adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Yazarın virtual həftəsi

ŞƏRİF AĞAYAR
24347 | 2012-09-29 00:12
Əsəd Qaraqaplan
   
   Artıq ədəbiyyat və yazarlıq öz yolunu qəzet-kitabdan internetə - virtual aləmə dəyişir. İndi böyükdən-kiçiyə, demək olar, bütün yazarlar virtual aləmdədi. Daha çox da sosial şəbəkələrdə. Çünki sosial şəbəkələrdə yazarlar öz fikirlərini paylaşıb anındaca öz oxucularıyla əlaqəyə və ünsiyyətə keçə bilirlər.
   
   Sosial şəbəkələr arasında xüsusi yer tutan facebook.com saytı bu mənada daha maraqlıdır. Hamı burda "itirdiyini tapa" bilər. Elə axtardığı şairi, yazıçını da...
   
   Biz də bunu düşünüb hər dəfə bir yazarın virtual həftəsini canlandırmağı düşündük. Yəni o yazar bir həftə boyu nə yazıb, nə paylaşıb, əhvalı necə olub, hansı zövqün, hansı düşüncənin sahibidir və sair, ilaxır.
   
   İnternetdən aktiv istifadə edən bir yazarın sadəcə bir həftə boyunca Facebookda yazdıqlarından və paylaşdıqlarından onun haqqında çox şey bilmək olar. Elə isə getdik.
   
   İlk qonaq kimi internetdən aktiv istifadə edən Şərif Ağayarı seçdim və ona xəbər etmədən son bir həftədə onun səhifəsində "baş verənlərə" göz atdım...
   
   Şərifin 3 mindən çox "məsuliyyəti"
   
   Ordan başlayım ki, Şərif Ağayarın Facebook-da nə az, nə çox, tam 3382 dostu var. Bu da böyük rəqəmdir. Deməli, onun paylaşdıqlarını minlərlə insan görə, oxuya bilir. Bu da istər-istəməz bir yazarın boynuna daha maraqlı fikir paylaşmaq və daha maraqlı olmaq məsuliyyətini qoyur.
   
   Düzdü, "məsuliyyət" sözünü bir yazara, ümumiyyətlə, ədəbiyyata aid eləmək həmişə çətin olur. Amma yenə də bu "məsuliyyətin" o məsuliyyətdən olmadığını düşünüb keçək.
   
   Əlbəttə, bu dostların arasında ən yüksək intelektlisindən tutmuş ən geri kafalısına qədər hər cür insan var. Və hər adam bir nadanın əlində əsəblərini korlaya da bilir, bir bilginin sözlərindən nəsə öyrənə də bilər.
   
   Yeri gəlmişkən, Şəriflə mənim də xeyli ortaq dostumuz var, 900-ə qədər. Bu da eyni çevrənin adamı olmağımızdan doğur təbii.
   
    Dağdan "online"
   
   Həmişə "online" olduğunu gördüyüm Şərifin son yeniləmələrinə baxanda belə bir cümləyə rast gəldim: "Şərif Facebook-u Nokia mobil telefonunda işlətməyə başladı". Halbuki mən onu həmişə işdən və evdən internetə kompüterlə girən görmüşdüm. Həm də həmişə mənə elə gəlib ki, Şərif kimi "qocafəndi" adamlar telefondan nəinki bir müasir texnologiya kimi, hətta danışmaq üçün də doğru-düzgün istifadə etmirlər. Bəlkə də belə adamların maraqlılığı da bu cür təbii və "köhnəliyindədi". Çünki biz onları istər-istəməz ilkin hallarında - sözün yaxşı mənasında vəhşi dağ adamı kimi təsəvvür edirik. Amma sən demə, Şərif telefonla Facebooka girə və hətta ordan "online" ola bilərmiş.
   
   Bunu həm də Şərifin yay istirahətinə getdiyi Qoşqar dağının ətəyindən yazdığı statuslardan bilirdim. "Qoşqarın ətəyindən mənə zəng gəldi: radio deyib ki, bu gün bayramdı!" - Ramazan bayramı ərəfəsində yazmışdı.
   
