu biznesin də öz sahibləri var. Sonra məndən inciyərlər ki, qara piarla məşğul olursan. Siftə eləməmiş nəhs gətirirsən. Yeniliklərin əleyhinəsən. Mən də deyirəm ki, qəzetlərdə xəbər yaymaqdan öncə milləti başa salın görək uçan taksi nə olan şeydir? Bir çox ölkələrdəki kimi, kiçik məsafələrə uçuş qət edən vertalyotlardan fərqi nədir? Bakıda qanadlı taksilər hansı marşrutlarda işləyəcək? Neçə nəfərlik olacaq? İş saatı, xidmət haqqı nə olacaq? Əvvəlcə bazar araşdırması aparın, camaatın fikrini öyrənin, rəyini bilin, dayanacaqları müəyyənləşdirin, sonra taksiləri işə salın. Qaza möhkəm basın, qaz vurub, qazan doldurun. 70 il hamıya xoşbəxtlik, bərabərlik, qardaşlıq vəd edən qanadlı kommunizm xəyallarındansa, uçan taksi layihəsinin yaxın gələcəkdə reallaşacağına daha çox inanıram. Bu şəkildə pulsuz reklam işinizə yarar?
   
   
   
   ***
   
   
   
   Yeni yüzilliyin onuncu ilinə qədəm basmışıq. Qlobal anlamda hələ bu dövranın nailiyyətlərindən danışmaq tezdir. Amma, ötən əsrimiz dünya tarixində mühüm hadisələrlə çox zəngin oldu. İki dünya savaşında, inqilablarda, çevrilişlərdə milyonlarla insan qurban getsə də yer kürəsi dağılmadı, bəşəriyyət məhv olmadı. İnsan fəzaya yol açdı, evində oturub uzaq məsafələr qət etmədən səmada, suda, dərin qatlarda, yer üzünün hər hansı bir nöqtəsində nələr baş verdiyini ekran gördü, radioda eşitdi. Başqa planetə qədəm basdı, kainatı yaxından öyrənməyə başladı. Yaxşı-pis çox şeylər öyrəndi. Ürəklərin, böyrəklərin əvəzlənməsi, burunların, damarların təzələnməsi adiləşdi. Dünyaya gələcək körpənin ana bətnində ikən cinsini təyin etməyi, onun hərəkətlərini monitorda izləməyi bacardı. Tanrının ən möhtəşəm əsəri olan insanın eynisini yaratmağa cəhd göstərdi. Bəlkə bir gün hər kəsin vicdan, insaf, cəsarət, istedad dərəcəsi də əvvəlcədən müəyyənləşəcək. Dərisi-qanı, gözlərinin rəngi kimi, mənəviyyatı da sifarişə uyğun tənzimlənəcək? Zəka, qəddarlıq, mərhəmət, ədalət bizə məlum olmayan ölçü vahidləri ilə dünyaya gələn körpələrə kimlərinsə istəyinə, imkanına görə hissə payı kimi ayrılacaq. Qızlar böyüyəndə üz suvaqçılarında, saç boyaçılarında saatlarla vaxt itirməsin deyə, rənglər əvvəlcədən müəyyənləşəcək. Oğlanların boy-buxunu ata-ananın verdiyi ölçülərə uyğun olacaq.
   
