adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Elmin yollarında ağaran saçlar… - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1293 | 2023-01-12 12:27

Yanvarın 16-sı Bakı Dövlət Universitetinin kafedra müdiri, professor, sabiq millət vəkili Şamil Qurbanovun Allahın dərgahına qovuşduğu gündür

 

…Biz müəllimlərimizi həmişə çox istəmişik. Ən azından ona görə ki, onlar bizə doğmalarımız qədər əziz olublar… Onlar bizə öz övladları, balaları kimi baxırdılar… Onlar bizə həmişə arxa durublar, kömək olublar, çətin və ağır günümüzdə «qorxma» deyiblər. Belə müəllimləri unutmaqmı olar?! Müəllim adı çox müqəddəsdir. Böyük Zəlimxan Yaqub yazır ki, müəllim Peyğəmbərdir, məktəb Məkkədir. İndi siz təsəvvür edin,görün Peyğəmbər kimi müəllimlər bizə necə dərs deyiblər, düz yol göstəriblər və ən nəhayət, tərbiyə verərək adam eləyiblər…

Bakı Dövlət Universitetinin ləyaqətli, şərəfli, böyük müəllimlərindən, böyük ziyalılarından və böyük şəxsiyyətlərindən biri də, kafedra müdiri, filologiya elmləri doktoru, professor Şamil Qurbanov olub. O Şamil Qurbanov ki, bu gün də onun rus ədəbiyyatı ilə bağlı, daha doğrusu, böyük rus yazıçıları ilə bağlı bizə oxuduğu mühazirələr hələ də qulağımızda səslənir. Onun qeyri-adi danışığı, bal kimi şirin sözləri və eləcə də xırda addımlarla danışa-danışa hər hansı rus yazıçısının yaradıcılığını təhlil etməsi bu gün də yadımızdan çıxmır. Yadımızdan çıxmayan həm də böyük müəllimin, böyük ziyalının vətənpərvərliyi, millətini və xalqını sonsuz məhəbbətlə sevməsidir. Böyük alim olmaq olar, böyük şəxsiyyət də olmaq mümkündür, amma vətənpərvər olmaq, xalqını və millətini sevmək, onun yolunda şam kimi ərimək və xalqın, millətin yolunda işıq, nur saçmaq hər ziyalıya qismət olmur. Dediyimiz bu dəyərlərin hamısı Şamil Qurbanovda var idi. Çünki Şamil müəllim təpədən-dırnağa bu xalqın, bu millətin dərdini çəkən, müxtəlif təzyiqlərə və təqiblərə məruz qalan böyük ziyalıların yaradıcılığına işıq salan bir günəşə bənzəyirdi. Bəlkə də o günəşin işığı onun doğmalarından çox Azərbaycan xalqının və repressiya dövründə təzyiqlərə və təsirlərə məruz qalmış böyük şəxsiyyətlərin üzərinə düşürdü.

Düşünürük ki, Şamil müəllimin tərcümeyi-halını oxuculara təqdim edək. Onsuz da onu hamı tanıyır. Amma bu, dünyasını dəyişən gündə bu anları xatırlamaq həm də bir savabdır: «Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü ilin mayın 10-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, orta məktəbi bitirəndən sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alıb. Şamil Qurbanov əmək fəaliyyətinə «Azərbaycan məktəbi» jurnalı redaksiyasında ədəbi işçi kimi başlayıb. Bir müddət Universitetin jurnalistika fakültəsində baş laborant işləyib, sonra aspiranturaya daxil olub və 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi, alimlik dərəcəsi alıb. O, 1965-1968-ci illərdə «Bakı» qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri işləyib. Şamil Qurbanov 1968-ci ildən etibarən əmək fəaliyyətinə pedaqoji işlə başlayaraq universitetin müəllimi və dosenti kimi çalışıb. O, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1980-ci ildə isə professor, elmi adını alıb. Şamil Qurbanov 1981-1991-ci illərdə universitetin filologifa fakültəsinin qiyabi və axşam şöbələrinin dekanı olub. 1989-cu ildən ömrünün sonuna qədər Şərqi slavyan və türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. O, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub».

Böyük ziyalının başqalarından fərqləndirən əsas xüsusiyyətlərdən biri o idi ki, müəllim adını hər şeydən üstün tuturdu. Ona dəfələrlə yüksək vəzifə də təklif edilmişdi. Amma Şamil Qurbanov müəllimlikdən o yüksək vəzifəyə getməmişdi və demişdi ki, mənim üçün dünyada bu peşədən uca heç bir şey yoxdur. Əlbəttə, müəllim adını, müəllim şərəfini həmişə qoruyan, bu ada hörmət, ləyaqət gətirən Şamil müəllim başqa yol tuta da bilməzdi. Çünki Şamil Qurbanov bir gün auditoriyaya girməsəydi, bir gün mühazirə oxumasaydı, bir gün tələbələrlə ünsiyyətdə olmasaydı, sanki onun havası, suyu, çörəyi çatışmırdı. Elə tələbələr də bu xüsusiyyətinə görə Şamil müəllimi çox istəyirdi. Bizə dərs deyəndə və mühazirə oxuyanda o hər bir tələbəyə xüsusi diqqətlə yanaşır, onların çətinliklərini öyrənir, kasıb və imkansız ailədən çıxan uşaqlara xüsusi qayğı göstərərdi. Çünki onun özü də zəhmətkeş bir ailədə böyümüş, çətinliklər görmüş və sıxıntılar yaşamışdı. Ona görə də Şamil müəllim keçmişini heç vaxt unutmur, tələbələrinin həmin sıxıntıları yaşamaması üçün əlindən gələni əsirgəmirdi.

