adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HARDASAN, AY ABDULLA ÇATLI, GORUN ÇATLASIN… - Aqil ABBAS yazır

AQİL ABBAS
563 | 2022-11-15 09:12

İstanbulda İstiqlal küçəsində törədilmiş terror aktında 6 nəfər həlak olub, 80 nəfərə yaxın insan yaralanıb. Əvvəl-əvvəl terroru ermənilərin ASALA təşkilatı boynuna götürüb, hələ bir Bakını da hədələdi. Lakin Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verdi və bildirdi ki, terroru törədən şəxs tutulub və bu vəhşilikdə PKK-nın əli var. Özü də Suriyadan Yunanıstana – Afinaya keçib, Afinadan da İstanbula. Yəni onu da bildirdi ki, bu işdə kimin əli varsa cavablarını alacaqlar.

İndi gələk ASALA-ya. Qaraçı filan yerini tərifləyən kimi, ASALA da bu terrordan yararlanmaq istədi və özünə piar düzəltməyə çalışdı. ASALA terror təşkilatı rəhmətlik Abdulla Çatlı tərəfindən darmadağın edilmişdi. Və onun Parisdəki iqamətgahı da Çatlı tərəfindən partladılmışdı. Bununla da ASALA demək olar ki, məhv oldu. Bir az tör-töküntüləri qalıb onların da əksəriyyətini müzəffər ordumuz 44 günlük müharibədə itin qılçına soxdu.

ASALA-nı məhv edən Abdulla Çatlı Susurluq qəzasında müəmmalı şəkildə həlak oldu. O vaxt baş nazir olan Tansu Çillər Abbulla Çatlıya sahib çıxmışdı və demişdi: «Türkiyə üçün güllə atan da, güllə yeyən də Türkiyənin şərəfidir».

İndi Türkiyəyə yeni Abdulla Çatlı və abdullaçatlılar lazımdır. Və Polad Ələmdar kinoda yox, həyatda fəaliyyət göstərməlidir. Onda terrorun qarşısı alınacaq.

Mən bir yazıçıyam və bütün terrorları lənətləyirəm. Amma mənim dövlətimə, millətimə terror edənlərə də elə terrorla cavab verməyin tərəfdarıyam.

Əhməd bəy Ağayev də, Kərim bəy Mehmandarov da böyük ziyalılar idi, amma məcbur olub «Difai» təşkilatını yaratmışdılar.

Nə isə… Çox şey yazaram, amma bəsdi. Anlayanlar üçün bəsdi.

Tanrı Türkü qorusun!

Türk də Tanrını qorusun!

TƏQVİM / ARXİV