adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

FƏSİLLƏRİN KƏSİŞƏN YOLUNDAKI OVQAT - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1243 | 2023-12-22 15:30

Yazını yazmağa  başlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik.Yəni günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöp  qoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də  səhərin gözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı korlaması  və bir də özünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası  oldu. Yəni vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür  bir az tələskənliyə yol verib. "Ol"un dərəcəsi kimlərinsə payına bir  az artıq düşüb və onlar da "ol"duqları zaman üçqat "ol"olublar, adamlıqları fontan vurub. ..Biz də onların "hava"sına dözə-dözə ömrümüzün müəyyən hissəsini bada  veririk... Nə isə...

Bəli, qış havası artıq  duyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaq arzusu nə qədər  ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədər də asan  olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdan yaya  qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılması  qeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar.Dədələr söyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında  yetişər".

İndi mənim istəyimə rəğmən gerçək olan  budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı, qar-borandı. Ondan  qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özü də bir gözəllikdi.Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini mənən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbə  tərəf gedən qarüstü ləpirlərə qədər ... hər şey insana bir paklıq aşılayıb  Və mən də  doğulduğum  bölgədə, xüsusilə öz kəndimizdə bunu  böyük zövqlə yaşamışam. Kənd evlərinin damından  göyə millənən tüstüdə ürək sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən  yol idi  . Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud  səriştəsiz adamlar qış səhərlərini yuxudan oyanıb isti yorğanın altından  qalxmağa heç həvəs göstərmirdilər. Amma hansı evdə ki ağsaqqal, ağbirçək varidi, təcrübəli qadınlar evi idarə edirdi, o evlərdə odun sobaları sönmürdü.Axşamdan sobaya qoyulmuş iri palıd kötükləri səhərə qədər  evin  temperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyac  olmurdu...

Mən bu xatirələrin şirinliyinə uyub biraz Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırda hərdən göz gəzdirirəm,burada da tək-tək evlərin damından tüstü çıxır. O tustu  mənim içimdə  közərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın   dözümə çağırışıdı. 

Bəli, bax elə bu ovqatın içində mən biranlıq silkələnib yuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəmki, bu qış günü ürəyimi isidən, içindəki ümid işartısını sönməyə qoymayan həmdə Sənsən! Deməli, Sən həm də mənim ruhumun Tanrısısan. Ona görə də Sənə  pıçıldayıram:

 

Dilim-dilim olsun dilim

Əzabdı hər ayım,ilim...

Yuxuda gördüm ki,gülüm -

Sən ruhumunTanrısısan!

 

Yanağıma yaş saldı  iz

Haqq önündə diz  çökdüm, diz!

Anlaya bilmədik ki,biz -

Sən RuhumunTanrısısan!

 

Kəsə də lap əyri  - düzü

Hər istəyin iki  üzü...

Sən olmaz hər qızın  yüzü -

Sən ruhumunTanrısısan!

 

Baxt özü o baxtdı,bilir

Vaxt həmin ovaxtdı, bilir!

Allah özü haqqdı,bilir -

Sən ruhumun Tanrısısan!..

 

***

İnsan həyatının bütün məqamları mənim  düşüncəmə görə, bir zəncir halqası kimi ovqatdan keçir. Yəni hər an fərqli  bir  ovqata  kökləndiyimizdən həyatımız rəngarəng olur. 

Deməli, bax, bu üzü soyuq torpaq qışda  bizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir. Mən bunu elə-belə,sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın öz missiyası var. Və insanın   iç dünyasındakı qatlar da elə torpağın qatları kimidi. Orda sevincin də,kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidlə  ümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üz  tuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kod da var. Gendən gələn meyllilik daha çox qabarır, daha çox öndə olur. O da öz  qabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə, özümüz də  bilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik. Bax, yazımın   önündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevinc paylayandan xoş  aura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Mən də yazımın sarı  simində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimi  indiki anda oxucu ixtiyarına buraxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlə  danışanda içimdəki bütün istəklərin işığı artır, ümidi şölələnir. Axı, biz budünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havadaqalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən

"get"də

israrlı

mən isə"qal!"da

odur ki,

bu israrlı təzadda

heç bir halda

çin olan deyil -

həyatda,

nə də ki,

xəyalda...

bu səbəbdən

mən də,

elə sən də

girinc qalacağıq

üstəlik

yuxusunu  qaçıracağıq

hələ də

cavabı bilinməyən

sualın da?!

***

Bəli, hər gün sual, hər gün nida və  digər durğu işarələri yaşamın göstəricinə  çevrilir  bizdən asılı olmadan. Biz bu  göstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu sən də bilirsən,mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaqistəyi sadəcə və sadəcə elə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütün  istəklərə... onların hamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axı   dünyada heç bir insanın bütün xəyalları, bütün arzuları çin olmayıbdı. .Bilirsiniz niyə? İstəkdən istək doğur axı! Bu gün barışdığın nəticə sabah yasəni qane etmir, ya narazı salır, ya da ondan bir pillə kimi istifadə edibikinci addımı atmağa çalışırsan. Və ...

Hə, bu söylədiklərim filosofluq deyil,hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğun olaraq sözgəlişi  dilə gətirdim. Axı indi fəsillərin bu  kəsişməyə gəlib  çatan  günündə, çöldə qış havası var. Bu hava da  adamı isti guşəyə səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəf   itələyir. Nə yazıq ki, belə anın özündə də ikinci bir soyuqluq hardansa təksəbrə çevrilir. Bax, bir az pafoslu, bir az da zarafat donlu bir şəkildə  söyləsəm, yetimi onda ağlamaq tutur. Və yaxud da dərd batmanla gəlir...

İndi bütün bu yazı boyu söylədiyim   fikirlərin qoyacağım nöqtəsinə yaxın bir yerdə dayanıb özümə kənardan baxmaq  istəyirəm. Baxıb nə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümü   kimsəyə demədən ürəyimin bir küncünə büküb atıram. Elə bir küncə ki, orda  olanlardan ancaq sən xəbərdarsan. Sənin bildiyini isə təbii ki, bir də Allah  bilir. Elə o dediyim sonuncu fikrin ipindən tutub bir şeir demək istəyirəm.Demək istəyirəm ki:

 

Mən üzülmü  şyarpağam

Çeşmədə nov  edərsən...

Suyu yaxşı süzməsəm-

Bir az söz-sov  edərsən!..

 

Təki gözün önündə

Kirpik ucunda  olum...

Yolun üstümdən  keçsə -

Yolunda bitsin   yolum...

 

Böyük istəklərim  yox,

Səni çətinə  salsın...

Bircə qəlbin  ağlımda -

Ağlım, qəlbində  qalsın!..

 

 

Bəli, bu payızla  qışın kəsişmə nöqtəsinin dəyişkən havasında ovqatınıza bir az  işıq  qarışıq  istilik  qatmağa çalışdım.  Deyirlərki, varını verən utanmaz. İndi özünüz də dünya görmüş insanlarsınız. Ən azından işığın sizə heç bir zərəri dəyməyəcəyinə mənim kimi siz də əminsiniz. Ona görədə bu havada və bütövlükdə ömrünüzdə ,eləcə də evinizdə , həyatinizda heç vaxt  işığınız sönməsin! - deyirəm.

 

TƏQVİM / ARXİV