adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Haykanuşun evindəki "Azərbaycan qadını"

XURAMAN HÜSEYNZADƏ
20807 | 2014-08-02 05:06
Şuşada qoşa minarə ilə üzbəüz beşmərtəbə binada qalırdıq. Ev sahibəsi Haykanuş adlı yaşlı erməni qadın idi. Otaqlardan birinin bir küncünə üst-üstə çoxlu jurnallar yığmışdı. Hamısı bizim "Azərbaycan qadını" jurnalı idi. Jurnalın orta səhifəsində "Balalarınıza oxuyun" rubrikası altında uşaq şeirləri, nağılları, nəsihətamiz hekayələr verilirdi. Dərc olunan materiallara uyğun rəngli şəkillər çox xoşuma gəlirdi. Harda o jurnalı görsəydim, tez həmin rubrikaya baxırdım. Haykanuş qarı jurnalların həmin səhifələrinə maraqla baxdığımı görüb hamısını qoparıb verdi mənə. Jurnalları göz bəbəyi kimi qoruduğunu dedi. Yadımdadı ki, boş vaxtlarında və yatanda "Azərbaycan qadını"nı oxuyurdu...
Bu yaxınlarda kitablarımın arasından Haykanuşun evindəki "Azərbaycan qadını"nın bir vərəqini tapdım. Saralmış, köhnə vərəqdəki şeirlərin yuxarısında "Balalarınıza oxuyun" tövsiyəsi verilmişdi. O vaxt o şeirlərin mənasını anlamırdım təbii ki. Əzbərləyirdim, şəkilləri xoşuma gəlirdi. O vərəqi məhz "balalarımıza... oxumaq üçün" saxladım.
Saxladım ki, oxuyum və təxminən bu cür izah edim:
Əziz balalar, baxın gördüyünüz bu vərəqi mən Şuşadan gətirmişəm. O vaxt elə siz yaşda, sizdən bir az böyük olardım. Hansı Şuşa? O Şuşa ki, gözəl təbiəti, havası, suyu vardı və ermənilər oranı zorla əlimizdən aldı. Sizin kimi uşaqları ev-eşiyindən çıxardılar, evlərini yandırdılar. O uşaqlar ata-anasız, bacı-qardaşsız, nənə-babasız... qaldı. Çoxunu böyüməyə qoymadı ermənilər ... Hə, baxın, o Şuşadan.
Bu vərəqi mənə kim verdi? Haykanuş adlı yaşlı bir erməni qadın. O, bu vərəqlərin çap olunduğu jurnalları oxuyurdu. Deyirdi ki, maraqlı jurnaldı, nə istəsəm burda tapa bilirəm. Evində göz bəbəyi kimi qoruyurdu "Azərbaycan qadını"nı. Deyə bilmərəm, o vaxt o jurnalların çatışmayan cəhətləri və üstünlükləri nə idi. Amma deyə bilərəm ki, bir erməni öz millətinin yazdıqlarından yox, "Azərbaycan qadını"ndan öyrənirdi...
Baxın, əziz balalar, onlar bizimlə eyni şəhərlərdə yaşadılar. Havamızı, suyumuzu, çörəyimizi bölüşdük onlarla.
Sonra da...
Xatirələrimizlə baş-başa buraxdılar bizi.
O xatirələr ki...

Xuraman Hüseynzadə

TƏQVİM / ARXİV