adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Allahdan sonra müəllimdi

FAİQ QİSMƏTOĞLU
1618 | 2022-10-05 10:59

...Müəllim gün işığıdı və min illərdi bu gün işığı insanları qaranlıqdan aydınlığa çıxarır. Və özümüz bilmədən də bizə dərs demiş müəllimlərin  diqqəti və qayğısı nəticəsində gəlib bu mərtəbəyə çatmışıq. Bildiyimiz odur ki, prezidentdən tutmuş nazirə qədər hamı müəllimə borcludur. Ən azından ona görə ki, Azərbaycan müəllimləri saçını-saqqalını öz şagirdlərinin yolunda ağardırlar. Ömürlərini şam kimi yandıraraq bizim ömrümüzü, həyatımızı işıqlandırırlar.

Mən müəllim qədər müqəddəs peşə sahibi tanımıram. Düzdür, son vaxtlar cəmiyyətdə müəllimə münasibət bir o qədər də yaxşı deyil. Bu da obyektiv və subyektiv səbəblərlə bağlıdır. Amma görünən odur ki, hər elin, hər obanın çox yaxşı, dəyərli müəllimləri, ziyalıları olub və var. Və bu ziyalılar həmişə insanların yaddaşında qalıb. Bir gün də olsun unudulmayıb. Çünki o müəllimlər böyük pedaqoq idi, ziyalı idi və ən nəhayət, insan idi! Həyatlarını və ömürlərini şagirdlərinə həsr eləyərdilər və bu gün də ömürlərini bayaq dediyimiz kimi şagirdlərinə həsr eləyən müəllimlər çoxdur.

Mənim həm orta məktəbdə, həm də ali məktəbdə unudulmayan, yaddan çıxmayan və həmişəlik ürəyimə, yaddaşıma həkk edilən müəllimlərim olub. Hamısının adını yazsam, çox uzun bir siyahı alınar. Amma orta məktəbdə mənə dərs demiş iki müəllimin adını xatırlamasam, ürəyim partlayar. Onlar hər ikisi mənim ibtidai sinif müəllimim olub. Birinci sinifdən üçüncü sinifə qədər Rza müəllim dərs deyib, hərfləri, yazıb-oxumağı bizə öyrədib. Dördüncü sinifdə isə ilk dəfə müəllimliyə başlayan Həqiqət xanım bizə elmin və həyatın yollarını öyrədib və bu gün nə qazanmışıqsa, biz həmin müəllimlərə və ziyalılara borcluyuq. O borcu isə heç vaxt qaytara bilməmişik və qaytara da bilmirik...

Bu gün bəzi məktəb direktorlarına və müəllimlərə görə böyük müəllim ordusuna pis gözlə baxmaq lazım deyil. Düzdü, bəzi məktəb direktorları məktəbdə təhsildən çox pul qazanmağa, kimdənsə nəsə almağa meyillidir. Amma belələri ən yaxşı halda yüz nəfər ola, ya olmaya. Axı müəllim ordusu yüz minlərlədir. O yüz minlərlə müəllimlər çox namusla, şərəflə və vicdanla işləyirlər. Bəzən uzun illər onlar cüzi bir əmək haqqı ilə yaşayırdılar. Amma yenə sevdikləri və seçdikləri müqəddəs müəllim peşəsindən uzaqlaşmayıblar. Çünki onlar təpədən-dırnağa qədər ziyalı, işıq və nurdular.

Bəzən kimsə müəllim günündə hansısa müəllimə bir hədiyyə verir. Bunu döndərib ediblər fil boyda. Bir milyon rüşvət alanı qınamırlar, amma bu əziz gündə müəllimə balaca bir hədiyyə verəni və müəllimi cəmiyyət topa tutur. O qədər danışırlar, danışırlar, axırda adam da bezir. Biz də orta məktəbdə olanda ən yaxşı halda müəllimə ürək sözlərimizi yazıb bir «otkrıtka» verərdik. Heç müəllim də ona baxmazdı. Amma bu, bir diqqət idi. Onları yada salırdıq. Təmiz və vicdanlı müəllimləri qorumaq, sevmək və hörmət eləmək lazımdır. Çünki o müəllimlər uzun illərdir bu adı şərəflə, namusla yaşadılar. Aqil Abbasın çox gözəl bir deyimi var: «Cüzi məvaciblə uşaqlarımıza və nəvələrimizə dərs deyən müəllimlər Milli Qəhrəmandılar».

Bəli, bu həqiqətən də belədir. Bax, müəllim günündə bu adı uca tutan, şərəflə, namusla işləyən bütün Azərbaycan müəllimlərini bir daha təbrik edirik. Çünki onlar sözün həqiqi mənasında bir şama bənzəyirlər və şam kimi ömürlərini şagirdlərin yolunda əridirlər. Lap yadımdan çıxmışdı. Yaxın dostum 50 ilə yaxın pedaqoji sahədə işləyən və 32 il məktəb direktoru olan Səməndər Məmmədovu, eləcə də Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam orta məktəbində ingilis dili müəlliməsi işləyən qızım Telli İsmayılzadəni də bu əziz gündə təbrik edirəm. Hər bir Azərbaycan müəlliminə can sağlığı və uzun ömür arzulayıram. Qoy onlar hamısı sevdiyi və seçdiyi peşəni həmişə uca tutsunlar və müəllim adını şərəflə qorusunlar!...

TƏQVİM / ARXİV