adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Gerçəkləşdirilən sevgi obrazı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
384 | 2022-11-18 12:09

Bu səhnəni qarşılaşdırdığım şeirlərdən yaratdım

 

İnsan xəyalla özünü hər yerə, hər kəsə daha tez çatdırır, daha tez qovuşur. Yəni xəyalın surəti,mənə elə gəlir ki, səsin də surətindən itidir. Ona görə də xəyalən   getdiyin, gəzdiyin, gördüyün hər yerdə, heç kəs adamı tək qoymur. Onu özü ilə götürüb gedir və yaxud da ona doğru gəlir. Bu mənada ruh adamlarının xəyalı məncə daha da surətlidi. Çünki onlar təkcə xəyal qurmurlar, həm də o xəyala nəfəs verirlər, ömürlərindən ömür qatırlar. Məhz bu səbəbdən də şairin, bəstəkarın, rəssamın, bir sözlə, ruhu, duyumu dipdiri olan hər kəsin xəyalı ayrı bir dünyadı, ayrı bir aləmdi...

Mənim üçün xəyalı dipdiri olan və sahibini, yəni onu yaşayanı, yaradanı tək qoymayan, istədiyi yerə, istədiyi məqamda çatdıran bir DOST var! Bu dostum həm SÖZ adamıdı, həm SƏS adamıdı, həm NOT adamıdı, həm də ÜRƏK adamıdı. Bu xüsusi vurğuladığım, söz, səs, not və ürək bir adamda elə bir-birinə hopub ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Heç təsəvvür etmək fikrim də yoxdu. Çünki onu Allah belə yaradıb və onu yaradan Allahın iradəsi ilə ona qoyulan ad da həmin o dediklərimi özündə ehtiva edib, özü də artıqlaması ilə...

Yəqin söhbətin kimdən getdiyini təxmin etdiniz. Ardını da mən deyim. Bugünkü «Bir şairin bir şeiri» layihəmdə Zəka ilə söhbət edəcəm. Zəka Vilayətoğlu ilə!

Dostumun son kitabı, yəni «50 ilin zəkası» masamın üstümdədi. Gözüyumulu səhifəni açıram və qəribədir ki, ürəyimdən keçən duyğuların ifadəsini mənə söz şəklində çatdıran şeirlə qarşılaşıram. Şeirin adı da «Gözəldir». Bunu mən demirəm, bunu həmin o ruh doğmam  Zəka Vilayətoğlu deyir, həm də yazır oxuyanlar üçün, bilmək istəyənlər üçün. Mən də qoşuluram ona və onun yazdığını özüm üçün içində dinləyən üçün pıçıldayıram:

Nə qədər göylərdə qanad çalsa da,

Sona gümüş gözlü göl də gözəldir.

Şahanə duruşlu, hürkək baxışlı,

Ceyran meşələrdə, çöldə gözəldir!

 

Təbii ki, bu, bir ruh adamının sözlə çəkdiyi tablodu, rəsm əsəridi və siz də mənə qoşulub tamaşa edirik, seyrinə dalırıq bu mənzərənin, bu tablonun. Baxdıqca da şairin rəssam fırçasına əl uzatdığının şahidinə çevrilirik. Görürük ki, o fırça eyni zamanda qələmin də işini görür, yəni həm yazır, həm də şəkli çəkir, gölün də, o göldəki sonanın da, meşənin də, ormanın da, ceyranın da, cüyürün də. Hələ üstəlik mən onun ifasını da eşidirəm. Onun mənə doğma səsi həmin misraları nəğmə kimi səsləndirir. Bax, onda mən də köhnə xatirələrin sifarişçisi olan xəyalımın ətəyindən tutub arxaya boylanıram. Necə deyərlər, bu xəyal da məni qanadlandırır və deyirəm ki:

 

hər səhər özümün nağıllarımla

təzə-tər günlərə qapı açıram.

günlər çiçəklərdi, mən isə arı –

çiçəkdən-çiçəyə doğru uçuram.

 

Yəqin ki, siz də mənim misralarımın ahəngində bir az kövrək notların, bir az nisgilli cizgilərin işartılarını gördünüz. Baxmayaraq ki, təzə günlərə, təzə və tər çiçəklərə tərəf boylanıram. Amma bütün hallarda mənim çəkdiyim arı zəhməti hələ ki, boylanmaqdan, içində qovrulmaqdan başqa bir şeyə dəstək olmur. Bu da qarşılığı olmayan duyğuların bir lövhəsidi, bir anıdı. Yaxşı ki, həmin o anın davamlı olmasını Zəka Vilayətoğlunun qələmi, səsi imkan vermir. O qələm, o səs gözəldi dediyi mənzərəni bir az da yaxından tanıdır mənə və oxuculara. Həmin tanıtım əslində həm də bitib-tükənməyən sevginin aurasını da sərgiləyir. Onda yalnız seyr etmək yox, həm də sevgini yaşamaq istəyi baş qaldırır içində. Çünki Zəka Vilayətoğlu belə yazıb:

 

İpək saçlarını daradıqca meh,

O qızın hüsnünə oluram valeh.

