adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əməkdar artist: “Elə insanlar var ki, həqiqətən  öz yerlərində  deyillər” - MÜSAHİBƏ

1224 | 2024-04-18 13:02

90-cı illərin gəncləri onu  “Yad qızı”nın “Haldun”u  kimi tanıyırlar. Son 10 ilin gəncləri isə onu “Stalinin başı” komediyası ilə sevirlər. Müsahibim əməkdar artist  Kazım Həsənquliyevlə  aktyorluq sənətinin məsuliyyətindən, teatrda baş verənlərdən və bu sənətin çətinliyindən danışdıq.

- 90-cı illərin məşhur televiziya tamaşası “Yad qızı”nda yaddaqalan obraz yaratdınız və kifayət qədər də sevildiniz. Ondan sonra nədənsə tamaşaçılarınız sizi ekranda görmədi. Buna səbə nə idi?

-Biz sizinlə söhbətimizi ardıcıllıqla başlasaq daha məqsədəuyğun olar.  Sözü gedən məşhur tamaşa televiya tamaşası idi. Mən Haldunu ifa etməzdən əvvəl tələbəlik illərim var idi. Bu illərdə mən hələ ali məktəbin 1-ci kurs tələbəsi idim. Bu tamaşanı mərhum rejissor Lütfi Məmmədbəyov çəkmişdi. Elə o vaxtdan Lüfi müəllim mənə demişdi ki, bir tele-tamaşada sənə rol verəcəm. Qismət belə gətirdi ki, mən Haldunu oynamalı oldum. Bu tamaşa çəkiləndən sonra  mən ali məktəbin 3-cü kurs tələbəsi olanda  quruluşçu rejissor  xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda “Mənim ağ şəhərim” adlı bədii filmdə  baş rolu ifa etdim. Həmin il Azərbaycanda ilk teleserial olan  “İtgin gəlin” seiralında rol aldım. Bundan sonra isə yenə də M.Fərzəlibəyovun quruluşunda “Qaçaq Süleyman” filmində rol adım.Bilirsiniz, mən  heç kəsi qınamıram. Düşünürəm ki, yəqin günah mənim özümdədir ki, həmin ərəfələrdə rejissorlar üçün maraqlı olmamışam. Yəqin ki, bu belədir.

-Bu, rejissorların günahı idi, yoxsa sizin sənətinizə birbalaca arxayınlığınız idi?

- Xeyr, xeyr. Sənətə arxayın oldunsa, onda gərək  gedəsən. Mən hal-hazırda sizinlə müsahibədən sonra  məşqə gedəcəm. Mənim üçün teatr hər şeydən vacibdir. Teatrda işləyən adam hər gün fəal olur. Ancaq kinoda isə bu belə deyil. Onu da qeyd edim ki,  teatrdakı aktyorlar rahatlıqla serialda və ya filmdə yaxşı rol ifa edə bilirlər. Çünki artıq bu aktyorlar səhnənin  hər tərəfini canlı rolla müşahidə edə biliblər. Yəni tamaşaçıya canlı obrazlar nümayiş etdiriblər. Bu, aktyor üçün çox vacib məqamlardan biridir. 

Sizin dediyiniz o arxayınlıq söhbəti heç zaman ola bilməz. Kim özündə arxayınlıq yaradıbsa, elə bil onun sonu gəlib çatıb.  

Məndə isə arxayınlıq deyildi. Sadəcə rejissorlar məni görmürdülər. Yeni nəsil gələn rejissorların aktyor seçimi, baxış prizması fərqli idi. Yəni indiki dövrdə isə heç bir rejissoru məcbur etmək olmaz ki, mütləq məni filmə çək. Bu mümkün deyil.

-Ümumiyyətlə, elə rol olubmu  gözləmisiniz ki, rejissor o rolu sizə həvale etsin. Ancaq həmin  rol başqa aktyor yoldaşınıza verilib.

- Ümumən, hər bir aktyorun içində bir istədiyi obraz var. Hətta deyərdim ki, obraz yox, obrazlar var. Ancaq mən yalnız o obrazı oynamaq arzusunda ola bilərəm. Əgər rejissor o obrazı mənə həvale etmirsə, mən deyə bilmərəm ki, həmin obrazı mənə ver.

Amma bütün bunlardan əlavə mən həmin rolun adını çəkə bilmərəm. Çünki o rolun adını çəkməklə mən müəyyən dostluq sərhədlərin pozmuş ola bilərəm. Bunu lazımsız bilirəm. Axı bunun nə mənası var ki?

-Akyor üçün istedad kifayət edir, yoxsa o, daim çalışmalıdır?

-  Xeyr, qətiyyən istedad kifayə etmir. İstedaddan əlavə illərin zəhməti gərəkdir.  Aktyor zəhmətsiz  ucala bilməz. İstedadı mütləq yönləndirmək lazımdır.

- Səhnəyə yeni addımlarda maneələri hiss edirdiniz?

-Məni indi də o maneələri hiss edirəm.  Mən ömrümün 24 ilini teatr səhnəsinə həsr etmişəm. Bütün insani dəyərləri və münasibətləri yaşından aslı olmayaraq bütün həmkarlarla qorumaq lazımdır.

-Bəs sizin özünüz necə, gənc aktyorlara dəstək olursunuzmu?

