Faiq QİSMƏTOĞLU: Hər şeyə bir qulp qoymayaq

FAİQ QİSMƏTOĞLU
418 | 2022-08-31 11:34

...Biz həmişə bir iş görəndə onun ədalətli, həqiqi və obyektiv tərəfini unudub, bizə sərf eləyən məqamlarını daha çox düşünürük. Yəni bir var ki, hər hansı bir nöqsanı, qüsuru düzəltmək üçün şərait yaradasan, kömək göstərəsən və bir də var o şəraitdən sui-istifadə edib şəxsi maraqlarını üstün tutasan. Bax, belə anda istər-istəməz haqq-ədalət ayaqlar altında qalır, cəmiyyət haqsızlığı görür və birmənalı olaraq həmin adamlardan narazı qalırlar. Amma gəlin insaf naminə deyək ki, haqqın və ədalətin yolunu tutan, insanlara kömək göstərən və nöqsanları aradan qaldırmaqda yardım edən qurumlar da var.

Nazirlər Kabinetinin məlum bir qərarı var. Həmin qərara əsasən qaz cihazlarında, hamam otağında və mətbəxdə bütün qazötürücü xətlər təhlükəsiz və möhkəm olmalıdı. Yəni həmin qurğulardan məzillərə qaz axını olmamalı və eyni zamanda digər qüsurlar baş verməməlidir. Məhz belə anlar olanda istər-istəməz həm sosial obyektlərdə, həm də yaşayış binalarında qazdan yaranan partlayışların baş verməsi qaçılmaz olur. Təsadüfi deyil ki, bir çox vəzifəli şəxslərin və mənzil sahiblərinin səhlənkarlığı üzündən belə faciələr də baş verir.

Artıq bu təhlükəsizliklə bağlı mövcud qanun və qərar qüvvəyə minib və həmin qərarın da icrası «Azəriqaz»a həvalə edilib. Heç kimə sirr deyil ki, neçə illərdir yaşayış binlarında bu yoxlamalar aparılmayıb və təbii ki, həm sosial obyektlərdə, həm də insanların yaşadığı həyətyani evlərdə və yüksək mərtəbəli mənzillərdə nöqsanlar mövcuddur. Belə ki, həmin nöqsanlar tüstü-bacaların yaxşı çəkməməsi, hamam otağında qızdırıcı cihazların standarta uyğun olmaması və qaz xətlərinin qüsurlu olması ilə bağlıdır. Təbii ki, bu mövcud nöqsanlar uzun müddət davam edərsə, hardasa böyük partlayışların yaranmasına gətirib çıxara bilər.

Noyabr ayına qədər Bakı şəhərində və digər yerlərdəki çoxmərtəbəli binalarda və həyətyani yaşayış sahələrində «Azəriqaz» əməkdaşları tərəfindən bu məsələlər öz həllini tapmalıdır. Yəni mövcud nöqsanlar aşkar edilməli, qüsurlar barəsində mənzil sahiblərinə məlumat verilməli və həmin nöqsanlar bir ay müddətində aradan qaldırılması tövsiyə olunmalıdı. Biz bunların hamısı ilə razıyıq. Amma onunla razı deyilik ki, iki ay müddətində Bakıdakı minlərlə yaşayış mənzillərində məlum qurum bu yoxlamaları necə başa çatdıracaq. Üstəlik də bəzi mütəxəssislər mövcud nöqsanlardan istifadə edərək mənzil sahiblərini get-gələ salacaq, incidəcək və hətta nəsə onlardan təmənna umacaqdır.

Çünki heç kimə sirr deyil ki, bütün qurumlarda öz işinin öhdəsindən gələ bilməyən və mövcud vəziyyətdən sui-istifadə edən kadrlar da var. Belə adamlar insanların çətin durumundan və bir çox halda savadsızlığından istifadə edərək onları incidir, get-gələ salır, kömək etmək, maarifləndirmək əvəzinə qanunun sərt üzünü tətbiq edərək yüksək məbləğdə cərimələr yazırlar. İndiki iqtisadi böhran və sıxıntılar içində hər hansı bir mənzilin sahibinə texniki nasazlığa görə yüksək məbləğdə cərimə yazmaq özü çox böyük ədalətsizlikdir.

Oğul odur ki, kasıb, imkansız və aztəminatlı ailələri başa düşsün, onları maarifləndirsin, kömək eləsin və çətin vəziyyətdən çıxarmağı bacarsın. Əgər bir təqaüdçü hamamda, yaxud mətbəxdə qaz qurğusunda yaranmış texniki nasazlığa görə cərimə edilirsə, bu, onun çörəyinin kəsilməsi, çıxılmaz vəziyyətə düşməsi və ən nəhayət böyük narazılığa gətirib çıxarılması deməkdir. Ona görə də məlum qurumun mütəxəssisləri həmin prosesləri yerinə yetirərkən insanlara və abonentlərə çox həssaslıqla yanaşmalı, onların əsəbi ilə oynamamalı və bu mərhələdə ədalətli mövqe tutmalıdılar.

«Azəriqaz» sistemində vətənini və millətini sevən ədalətli mütəxəssislər də kifayət qədərdir. Bəli, bizim bütün hallarda savadlı, obyektiv və vicdanlı mütəxəssislərə ehtiyacımız var və onlar da bu xalqın övladları, oğullarıdılar. İstənilən qurum da öz yerində olmayan və obyektiv mövqe tutmayan mütəxəssislər var. Amma gəlin onunla razılaşaq ki, vicdanlı və savadlı mütəxəssislər qat-qat onlardan çoxdur və nə yaxşı ki, belə insanlar az deyil.

Bilmirik, həmin proses nə vaxt başlayacaq, mənzillərdə qaz xətlərinin yoxlanılması nə vaxt icra ediləcək? Amma görünən odur ki, yaxın zamanlarda bu proseslərə start veriləcək. Ümumiyyətlə, əvvəllər də mənzillərdəki qaz xəttinin və cihazların təhlükəsizliyi ilə bağlı yoxlamalar olub. Həmin yoxlamalar zamanı da abonentlərə xəbərdarlıq edilib, çox az miqdarda mənzil sahibi inzibati qaydada cərimə olunub. Təbii ki, qanun hər şeydən üstündür. Amma qanunu icra edən də ondan üstün olmamalıdır.

İkincisi də, bu tədbirlərlə bağlı əhali arasında geniş maarifləndirmə işi aparılmalıdı. Çox təəssüf ki, bu işlər yetərincə aparılmayıb. Başqa sözlə desək, həmin tədbirlər keçirilərkən mütləq Mənzil İstismar Sahələrinin nümayəndələri,  Mənzil Tikinti Kooperativin sədrləri də iştirak eləməlidilər. Çünki bu gün mənzillərdə oğurluq edən dəstələr və adamlar bu tədbirlərdən öz çirkin məqsədləri üçün yararlana bilərlər. Yəni ən azından gəlib deyə bilərlər ki, biz filan idarədən gəlmişik, mənzildə qaz xəttini yoxlayırıq. Ev sahibi də qapını açar və oğrular içəri girər. Sonra nələr baş verər, onu bir Allah bilər.

Sözümüzün canı ondan ibarətdir ki, hər hansı bir işi görəndə ona qulp qoymaq lazım deyil. Və mövcud vəziyyətdən də sui-istifadə edilməməlidir. Yəni iş elə görülməlidir ki, bundan nə ev sahibləri, nə də digər insanlar əsəbləşməməli, həyata keçirilən tədbirlərin onların xeyrinə olması öz təsdiqi tapmalıdır. Başqa sözlə demiş olsaq, hər bir mənzil sahibi, hər bir abonent hiss etməlidir ki, bu tədbir onların həyatını təhlükədən xilas etməyə yönəldilib. Bax, belə olanda və kimsə bir işə qulp qoymur, nə işi icra edən, nə də mənzil sahibləri əsəbləşmirlər. Deməli, hər şeyi həyata keçirmək çox sadədir. Bu sadəlik də ondan ibarətdir ki, qanunun aliliyi təmin olunur, bundan hər iki tərəf razı qalır.

TƏQVİM / ARXİV