Dindarlardan üzr istəyən Əlixanın ayıbı – Şərif Ağayarın yazısı...

ŞƏRİF AĞAYAR
14494 | 2022-01-17 13:38

Əlixan Rəcəbov kimi gənclər adamı sevindirir. Həyatımızı dəyişən onlayn platformalar bu cür fenomenlərin sayəsində tənzimlənir, belə deyək, populyarlıq sənəti axıracan yeyib-bitirə bilir.

 

Biz gileylənirik. Deyirik, ciddi mətləblər qaldırırsan, heç 5 min nəfər arasında maraq doğurmur, hansısa düşük bir məzhəkə milyonlarla “like” qazanır.

 

Misal üçün, ötən həftə prodüset Tolikin “maxe”lər haqda dediyi xoşagəlməz sözlər sosial partlayış doğurdu. Halbuki, bu quru sözlərdən min dəfə ağır əməli həqarətlər 2017-ci ilin əvvəllərində Azərbaycanın yüzlərlə əsgər və zabitinə qarşı törədilmişdi.

O zaman bu qədər etiraz niyə yaranmadı?

 

Xəbərimiz yox idi deyəcəyik. İndi ki, var! Niyə miqyası ağlagəlməz şəkil alan bu cinayətlər cəmiyyəti Tolikin avaragor bir sözü qədər cəlb etmədi? Tolikdir, təzədən açıqalam verib, “maxe”lərimizə qurban olaram”, - dedi, məsələ bununla da bitdi. Bəs Tərtər istibdadından canımızı necə qurtaraq? Ölənləri geri qayıtmır, itən səhhətlər bərpa olunmur, tapdanan ləyaqətlər dirçəlmir...

 

İşin sirri Tolikdə, daha doğrusu onun sosial mediada fenomeni olmasındadır.

 

Bu mənada Əlixan kimi, Taleh Yüzbəyov kimi, KVN-çilər kimi, hətta Şəmi-Şöşü-Fəlakət üçlüyü kimi bir əli sənətdə olan istedadlı insanlara şükür etməliyik.

Əlixanın “Sonuncu şam yeməyi” filminin rezonans doğurması da bizi sevindirən hadisələr sırasındadır. Xüsusən, bəzi dindarların hirslənməsi, filmə etiraz etməsi, oxun hədəfə dəydiyinə işarədir.

 

Demək, cəmiyyəti hələ də tam öldürməyiblər.

Demək, hələ də filmi ciddiyə alan, ona reaksiya verən insanlar var.

Demək, tunelin o başında işıq görünür.

 

Fəqət Əlixanın məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan yazısı bizi xəyal qırıqlığına uğradır.

 

Əslində, yazı çox kədərli bir cümlə ilə başlayır:

 

“Arzulayıram ki, heç bir müəllif öz filmini izah etməyə məcbur qalmasın.”

 

Bu, yadıma Mirzə Cəlilin məşhur fikrini saldı: “Sözünü o kəslərə de ki, sənə qulaq vermək istəmirlər...”

 

Amma cümlələri yazdıran motiv bir balaca fərqlidir. Mirzə Cəlildə cəmiyyətin xurafat qaranlığında məhv olmasının narahatlığı varsa, Əlixanda dindar kəsimin xətrinə dəymək, onları tamaşaçı kimi itirmək narahatlığı var.

 

Əks halda, o, heç bir səbəb olmadan üzr istəməzdi!

Təsəvvür edin, elə həmin Mirzə Cəlil çap edilməsindən və ya səhnəyə qoyulmasından bir neçə gün sonra “Ölülər” pyesinə görə dindarlardan üzr istəyir...

 

Əlbəttə, nə “Sonuncu şam yeməyi” “Ölülər”dir, nə Əlixan Mirzə Cəlil...

Amma niyə olmasın?

Əlixanın Mirzə Cəlildən, lap belə Kustiritsadan, Tarantinodan, hətta bizim Vaqif Musytafayevdən nəyi əskikdir?

Belə görünür ki, səmimiyyəti...

 

Deyir, mən dini ayinləri yox, xurafatı tənqid eləmişəm? Niyə? Dini ayinləri tənqid eləmək olmaz ki? Hansı kitabda yazılıb bu? İslam dininə qalsa “teatr çıxarmaq”, qadınları oynatmaq, üz-gözünü əyib tamaşaçını güldürmək mütriflikdir və qəti qadağandır. Bəs niyə edirsən? Bəlkə, Hacı Şahinin yanına gedib aktyorluğun üçün də halallıq alasan? Üstəlik, üzr də istəyəsən dindarlardan: Aktyor olduğum, ssenari yazdığım üçün məni bağışlayın...

 

İslamın dəfn adətləri ilə bağlı komik film çəkib müsəlman bacı-qardaşlardan üzr istəyiriksə, məntiqlə qrotesk filmə “Sonuncu şam yeməyi” adını verdiyimiz üçün bütün xristianlardan və Leonardo da Vinçinin ruhundan da üzr istəməliyik.

 

Eyni zamanda, sürücü ilə zarafatlaşsaq, sürücülərdən, müəllimlə zarafatlaşsaq, müəllimlərdən, həkimlə zarafatlaşsaq, həkimlərdən əfv diləməli, hər birinin həmkarlar komitəsinin sədri ilə görüşüb indən belə bu mövzularda ehtiyatlı davranacağımıza söz verməliyik.

Məncə, bu zəlalətdənsə qələmi qatlayıb müvafiq yerimizə soxmaq daha məntiqli olardı.

 

Ayıbdır!

 

TƏQVİM / ARXİV