- Yaşından aslı olmayaraq hər bir aktyor bu teatrın işçisidir. O ki qaldı gənclərə, sizə deyim ki, onlar bu teatra qəbul edirlərsə demək ki, onlar artıq həyatı dərk edən gənclərdir və artıq onların uşaqlıq çağı arxada qalıb. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çalışan hər bir gənc aktyor  öz çalışdığı  teatrın məsuliyyətini bütövlüklə dərk etməlidir. Təbii ki, məlum məsələdir ki, gənclər hələ indən belə səhnədə yetişəcəklər və bu sənəti daha dərin öyrənəcəklər. Dediyim ki, axı istedadla bərabər zəhmət də gərəkdir.

- Nəyə görə məhz teatr…?

-Hə, maraqlı sualdır. Bu, artıq ayrı bir mövzudur. Mən yenə də biraz əvvəl danışdığımız mövzuya qayıtmaq istəyirəm. Teatr aktyoru filmə çəkiləndə rejissordan əvalə onun çəkiliş meydançasında obraza tam fərqli bir yanaşması olur. Dediyim kimi, axı teatr canlı səhnədir. Yüzlərlə tamaşaçı səni izləyir və sən də canlı səhnədə  bir obrazı yaradırsan və orda özünəməxsus jestlərin də mütləq ki, yer alır. Ancaq kino aktyoru heç vaxt teatrda bunu edə bilməz. Teatr akyoru hər gün səhnədədir. Hər gün canlı səhnədə olan aktyorun potensialını təsəvvür edirsinizmi?Teatr akyoru filmə çəkiləndə yalnız və yalnız rejissordan “motor” sözünü eşitməyə tələsir ki, bütün istedadını mükəmməlcəsinə  filmdə nümayiş etdirsin.

- Etiraf edək ki, aktyorların çoxuna yüksək dəyər verilmir.  Bu, yəqin ki aktyorun ruhdan düşməyinə səbəb olur…

-Hər kəsin  öz vəzifəsinə aid daşıdığı bir yük var. Çox zaman istedadlı aktyorlara bu mənəvi sənət yükünü daşımasına  şərait yaratmırlar.  Elə insanlar var ki, həqiqətən  öz yerlərində  deyillər. Çünki hər kəsə öz görəcəyi işi tapşırmırlar. Bu isə uğursuz nəticələrə səbəb olur. Bu kimi addımlar da istedadlılara mane olur. Bu, birmənalı şəkildə belədir.

- Aktyorlar arasında “mütləq bu rolu mən oynamalıyam” prinsipi olurmu?

- Biz bunu əvvəldə qeyd etdik ki, aktyoru rejissor seçir. Ancaq normal düşüncəyə malik aktyor qətiyyən belə bir prinsipə düşmür. Çünki bu əsassız prinsip yalnız həmin aktyorun özünü dəyərdən sala bilər. Normal aktyor bunu mübahisəyə gətirib çıxarmaz. Bu aktyora yaraşan söz deyil.  O ki qaldı intriqaya, teatra aid olmayan və teatrdan kənarda elbəttə ki, çox intriqa baş verir. Bunlar isə yalnız şəxsi münasibətlərdir.  Təbii ki, aktyor da insandır, onun da özünə görə əqidəsi və həyat prinsipi var. Buna görə aktyoru günahlandırmaq və qınamaq özü bir günahdır. Teatrdakı intriqalar isə çox kiçik intriqalardır.  

- Teatrdakı bu kiçik intriqalara görə küsmək olarmı?

- Bilirsiniz, bu hadisələr səhnədə baş versə də insan qəlbidir, təbii ki, bizə adi gələn bir söz kiməsə xoş gəlməz. Axı insan xarakterləri də müxtəlifdir. Hələ düşünəndəki həmin adam yaradıcı insandır…

- Bəs sizdə necə olub belə hallar?

-Hamımızın həyatında baş verə bilər. Ancaq qısa zaman kəsiyində məsələ aydınlaşıb və hər şey öz həllini tapıb.

- Məsələ öz həllini tapmasında ilk addım sizdən gəlib, yoxsa qarşı tərəfdən?

- Bilirsiniz, o artıq mənim düşdüyüm vəziyyətdən aslıdır. Ancaq mübahisənin qaynağı məndən gəlibsə, addım atmaqdan çəkinməmişəm. Ancaq qarşı tərəf düz hərəkət etməyibsə, təbii ki, qarşı tərəfin  addımın gözləyirəm.

- Ümumiyyətlə həyatda kinli insansınız?

- (Çox fikirləşir)… Heç özüm də bilmirəm.

-Təsəvvür edin ki, səhnədə rol oynayırsınız . İllərlə görmədiyiniz insan tamaşaçı qismində zalda əyləşib və birdən gözünüz ona sataşır. Bu vəziyyət səhnədəki əhvalınıza təsir edərmi?

- Yox, qətiyyən! Nə üçün təsir etməlidir ki? Mən səhnədə olarkən tamaşaçıya diqqətlə baxmıram ki, kimisə dəqiqliklə tanıyım. Bunlar hamısı romantikadır. Belə romantik vəziyyət isə yalnız səhnədə olur, vəssalam. Real həyatda belə bir şey yoxdur! Real həyatda ramantika ilə yaşamaq olmaz! İndiki dövürdə axı nə romantika olsun ki? İndi romantika üçün şərait yoxdur. Ola bilsin ki, bu sözlərimlə kimsə razılaşmasın. Həmin razılaşmayan insan gəlsin yanıma  onunla real həyat hadisələrindən söhbət edək, mən ona bu sözlərimi sübut edim.


Əntiqə Kərimzadə
 

TƏQVİM / ARXİV