adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İstefa mədəniyyəti – Eminquey yazır…

EMİNQUEY AKİF
2301 | 2023-04-10 11:50

İstefa!

El arasında adətən bu söz yerinə bir-birinə mənaca zidd olan “işdən qovulmaq” və “işdən çıxmaq” kəlmələri istifadə olunur.

İstefa həm də əfv diləmək mənasını verir.

Qərb dillərində isə geri çəkilmək, imtina etmək kimi işlədilir.

İstefa və imtina böyük bir mədəniyyətdir.

Bu mənada, ən amansız istefaçılar yaponlardır. Yaponlar səhv edəndə kağız-qələmdən yapışıb iki sətirlik istefa məktubu yazmırlar. Onlarınkı qanlı və bıçaqlıdır. Yəni mədələrinə iti bıçağı soxub həyatlarına son qoyurlar.

Bunun adı şərəf intiharıdır, yəni harakiri.

Çanaqqala körpüsü tikilərkən hansısa naqilin səhv bağlanmasına görə bir yapon mühəndis özünü bu cür öldürmüşdü.

İstefa üzrə dünya turuna çıxsaq görərik ki, İsveçin Nəqliyyat Naziri Maria Borelius evində sığortasız dayə işlətdiyi üzə çıxanda gecikmədən istefa vermişdi.

Yaponiyanın baş naziri Yukio Hatoyamanın istefa verməsinin səbəbi partiya üzvlərindən birinin korrupsiya ilə məşğul olması olmuşdu.

Fransanın rabitə naziri Alen Karinyon dövlət əmlakını mənimsəməkdə ittiham olunan kimi istefa vermişdi.

Yaponiyanın Baş naziri Naoto Kan 2011-ci ildə 8,9 bal gücündə zəlzələdən sonra böhranın səmərəsiz idarə olunması ittihamı ilə üzləşəndə istefa vermişdi.

Bolqarıstanın baş naziri Boyko Borisov elektrik enerjisi haqqının artmasına etirazlar qarşısında kreslosunu tərk edənlərdən biridir.

Yaponiyanın Kənd Təsərrüfatı Naziri Seiiçi Ota bəzi məktəblərə səhvən kiflənmiş düyü göndərildiyi aşkarlananda tərəddüd etmədən istefa vermişdi.

Qatar qəzasında 50 nəfərin öldüyü zaman bundan özünü məsul görən Yunanıstanın nəqliyyat nazirinin istefası dünya mətbuatında manşet olmuşdu.

Xülasə, imtina etmək üçün isə təkcə fərdlər deyil, həm də bütöv cəmiyyətlərin mənəvi cəhətdən inqilab etməyi lazımdır. Nəinki ölümün hansısa kresloda gözləmək.

Hər şey bir yana, İsveçin maliyyə naziri Mona Sahlinin istefaya getməsinin səbəbini oxuyanda məni gic gülmək tutdu. Ay kişilər, ay zənən xeylaqları, Mona Sahli dövlətin xəzinəsindən oğurluq eləyib. Özü də nə üçün? Şokolad almaq üçün. Cəmi-cümü 4 yevro.

Və o buna görə istefa verib.

Allah ağıl versin bunlara. Çox pis nümunə olurlar dünyaya…

TƏQVİM / ARXİV