adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"KEçiB SiNƏM üSTDƏN iLLƏR KARVANI"

22707 | 2012-01-28 12:29
"İslam tarixində böyük həkimlər, eyni zamanda həkim-filosoflar olmuşdur. Bizim Əvəzağa Məlikov da bu tip həkimlərdəndir"
   
   
   
   Cavad Heyət
   
   
   
   - Salam, doktor!
   
   Narın, kövrək addımlarla evinin yaxınlığındakı bağçada fikirli halda gəzişən yaşlı həkim başını qaldırdı. Ağbirçək qadın xoş təbəssümlə ona baxırdı. Ehtiramla salamını aldı.
   
   - Deyəsən tanımadınız?
   
   Qadının sualına cavab vermək əvəzinə ona zənnlə nəzər saldı.
   
   - Ola bilər,- qadın dilləndi, - Axı, o vaxtdan çox keçib, lap çox. Təzə gəlmişdiniz rayona, cavandınız. Amma camaat razılıq edirdi sizdən yaxşı həkim kimi, - sözünə ara verib dərindən köksünü ötürdü, - mən də naçar qalmışdım tifilimin əlində. Aman-zaman bircə balamı naxoşluq əldən salmışdı. Göstərmədiyim həkim, aparmadığım ocaq qalmamışdı. Haqqınızda eşidən kimi uşağı gətirdim yanınıza. Allah köməyiniz olsun, heç vaxt "neynim, necə eləyim" deməyəsiniz. Uşağımı dirildib ocağımı sönməyə qoymadınız. Hələ dava-dərmanın pulunu da verdiniz. Yadınızda deyilmi?
   
   Qadının söhbətindən təsirlənin həkim qayğı ilə soruşdu:
   
   - İndi necədir oğlunun əhvalı?
   
   Elə bil qəfil gün şüası düşdü ağbirçəyin üzünə. İrili-xırdalı qırışlar bürüyən gözlərini qıyıb sevincək:
   
   - Allaha şükür, lap yaxşıdır, - dedi, - haçandır evləndirmişəm, yekə kişi olub. Mən də nəvələrimi oynadıb sizə dua-sana eləyirəm.
   
   g O, xoş ovqatla evə qayıtdı. Otağında divana uzandı ki, dincini alıb rahatlansın, elə bu dəm qapı açıldı:
   
   - Baba!
   
   Adaşı olan oğul nəvəsi əlində albom onun yanında durdu. Baba xoşhal oldu:
   
   - Nədir, oğul balam, albomda nəyə baxırsan?
   
   - Sənin şəkillərinə. Bir bax, bu balaca oğlan mənə oxşayır eyg
   
   Baba albomu əlinə alıb şəklə baxanda üzünə xoş təbəssüm qondu:
   
   - Hə, düz deyirsən, sənə oxşayır, deyəsən bir az da mənə oxşayır, hə?- deyib nəvəsini iftixarla süzdü,-Bəs necə, axı, biz adaşıq - Əvəzağa baba, Əvəzağa nəvə!
   
   Balaca nəvə babasına baxıb bic-bic güldü. Sonra ciddi görkəm alıb qətiyyətlə dedi:
   
   - Mən də böyüyəndə həkim olacağam, sənin kimi, atam kimi, yaxşı həkim!
   
   Baba kövrəlib nəvəsinin üzündən öpdü:
   
   - Ay mənim ağıllı balam, Allah qorusun səni, arzuna çatdırsın.
   
   Nəvəsi gedəndən sonra albomu vərəqləməyə başladı. Kürün yaşıllığa bürünmüş sahilində atasının çəkdirdiyi şəklə diqqətlə baxdı. Ucaboy, yaraşıqlı, şıq geyimli atası indi oğlundan xeyli cavan görünürdü.
   
   "Atam öz müasirləri içərisində ziyalı adam olub. Anam - Umu Məmməd qızı savadsız, lakin ağıllı, təmkinli, evdar bir qadın idi. Kənd əhli onu məleykə adlandırırdı. Anam bizimlə - beş qız, bir oğulla çox mülayim dolanırdı. Dəfələrlə şahid olmuşam ki, özü ac qalıb payını bizə- balalarına verərdi".
   
   O, albomu vərəqlədikcə məktəb, tələbəlik illərini xatırladı. Ailə ehtiyac içərisində yaşayır, korluq çəkirdi. Tələbə oğula yol pulu verməyə belə imkan yox idi. Odur ki, institutu özü demişkən tərk etmək istəyirdi. Lakin yaxın tələbə dostu Sabir onu fikrindən daşındırdı.
   
