adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

...İTDİYİ ÜÇÜN ETİBARSIZ SAYILIR

MƏZAHİR ƏHMƏDZADƏ
51976 | 2015-08-22 01:45
Çoxdan, bəlkə də 4-5 il olar bu məzmunda yazı qələmə almışdım. Bunu kiçik bir köşə də adlandırmaq olardı. Mən xoş günlərimlə bərabər acılı-ağrılı günlər də yaşamışam hamı kimi. Bir çox haqsızlara da düçar olmuşam. Bütün bunlar öz yerində, ancaq bəzi məsələlərə bir elə də baş qoşan deyildim. Çünki belə hallarda bir çoxları, hətta savadlı, istedadlı olsalar da belə özlərini həmişə haqlı sayar, nöqsanlarını, qəbahətlərini etraf etməzlər. Mənsə hər hansı zərbədən çox vaxt özümü də günahkar bildiyimdən boş verməyə çalışmışam.
Ancaq itkiyə, gözlənilməz itkiyə gizlində də olsa laqeyd qalmaq mümkündürmü?

***
...İndi yox, qabaqlar tez-tez rast gəlirdim bu cür elanlara. Pasport, sürücülük vəsiqəsi, digər vacib sənədlər və daha çox tələbə biletləri, zaçot kitabçaları itərdi. Bəlkə indi də itir, indi də bu cür elanlar olur, lap çox olur, sadəcə mən diqqət yetirmirəm.
Sən vətənə layiq vətəndaş, övlad olmaq istəyirsən, sən ailənə layiq ata, mərd bir kişi olmaq istəyirsən, sən kollektivinə layiq fədakar bir məmur olmaq istəyirsən, sən dostuna layiq əsl dost olmaq istəyirsən... Bütün bunların nəyi pisdir ki? Əlbəttə, hamısı vacib məsələlərdir. Bəlkə də bütün bunlara layiq olmağın özü ən böyük mənsəblərdən, ən böyük var-dövlətdən də qiymətlidir. Ancaq...
...İtki bütün mənalarda və həm də əlamət olaraq pis şeydir. Bu itki sənəd-filan olanda yenə elandan-zaddan verib təzəsini əldə edirsən. Başqa itkilərə, gözlənilməz itkilərə isə dözmək, onun yoxluğu ilə barışmaq çətin məsələdir, çox çətin bir işdir. Hər bir insanın ömür yolunda yaşanan məsələlərin bu yazıda xatırlanması indiyədək yazdığım ən kiçik köşəmin nüvəsinə keçid olduğunu da bildirməliyəm.
Həyatın müxtəlif dönəmlərində qazanılan rəğbətlər, sevgilər, hətta pərəstiş səviyyəsində münasibətlər sonda böyük dostluğun təntənəsini ortaya qoyur.
Normalda bu cür münasibətlər insanı ucaldır, xoşbəxt edir, çətinə düşəndə ümidləndirir, məqsədə, arzuya doğru ruhlandırır da. Bu gözəl hisslər, münasibətlər heç zaman birtərəfli doğrula, reallaşa bilməz. Hər kəs üzərinə düşən missiyanı layiqincə yerinə yetirməlidir. Vicdanla, namusla, təmənnasız sevgi və hörmətlə.
Son dövrlər çox yaxın və doğma bir adamdan uzaq düşməkdəyəm. Bütünləşmiş mənada bu həyatımda ikinci hadisədir. Bizi tanıyanlar, onun ucalmasında, həyatda rahat yola çıxmasında xidmətlərimi, əziyyətlərimi bilənlər hərdən də soruşurlar ki, nədən bir yerdə görünmürsünüz? Hər dəfə də söhbətin səmtini dəyişməyə çalışıram. Bəzən də həqiqəti deməmək üçün yalan danışmalı oluram. Əslində bu həqiqət çox sadədir. Həyatımdakı o adam çoxdan itib. Bəli, hardasa bir əşya kimi düşüb itib...

TƏQVİM / ARXİV