   Allaha və dinə qarşı
   
   Ramazan bayramı demişkən, onu deyim ki, Şərifin "virtual həftəsinin" elə çox günü orucluğa düşürdü. Ona görə də müsəlmanların bu müqəddəs ayıyla bağlı Şərifin çoxlu fikrinə və hətta yazısına rast gəldim. Elə "həftə"in ilk günü Şərifin "qafqazinfo" saytında çap olunan "İftar oyunbazlığı" yazısını paylaşdığını gördüm. Yazarımız hətta bir azdan anladacağımız fikirlərinin ilkin rüşeymini bu yazını paylaşarkən yazdığı cümlədən də bilmək olur: "Riyakarlığa atəş açdım!".
   
   Ümumiyyətlə, Şərif Ağayarın Allaha və dinə münasibəti birmənalı olaraq kəskindi və heç bir ümid yeri olmayan, xəstəyə olan münasibət kimidi. "Bir Ramazan da keçdi. Allahı yenə yaxalaya bilmədik. Allahı - o böyük cinayətkarı!"
   
   Yazar dostumuz hətta hər şeydə və hər hadisədə Allahı günahlandırır. "Toyu bir gün edirik, yası il boyu. Ölünün ətəyini buraxmırıq...", "Zərdüşt Şəfini (bu yaxında qan xərçəngindən dünyasını dəyişən gənc yazar Ə.Q.) dəhşətli dərəcədə xatırladım. Allah səhv elədi".
   
   Hətta ondan bir neçə gün əvvəl Şərif Allaha münasibəti artıq gülüş səviyyəsinə çatdırmışdı: "Allaha ali savadlı münasibət... )))))"
   
   Hüznlü, gileyli və romantik yazar
   
   Şərifin kəskin münasibəti və ümidsizliyi təkcə Allah və dinə qarşı deyil. Yazar dostumuz sanki hər şeydə, elə dünyanın özündə də bir ümidsizlik və inamsızlıq görür (gənc yazarların çoxu kimi). "Hərdən bu dünya mənə qobuda yaxalanmış uzunqulağı xatırladır..." Bir yerdə hətta Kefli İsgəndər kimi davranır, ironiyaya keçib yazır: "Bir belə kədərə göz yaşı çatdırmaq olar? Göz yaşı yox e... NZS pivəsi istəyir bu kədər!"
   
   Ümumiyyətlə, nə azardısa, bu gün Azərbaycan yazarı çox ümidsiz, kədərli, gileyli və əsəbləri pozulmuş haldadır. Bunu hər addımda - istər yazıda, istər sosial şəbəkədə olsun, istərsə də başqa yerdə - açıq-aydın görmək olur.
   
   Hələ Şərifin yarızarafat, yarıciddi gileyləndikləri də var. "Bir dostum gileylənir: Arvad demə, bütün sevgilərimin düşməni de, deyim, hə!" "Qəribədir, dindirəndə, içi mən qarışıq, hamı gileylənir Bakıdan, amma heç kim çıxıb getmir!". Sonra yenə yarızarafat və yarıciddi dostunun adıyla gileylənir: "Dostum yenə gileylənir (avara): Arvad dediyin sağa açılmış mötərizədir. )))".
   
   O, hətta vətənə və vətənpərvərliyə görə də çox ümidsiz və gileylidir: "Bizdə vətənpərvərlik mövzusunu zorlayıblar, adam yiyə çıxa bilmir!"
   
   Amma Şərifin nə qədər kədərli və gileyli biri olduğunu bildiyim kimi, onun həm də romantik biri olduğunu da bilirəm. Şair olasan romantik olmayasan... "Elə gözəlsən, səni sevmək savabdır".
   
   Facebookda dağ havası
   
   Şərif sonrakı illərdə nə qədər nəsr yazsa da, o, şəxsən mənimçün həmişə şair, necə deyərlər, şair təbiətli olub. Həm də dağ havalı. Türkü kimi.
   