   "Sabir çox imkanlı idi, mənə əl tutmaq istəyirdi. Mən isə razı olmurdum. Onda Sabir Bakı tramvay parkında müfəttiş işləyən əmisinin köməyilə məni də müfəttiş vəzifəsinə düzəltdirdi. Mən axşam saat 6-dan gecə saat 2-yə qədər işləməli idim. Məvacibi də məni qane edirdi: Sabirin əmisi məni 3-cü kursu bitirdikdən sonra orta tibb işçisi kimi Keşlə zavodunda gecələr işləmək üçün işə düzəltdi. Bununla da mənim institutu bitirməyim üçün şərait yaratdı".
   
   Əvəzağa gecələr işlədi, gündüzlər institutda səylə oxudu, 1956-cı ildə ali təhsilini uğurla başa vurdu. Məzunların hamısının Rusiyaya göndəriləcəyi elan ediləndə isə çıxılmaz vəziyyətdə qaldı.
   
   "Atamın, ailəmizin mənə ehtiyacı vardı. Ona görə də mənim Azərbaycanda qalıb işləməyimi istəyirdilər. Nə qədər çalışsam da mümkün olmadı. Mənə o zamankı Kamensk vilayətinin Aleksey-Lozovski rayonuna Mərkəzi Xəstəxananın terapiya şöbəsinə müdir vəzifəsinə göndəriş verildi".
   
   
   
   ***
   
   Tibb institutunu əla qiymətlərlə bitirən azərbaycanlı gənc Rusiyada - Kamensk vilayətinin ucqar rayonunda işə başlayanda böyük çətinliklərlə üzləşdi. Rus dilini zəif bilirdi, ali təhsilli həkim olsa da, təcrübəsi yox idi. Ancaq öz iradəsi, qətiyyəti, zəhməti ilə Vətəndən uzaq qərib yerdə həmkarlarının, sadə insanların diqqətini cəlb edirdi.
   
   "Sutkanın 15-16 saatını işləyirdim. Heç yorulmurdum da".
   
   Sənətinə sonsuz məhəbbət bəsləyən cavan azərbaycanlı həkim Vətəndən uzaqda gecə-gündüz çalışır, var qüvvəsini əsirgəmirdi. İnstitutda ona dərs verən gözəl müəllimlərindən - professorlar Kamil Balakişiyevdən, Mustafa bəy Topçubaşovdan, Mİrəsədulla Mir Qasımovdan öyrəndiklərini indi öz praktiki işində, xəstəliklərin müalicəsində bacarıqla tətbiq edirdi. "Çox oxumaq lazımdır, xəstəliklər haqqında kitablarda geniş yazılıb, həmişə oxuyun, öyrənin, müalicə prosesində istifadə edin" - deyə dönə-dönə təkrar edən professor Mir Qasımovun sözlərini indi Əvəzağa Məlikov həyat devizinə, təbiblik kredosuna çevirmişdi. Daim öz üzərində çalışır, elmi ədəbiyyatı dönə-dönə oxuyur, tibb aləmindəki yenilikləri öyrənir, müalicə işində məharətlə istifadə edirdi.
   
   Bütün bunların nəticəsi isə çox uğurlu olurdu. Gənc həkim Əvəzağa Məlikov Rostov vilayət xəstəxanasından göndərilən, bəzən isə hətta, orada müalicəsi nəticə verməyən xəstələri sağaldırdı.
   
   "Çox mürəkkəb, ağır xəstələrdən biri də 20-22 yaşlı sağıcı qız idi. Onun xəstəliyi Rostov vilayət xəstəxanasında dəqiqləşdirilmişdi - ağciyərin absesi xəstəliyi. Onu rayon mərkəzi xəstəxanasına müalicəsini davam etdirmək üçün göndərmişdilər. Apardığım bütün müalicələr effekt vermirdi. Xəstənin hər axşam temperaturu 39-40 dərəcə olurdu. Bu xəstəlik haqqındakı bütün ədəbiyyatları tapıb öyrəndikdən sonra, belə xəstələrə 33 faizli 10 qram spirt məhlulu vurulduğunu oxudum və bunu elədim. Bu, xəstəni hərarətdən xilas etdi. Və o, sağalmağa başladı. Şadlığımın, sevincimin həddi-hüdudu yox idi. Elə bu vaxt daha ağır xəstə gətirdilər. Bu da Rostov vilayət xəstəxanasında müalicə olunmuşdu. Heç bir nəticə əldə olunmadığı üçün polisrozit diaqnozu ilə bizim rayona müalicəsini davam etdirməyə göndərmişdilər. Onun döş boşluğunda, ürək ətrafı boşluqlarda, qarın boşluğunda maye var idi. Özü də bir dəri, bir sümük qalmışdı. Həkim yoldaşlarımın və mənim fikrimcə bu xəstəni ölmək üçün bizə qaytarmışdılar. Valideynlərinin yeganəsi olan bu qız 10-cu sinfi təzəcə qurtarmışdı. Ata-anası ondan bir addım belə uzaqlaşmırdı və övladlarının haçan dünyasını dəyişəcəyini gözləyirdi. Tibbi ədəbiyyatda polisrozit xəstəliyinin vərəm mənşəli olmasını da göstərirlər. Elə buna görə də qərara gəldim ki, onu vərəm xəstəsi kimi müalicə etmək lazımdır.Yüksək dozada streptomitsin və başqa vərəm əleyhinə dərmanlarla müalicəyə başladım. Heç bir həftə keçməmiş xəstədə dönüş yarandı. Bir ayın ərzində xəstə 12 kiloqram kökəldi, özünü tam sağlam hiss etdi. Boşluqlardakı mayelərin izi də qalmamışdı.
   