Gecənin gözündən damcılayan şeh,

Çiçəkdə gözəldir, güldə gözəldir!

 

Zənnimcə, hüsnünə vurulduğun, valeh olduğun, nəfəsinlə saçlarını daradığın o qızın gözəlliyini tamamlayan, həm də çiçəklərin üstündəki şeh. Bu şeh əslində gülün yanağındakı gözəlliyi bir az da artırmaqla yanaşı, həm də  şairin nəzərində qız yanağında donmuş busənin və yaxud da xalın oxşarıdı. Ona görə də onu bütöv şəkildə görmək yalnız böyük sevginin gücü daxilindədi. O sevgi də Zəka Vilayətoğlunun gecənin gözündən qopartdığı nurdan süzülüb gəlir. Kaş ki, hər kəs gecənin özündən, gözündən nur dərə biləydi. Bax, onda mənim də içimə hakim kəsilmiş həsrətin, ağrı-acının ömrümə çaldığı baltanın boş bir cəhd olduğuna inanarsınız. Axı hər kəsi, səni də, məni də, onu da, bütövlükdə hamını sevgiyə aparan ümidin özü də sevgidi. Ona görə də:

 

dilimdə nəğmələr, könlümdə həvəs

ömrün hər anına sənlə baxıram.

məni üfüqlərə aparan nəfəs,

mən sənin adınla yola çıxıram.

 

Həqiqətən məqsəd, məram, istək insanı kökləyir, onu elə bil ki, bütünlüklə, yəni ayaqdan başa qədər səfərə, döyüşə, mübarizəyə, dözümə hazırlayır. Bax onda çıxdığın yol da, onun çətinlikləri də, qarşılaşacağın hər bir çətinlik və surprizlər də səni dayandırmır, durdurmur. Çünki yol da müqəddəsdi, amal da, istək də. Bax elə Zəka Vilayətoğlu da etiraf edir ki, onun çıxdığı yol aşiq yoludu, eşqə susayıb. Deməli, bu yolda döndü! – yoxdu. Və yaxşı ki, bu döndü fikri heç Zəkanın da, mənim də ağlımın ucundan gəlib keçməyibdi. Nəticəsi isə gözəl bir şeirin yaranmasında, gözəl bir duyğunun şeirə çevrilməsində özünü təsdiqləyibdi. Yazı boyu bəndlərini təqdim etdiyim «Gözəldir» şeirində deyildiyi kimi:

 

Mən ki, bir aşiqəm, eşqə susayan,

Bu şirin şərbətdən çətin ki, doyam.

Zəka, sənin adın, o pıçıldayan,

Dodaq da gözəldir, dil də gözəldir!

 

Bu bənddən sonra nəsə deməyə, nəsə yozmağa, nəmə yazmağa zənnimcə çox da böyük ehtiyac yoxdur. Çünki sevdiyim, sənin adını dodağına yaraşdırıbsa, layiq bilibsə, bundan gözəl nə ola bilər ki?! Mən də elə o gözəlliyin bütün istiliyini, soyuqluğunu özümə təkcə hiss kimi, duyğu kimi yox, həm də həyatımın özü kimi hopduraraq az qala bütün səsimlə, bütün nəfəsimlə Sənə, eləcə də bütün dünyaya təbii ki, bütün dinləyib anlayanlara demək istəyirəm:

 

arzumun özüdü, sevgimin canı

sökülən dan yeri, üzümə boylan.

günəşdən əvvəl mən döydüm qapını –

dur, sarıl boynuma, mələyim, oyan!

 

Hə, bu bir gözəlliyin vəsfi yox, mənə görə həm də yaşam səhnəsi idi. Onu canlı şəkildə, obrazın özünün dilində və cismində sizə çatdırmağa çalışdım. Yəni bu şeir mənim zənnimcə oxucu qarşısında səhnələşdirilmiş bir yaşam oldu. Zəka Vilayətoğlu ilə hər birimiz öz obrazımızı, yəni ruhumuzdan, qəlbimizdən süzülüb şeirə çevrilən sevgini canlı şəkildə sizə göstərdik. Bu, alqış üçün yox, həm də yaşamaq üçün təqdim edilən sevgi səhnəsi idi. Gerçək obrazların timsalında...

TƏQVİM / ARXİV