   Şair olasan (özü də klassikindən) səhifəndə şeir paylaşmayasan, ya da orda başqa şairlər, oxucular şeir paylaşmaya, günah olar. Elə Şərifin səhifəsinə baxanda bunu o saat bilmək olur. Kim onu öz şeirinə "tag" edib, kim onun şeirini paylaşıb, ya da özü kiminsə şeirini...
   
   Ona görə də ilk baxdığımda Şərifin paylaşdığı və üstünə şərh də yazdığı bir qoşma diqqətimi çəkdi: "Etimad Başkeçid məni həvəsləndirdi. Sizə Elnur As-dan məni heyrətdə buraxan bir qoşma ərməğan edirəm. Halallıqla...
   
   
   
   Bilməmişəm, dərdmiş başdan-ayağa
   
   Sənnən mutlu keçən zamannar, pərim
   
   Əsdikcə aradan firqət yelləri
   
   Aşiq sevdasını yamannar, pərim.
   
   
   
   Ölüm dediklərin keşk olmayaydı
   
   Gül qucağı sara köşk olmayaydı
   
   Başımda bu dəli eşq olmayaydı
   
   Sinəmdə bu ahlar, amannar, pərim.
   
   
   
   Dərd döndü ləşkərə, qoşuna gəldi
   
   Getdin, gedişin də xoşuma gəldi
   
   Ağlıma gəlməzdi, başıma gəldi
   
   Sənnən ürəyimə damannar, pərim!"
   
   
   
   Sonra da Pərviz Axundov adlı istifadəçinin Şərifin bir qoşmasını paylaşması diqqətimi çəkdi:
   
   
   
   Ağla gözüm, ayrılığın günüdü,
   
    Nə çəkdik viranə yollar əlinnən.
   
    Bir yumub, min tökdün sevdiyim deyib,
   
    Getdi ağın, qaran sellər əlinnən.
   
   
   
    Aşiq olan sözün deyər köhnədən,
   
    Arxı vurun, suyu gəlsin dəhnədən.
   
    Yarımamış qan ağlarıq ah nədən,
   
    İpək tellər, incə bellər əlinnən.
   
   
   
    Ağayarı bir sındırar, bir əzər,
   
    Tənəli söz, qanlı baxış, bəd nəzər.
   
    Ömür keçdi, yetəmmədik, min həzər
   
    Əsib-coşan dəli yellər əlinnən.
   
   
   
   "Musiqisiz" Şərif
   
   Qəribədi ki, bu "həftə" boyu Şərifin bir dənə də olsun musiqi-filan paylaşdığını görə bilmədim. Onun daha çox Ahmet Kayanı sevdiyini də bilirəm. Bu müddətdə heç ondan da bir parçaya rast gəlmədim. Deyim ki, bu Ramazan ayıyla bağlıdı, o da deyil. Axı dediyim kimi, Şərif Allaha və dinə qarşıdır. Daha doğrusu ənənəvi din və Allah anlayışlarına qarşı...g
   
   Üstəlik belə sazlı-sözlü adam niyə musiqi-filan paylaşmır - mənə təəccüblü gəldi. İçində-ruhunda bu qədər müsiqi, ritm olan Şərifi "musiqisiz" gördüm "həftə" boyu. Yəqin telefonla musiqi paylaşmaq çətindi.
   
   Virtual yazar həyatımız
   
   Bütün bunlara rəğmən, bütün başqa ümidsiz, kədərli, gileyli və əsəbləri yerində olmayan Azərbaycan yazarları kimi, Şərifin də yeganə rahatlıq tapdığı yerin virtual aləm - Facebook olduğunu görmək olur.
   
   Sanki adam burda zəhərini töküb rahatlayır, bir az da olsa sakitləşir. Ona görə bu araşdırmanı aparanda öz halım da gəlib göz öünündə durdu. Elə bil hamımız eyni taleli insanlardıq bu ölkədə, bu şəhərdə. Real həyatdakı məğlubiyyətimizi sanki virtulada qələbəyə daşımaq istəyənlərik.
   
   Hər şeyimiz - sevgimiz, nifrətimiz və başqa tərəflərimiz də elə bil virtual aləmin ümidinə qalıb və virtuallaşıb...

TƏQVİM / ARXİV