   Xəstənin sağalmasını görən valideynlər vilayətə, müxtəlif informasiya orqanlarına haqqımda tərifnamələr yağdırdılar. Vilayət və rayon qəzetlərində məqalələr çıxmağa başladı. Hətta vilayət xəstəxanasında bu xəstəni müalicə edən həkim bizim rayonun baş həkiminə zəng edib, doğrudanmı bu qızın sağaldığını soruşmuşdu. Həkimi hamıya tanıtdıran, onu hamının sevimlisi edən belə ağır xəstələrin sağalması olur. Bundan sonra mən yüzlərcə xəstədən məktublar aldım. O xəstələr məndən onların müalicəsini boynuma götürməyimi xahiş edirdilər. Çox cavan olmağıma, rus dilini zəif bilməyimə baxmayaraq, adamlar mənə inanırdılar. Bu da həkim üçün ən böyük mükafatdır".
   
   Əvəzağa hər bir həkimin arzu etdiyi mükafatı - insanların inamını, məhəbbətini hələ gənc yaşlarında Vətəndən uzaqda qazana bildi. Onun təbib həyatının kökündən dəyişib, arzusunda olduğu cərrah kimi yetişməsinə Kamensk vilayətinin baş cərrahı A.V.Şlepov kömək etdi. O, rayona cərrahiyyə işinin vəziyyətini yoxlamağa gəlmişdi. Yoxlama zamanı onu Əvəzağa müşayiət edirdi. Baş cərrahın suallarına gənc həkim dürüst cavab verirdi. Bundan məmnun olan A.V.Şlepov Əvəzağanın arzusunu nəzərə alıb onun Rostov vilayət xəstəxanasında cərrah ixtisası üzrə altıaylıq kursa daxil olmasına şərait yaratdı. Burada o, vilayət xəstəxanasının şöbə müdiri A.Petrovskidən arzusunda olduğu peşəni səylə öyrəndi. Öz sənətinin əsl ustası olan A.Petrovski onu daha yaxşı öyrətmək məqsədilə özünə köməkçi götürdü.
   
   "Yadımdadır, bir dəfə onu Rostovun yaxınlığındakı rayonda ağır bir xəstənin üstünə çağırmışdılar. Məni də özü ilə götürdü. Əməliyyat uğurla keçdi. Rostova qayıtdıq. Xəstəxanaya çatmışdıq ki, 60-65 yaşlarında bir xəstə də gətirdilər. Xəstənin vəziyyəti çox ağır olduğundan, vaxtı ilə həmin şöbədə müdir işləmiş, indi isə təqaüddə olan Keçikyanı da məsləhətə çağırmışdılar. O, hamıdan bir-bir xəstə haqqında nə fikirdə olduğunu soruşurdu. Növbə mənə çatanda xəstədə daxili qanaxma olduğunu söylədim. O, kinayəli gülüşünü gizlətməyib istehza ilə dedi: yəqin ki, kişidə uşaqlıqdan xaric hamiləlik olub partlayıb. Bu xəstəliyin ancaq qadında olduğunu hamı bilirdi. Amma mən xəstə ilə çox sorğu-sual apardığım üçün daxili qanaxmanın olmasına yüz faiz inanırdım. Xəstəliyi tam aydınlaşdırmaq üçün xəstəyə diaqnostik laparatomiya (diaqnozu dürüstləşdirmək üçün qarın boşluğunun açılmasına deyilir) edilməsi lazım idi. Petrovski qarın boşluğunu açdı, qarın boşluğundan fəvvarə ilə qan tökülməyə başladı. Bu vaxt mənim baxışımla o alçaq erməninin baxışı rastlaşdı. Bu iyrənc adam mənim öldürücü baxışıma tab gətirməyib əməliyyat otağını tərk etdi. Həmkarlarım məni təbrik etdilər".
   
   Gənc həkim Rostovda cərrahlıq kursunu bitirib Milyutinsk rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə müdir təyin edilir. Bir il sonra isə rayonun baş həkimi vəzifəsinə irəli çəkilir. Rayon və Rostov vilayət sovetinə deputat seçilir. Cərrah kimi gündə 4-5 əməliyyat aparır. Həmçinin başqa rayonlara da əməliyyat aparmaq üçün dəvət olunur.
   
   (ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV