adalet.az header logo
  • Bakı 21°C

Faiq QİSMƏTOĞLU: Ekspert

FAİQ QİSMƏTOĞLU
492 | 2022-09-26 12:08

...Dünyanın qarışıq vaxtında hər hansı məsələyə aydınlıq və açıqlama gətirmək üçün bir mütəxəssisə, biliciyə, daha doğrusu, kamil sənət sahibinə ehtiyac duyulur. O ehtiyac ki, həmin mütəxəssislər öz işini çox gözəl bilir və hər hansı məsələ barəsində danışanda da fikrini dolğun və səmimi bir dillə tamaşaçıya çatdırır. Əgər tamaşaçı onu başa düşürsə, deməli, həmin adam sözün həqiqi mənasında ekspert sayılar bilər. Ekspert də o deməkdir ki, mütəxəssis olaraq çox savadlıdır, məntiqi təfəkkürü güclüdür və eyni zamanda hər hansı hadisəyə obyektiv qiymət verməyi bacarır.

Bunlar hamısı çox gözəl! Son vaxtlar televiziya ekranlarında, hətta xırda məsələ ilə bağlı bir problem olanda o dəqiqə görürsən ki, kimsə danışır, danışanda da məlum olur ki, guya həmin adam ekspertdir. Amma bir balaca dinləyirsən, qulaq asırsan, görürsən yox, həmin insanın bu işdən, bu sənətdən çox cüzi məlumatı var və başqa sözlə demiş olsaq, həmin sahədə bir o qədər də bilgiyə malik deyil. İstər siyasi, istər iqtisadi, istər mədəni və istərsə də hərbi sahələrdə kifayət qədər güclü mütəxəssislər var və onlar cəmiyyət tərəfindən hörmətlə qəbul olunur. Ancaq o adamlar qəbul olunmur ki, onların danışığından Məşədi İbadın sözü olmasın, mən bir şey anlamıram, bəs onda görün sadə və avam camaat həmin mütəxəssislərin söhbətindən nə anlayacaqlar.

Gəlin etiraf edək ki, bu gün bizlərdə Sovet dövründə olduğu kimi, güclü siyasi icmalçılar, şərhçilər, lap onların dili ilə demiş olsaq, politoloqlar yoxdur. Bizim bəzi politoloqlar danışanda adamın yuxusu gəlir və əti tökülür. Məsələn, mənim qonşum usta Tahir maşın sənətkarıdı, amma vallah, siyasəti bəzi politoloqlardan daha gözəl bilir və şirin də  izah edir. Tahir fəhlə adamdı ha! Amma buna baxmayaraq, Azərbaycan tarixini, dünya siyasətini və eləcə də ölkəmizdə gedən siyasi prosesləri gündə televiziya kanallarında şərh edən bir çox politoloqlardan daha yaxşı izah edir. İnanmırsınız, istənilən vaxt həmin adamla sizin görüşünüzü təşkil edə bilərəm?! Bax, onda mənim düzgün, ya qeyri düzgün danışdığımı dəqiq bilərsiniz.

Sovet dönəmində Azərbaycanda çox savadlı və siyasi cəhətdən bilikli, siyasi icmalçılar var idi. Onların bir-ikisinin adını xatırladacam, yadınıza düşəcək: Şirməmməd Hüseynov, Murtuz Ələsgərov, Seyfəddin Qəndilov və başqaları. Onlar televiziyada hər hansı siyasi mənzərəni şərh edəndə o qədər gözəl, o qədər məntiqli və şirin danışırdılar ki, həmin söhbətdən doymaq olmurdu. İndi biz bax, bu cür siyasi icmalçılara, şərhçilərə çox böyük ehtiyac duyuruq. Bu gün də siyasi icmalçılar və şərhçilər var. Amma bir-iki nəfər ola, ya olmaya. Qalanları danışanda istər-istəməz kanalı çevirirsən, yəni görürsən ki, həmin politoloq, siyasi icmalçı sən bildiyindən artıq heç bir şey deyə bilmir. Bayağı, dayaz söhbətlər edir, həm özünü, həm də tamaşaçıları yorur.

Hər gün televiziyalarda çıxış edən bir-iki politoloq var. Onların isə  Allaha and olsun söhbətinə qulaq asmaq belə olmur. Ən azından ona görə ki, onları hamının bildiyini danışır, üstəlik də fikirlərini elə izah edir ki, tamaşaçı onun dediklərini incəliyinə qədər anlaya bilmir. Bəlkə də həmin politoloqlar öz danışdıqlarından razı qalırlar. Amma cəmiyyət içinə çıxsalar, görərlər ki, onların söhbətləri və şərhləri o qədər də maraqlı deyil.

İndi təhsil üzrə, səhiyyə üzrə, mədəniyyət üzrə və hətta nəqliyyat üzrə o qədər ekspertlər var. Bir-ikisi istisna olmaqla, qalanları bizim fikrimizcə, bu günün tələblərinə cavab vermirlər. Xüsusən də özəl televiziya kanalları müğənnilər kimi bu cür ekspertlər də axtarıb tapır və onların primitiv fikirlərini tamaşaçıya çatdırır. Tamaşaçı da bir dəfə, iki dəfə həmin adamların çıxışına qulaq asır, axırda da yorulur, növbəti dəfə həmin ekspertlərin şərhlərinə qulaq asmaq istəmirlər.

Hələ bu azmış kimi, psixoloqlar, parapsixoloqlar peyda olub. Guya bunlar da ekspertdir. Çıxırlar efirə, ağzına gələni danışırlar. Belə olan halda sadəcə olaraq həmin mütəxəssislər müxtəlif televiziya kanallarında reklam olunur və onları camaata ekspert kimi sırıyırlar. Hətta sosioloqlar da peyda olub və onlar da bir ekspert olaraq tamaşaçılara məsləhət verir, çıxış yolu göstərir və eyni zamanda özlərini reklam edirlər.

Əvvəllər mən qəzetdə işləyən zəif bir jurnalist tanıyırdım. İndi sosioloq kimi efirlərə dəvət olunur, müxtəlif fikirlər səsləndirir və onu ekspert kimi tamaşaçılara təqdim edirlər. O adam nə vaxt sosioloq oldu, bax, onu bilmirəm?! Bildiyim odur ki, savadlı, istedadlı və təcrübəli mütəxəssislər qalır qıraqda, onları efirlərə dəvət eləmirlər. Bax, bu cür adamlar televiziya kanallarına çıxarılır və ekspert kimi fikirlər səsləndirirlər.

Çox yaxşı mütəxəssislər, siyasi icmalçılar və savadlı alimlərimiz var. Məsələn, biri elə 40 ildən çox televiziya kanalında işləmiş filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli! Danışanda ağzından dür tökülür və şirin söhbətindən doymaq olmur. Qulu müəllim televiziya işçisidir də. Elə onu dəvət edin, qoy o da bu millətlə, bu xalqla öz dilində danışsın və bu da tamaşaçılara ləzzət eləsin!

Nə isə... Bu ekspert məsələsi elə bir qəliz işdir ki, bundan hər adam baş çıxara bilməz. Mən də ürəyimdən keçənləri qələmə aldım ki, qoy ekspertlər olsun, amma əsl mütəxəssilər, savadlı, səviyyəli və dünyagörüşlü ziyalılar hər hansı məsələ ilə bağlı fikir bildirsinlər. Çünki onların bildirəcəkləri fikir həm elm cəhətdən əsaslı, həm də sadə dildə demiş olsaq, hamının başa düşəcəyi bir formada olacaq. Bax, bizə  hamının başa düşəcəyi dildə danışan və bilgi verən ekspertlər lazımdır. Yoxsa ayrı-ayrı televiziya kanallarının düzəltdiyi ekspertlər yox!..

TƏQVİM / ARXİV