   Ata-ana demişkən yadıma bir məqam düşdü. İndi həmcinslər də evlənməyə başlayıb. Birgə yaşam münasibətlərini qanunla tənzimləmək bəzi məmləkətlərdə gündəmə gətirilib. Belə ailələrdə görən uşaqlar necə olacaq? İkisindən biri doğacaq, yoxsa hazır məhsul haradansa alınacaq? Bəs götürmələr evdə kimə ata, kimə ana deyəcək? Guya insan haqlarını qorumaq üçün yeni ailə tipinin yaranmasına qanuni don geydirməyə canfəşanlıq göstərənlər, təbiətin, bəşəriyyətin Adəm və Həvvadan bu günə kimi gəlib çatan halal haqqını niyə tapdalayırlar? Onların məntiqiylə gedilsə, bəlkə bir gün cins söhbəti də aradan qaldırılacaq və hamı bir cins olub cins şalvarlarda gəzib dolaşacaq? Cəmiyyətdə ikili standartlar qalsa da, cinslər birləşəcək, insanlar yekcins olacaq. Daha heç kim uşağını doqquz ay qarnında gəzdirməyəcək. Körpələr laboratoriya tipli xüsusi klinikalarda sifarişlə dünyaya gətiriləcək. Bazarın tələbinə görə çeşidlənəcək, hər birinə ayrıca qiymət qoyulacaq. Gözəl, güclü, ağıllı, yaraşıqlı olanlar baha, digərləri bir qədər ucuz satılacaq. Uşaqların fiziki qüvvəsi də maşın mühərrikləri kimi at gücünə bərabər müəyyənləşəcək. Neçə dildə danışacaqları və bu dillərdən hansının ana dili olacağı da istəyə bağlı olacaq. Hamısını sənədləşdirib verəcəklər. Ömrün uzun və ya gödək sürməsi hər kəsin istəyinə və imkanına bağlı məsələyə dönəcək. Bəlkə ömür payı da təhsil kimi ibtidai, orta, ali mərhələyə bölünəcək. Yaşanan hər mərhələ üçün əlavə məbləğ ödəniləcək. Yaşam haqqı qabaqcadan və ya hissə-hissə də verilə bilər. Fəqət, ömür payını sonradan uzatmaq istəyənlərə bu əməliyyat qatqat baha başa gələcək. Səbəbi aydın olsun deyə, bir misal çəkim. Heç uzağa getməyəcəm: yeni tikilən binaları götürək. Özül qazılanda kvadrat metr bir qiymətə satılır, inşaat başa çatandan sonra rəqəmlər xeyli artır. İnsan ömrü də ola bilsin, belə satılacaq. Bünövrədən yaşı proqramlaşdırılanlar üçün qiymət nisbətən ucuz, 50 yaşdan sonra həvəslənib həyatını davam etdirmək istəyənlərin ödənişində faiz dərəcəsi bir qədər qalxacaq.
   
   Amma mən istəməzdim ki, XXI əsrin elmi potensialı belə cəfəng axtarışların sorağında dolaşsın. Dünyanı öyrənmək adına fəzaya qalxdıqca Yer üzünün başına hansı fəlakətləri gətirdiyimiz hamıya bəllidir. Tanrının yaratdığı əsrarəngiz təbiət tanrı qullarının əliylə gözümüzün önündə günbəgün zəhərlənir, dağıdılır, yararsız hala gətirilir. Son vaxtlar tez-tez rast gəldiyimiz sellər, fırtınalar, zəlzələlər, kəskin iqlim dəyişmələri bəlkə ulu Tanrının bizə xəbərdarlığıdır? O, bizi yaradanda suyu, havanı, torpağı, səmanı ərməğan etdi ki, yaşayaq, ilahi nemətləri qoruyub saxlamağı öyrənək. Nəsilbənəsil bu qiymətli əmanətə xəyanət edə-edə bu gün ekoloji fəlakətlə üzbəüz dayanmışıq. Yaşamağı öyrənməyənlərə həyat nə lazım? XXI əsrdə cavabı axtarılan ən böyük sual bəlkə elə budur? Kütləvi qansızlıq, fərasətsizlik, tamahkarlıq, hərislik, şəhvət ucbatından dünyanın sonunu yaxınlaşdıranlar, qoy "hər şeyin əvvəli olduğu kimi sonu da var"deyib, özlərinə bəraət qazandırmağa çalışmasın. Bu işin bəraəti xalq məhkəməsində deyil, Tanrı dərgahında verilir. Oranın bəraəti də, bərəkəti kimi safdır, təmizdir, təmənnasızdır. Onu almırlar, qazanırlar. Almaqla qazanmaq arasında fərqin nə qədər böyük olduğunun fərqində olmaq da adillik əlamətidir, adilər bunu bilməz.
   
   Atakürk bir vaxtlar "verəlim dünyanı çocuqlara", demişdi. Bu sadə ifadə dərin fəlsəfi anlam daşıyır. Nə yazıq ki, ataların sözlərini hərfi mənada qavrayan cahillərin sayəsində dünya uşaqlara deyil, uşaqlıq edən böyüklərə nəsib oldu.
   
   Müasir texniki tərəqqi o həddə çatıb ki, indi heç nəyi gizlətmək, heç kimdən gizlənmək olmur. Arxamızca casus salmağa ehtiyac qalmayıb, yeri gələndə hər addımı kosmosdan daha yaxından izləmək mümkündür. Bu günlərdə uşaqlıq dostum Kamal kamil bir fikir söylədi: "Biz başı çadralılardan yox, fikri, düşüncəsi çadralılardan qorxmalıyıq, qorunmalıyıq !" Dəqiq işlənmiş ifadədir. Çadralardan qurtulmasaq, qızmar günəş işığında da mənəviyyat zülmətində yolumuzu azacağıq. Biganəlik bataqlarını qurutmaq vaxtıdır.

TƏQVİM / ARXİV