Bir faktı da qeyd edək ki, Şamil Qurbanov çox çətin mövzulara müraciət edib. Dahi Azərbaycan yazıçıları, şəxsiyyətləri və mütəfəkkirləri ilə bağlı arxivlərdə araşdırmalar aparır, sənədlər toplayır, onların üzərinə atılmış qara ləkəni təmizləyərək işıq salırdı. Bu mənada böyük alimin qələmə aldığı «Açılmamış səhifələr», «Ədəbi dostluq», «Ömrün fikir dünyası», «Ömər Faiq Nemanzadə», «Cəmaləddin Əfqani və türk dünyası», «Nəriman Nərimanov dünyası», «Yaxın və uzaq dünyamız», «İstedadlar ocağı», «Klassik rus poeziyası Azərbaycanda» elmi monoqrafiyaları sözün həqiqi mənasında Azərbaycan elmində bir hadisəyə çevrilmişdi. Çünki bir vaxtlar adını çəkdiyimiz Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Cəmaləddin Əfqani ilə bağlı şər qüvvələr ancaq qara fikirlər təbliğ edirdilər. Bu qara fikirləri aradan götürmək və əsl həqiqəti arayıb-axtarmaq və ortaya çıxarmaq elə də asan deyildi. Çünki Şamil Qurbanov bu şəxsiyyətlərin üstünə işıq saldıqca bəzən ona «çox sağ ol» demək əvəzinə təzyiqlər də olurdu. Ancaq buna baxmayaraq, bu böyük alim illərlə arxivlərdə axtarış və araşdırma apararaq əsl həqiqətləri üzə çıxardı və böyük elm ictimaiyyəti də onu alqışladı.

Akademik Misir Mərdanovun Şamil Qurbanov haqqında bir xatirəsi yadımıza düşür: «Mən riyaziyyatçıyam, filoloq deyiləm. Amma mən bilirəm ki, Şamil Qurbanov nədən yazırsa-yazsın, mütləq o, yeni amillərə, deyilməmiş problemlərə toxunur, yeni məsələlərə nüfuz eləyir, oxucunun zövqünü oxşayan, biliyini artıran, yadda qalan maraqlı əsərlər meydana çıxarır. Mən onun mənə bağışladığı bütün əsərləri yüksək dəyərləndirirəm. Bu mövzuların əksəriyyətindən birinci Şamil Qurbanov yazmış və özü də yaxşı yazmışdır».

Şamil Qurbanov millət vəkili kimi də, ictimai-siyasi xadim kimi də həmişə öz dəsti-xətti ilə, haqq sözü ilə, haqqı-ədaləti deməklə fərqlənib. O, heç kimdən və heç nədən çəkinmədən Jak Şirakın cavabını verdi və dedi ki, bu xalqın əsəbləri ilə oynama!Şamil müəllim heç nədən qorxmadan onu da dedi ki, Jak Şirak qudurub! Bax, indi də sağ olsaydı, yenə də heç nədən qorxmadan və çəkinmədən deyərdi: «Makron qudurub!». Əlbəttə, bu fikri səsləndirməyə və deməyə ürək lazım idi, vətənpərvərlik lazım idi, millətə və xalqa böyük sevgi lazım idi. O da son nəfəsinə qədər millətinə və xalqına sadiq oldu və günlərin bir günündə də, yəni 2004-cü ilin yanvarın 16-da 70 yaşında Allahın dərgahına qovuşdu.

…O, ağsaçlı, nurani, müdrik və böyük ziyalı bizim aramızdan çox tez getdi. Yaşasaydı, neçə-neçə elmi əsərlərin, monoqrafiyaların müəllifi olardı… Yaşasaydı, öz xalqına və millətinə bir qədər də şərəf və namusla xidmət edərdi… Yaşasaydı, bu gün Qarabağın azad olunmasını görəydi və ürəyi dağa dönərdi… Amma Şamil müəllim 70 il yaşadı, kişi kimi də ömür sürdü və kişi kimi də Allahın dərgahına qayıtdı. Məzarın nurla dolsun, Şamil Qurbanov!

Yazımızı Xalq şairi Zəlimxan Yaqubun Şamil Qurbanova həsr etdiyi «İşığın mübarək» şeiri ilə tamamlamaq istəyirik:

 

İşığın mübarək Şamil qardaşım,

Adında şam sözü alışıb yanır.

Səni oxuduqca ucalır başım,

Hər sətirin içindən bir şam boylanır.

 

İkinci taleyi sən bağışladın,

Yatmış imzalara, batmış adlara.

Təzə nəfəs verdi ünvanın, adın,

Yenidən doğulmuş istedadlara.

 

Sən fikrin sünbülü, mən şeirin dəni,

Yolunda hər şeyə hazıram, hazır.

Haqqında yazdığım beş-üç kəlməni,

Qələmim yazmır ki, ürəyim yazır.

 

Nura bənzədirəm alın tərini,

Önünə dağ çıxdı, qarşına dərə.

Elmin açılmamış səhifələrini,

Çevirdin açılmış səhifələrə!

 

Yeridin, başına səpələndi qar,

Baxmadın yolların uzaqlığına.

Elmin yollarında ağaran saçlar,

Döndü bir millətin üzağlığına!

 

Faiq QİSMƏTOĞLU,

Səməndər MƏMMƏDOV

TƏQVİM / ARXİV