adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

“Dərmanla doyan uşaqlar, böyrəyini, qızını satan əfqanlar” – Eminquey yazır

EMİNQUEY AKİF
1089 | 2022-11-24 12:54

Bahalı restoranların birində oturmusan, sevgilin əlindən tutub, menyuya baxır, o birazdan hansısa yeməyi seçəcək, sonra içmək üçün ya bir meyvə şirəsi, ya da bəlkə spirtli içki sifariş edəcəksiniz. Kart hesabında pul, altında maşın, səliqəli geyimin. Həyat sənin üçün gözəldir.

Bahalı restoranların birində oturmusan, yeni tanış olduğun qız menyuya baxır, o birazdan hansısa yeməyi seçəcək, dişin bağırsağını kəsir, bəlkə də yarım aylıq maaşını cibinə qoyub çıxmısan, içində dua edirsən ki, çox bahalı yemək seçməsin. Yoxsa ayın sonunu gətirmək üçün yenə kimdənsə borc alacaqsan. Həyat sənin üçün həyəcandır, təlaşdır.

Bahalı restoranların birində oturmamısan, sevdiyin qız əlindən tutmayıb, menyuya baxmır, o birazdan hansısa yeməyi seçməyəcək, sən əlini cibinə atıb hesab verməyəcəksən.

Burda nəinki bahalı restoran, menyu, yemək seçimi var, burda heç insanlıq da yoxdur. Bura Əfqanıstandır. Və Əbdül adlı əfqansan.

Palçıqdan düzəltdiyin evdə yaşayırsan. Ac uşaqlarının qarnını doyurmaq üçün alprazolam verirsən. 10 əfqaniyə 5 dənə bu dərmandan ala bilərsən. Onlar dərmanı içib yatırlar. Və beləcə qısa müddətlik aclıq hiss etmirlər. Amma qaraciyərləri get-gedə sıradan çıxır.

Bura Əfqanıstandır. Və sən Həzrətullah adlı əfqansan.

Günə təxminən 100 əfqaniyə, yəni 1 manatdan biraz çox qazanırsan. Oğlun Əmmar eşidir ki, xəstəxanaların birində böyrəyini sata bilər. Zəng edir, qeydiyyata düşür və böyrəyini çıxarıb əvəzində 270 min əfqan, yəni 5200 manat pul alır. Bunun da böyük hissəsini çörək almaq üçün götürdüyün borclara gedir.

Oğlun Əmmar özünü yarım insan, ümidsiz hiss edir, yaşamağın mənasız olduğunu düşünür.

Bura Əfqanıstandır. Və sən Nizamuddin adlı əfqansan.

Artıq heç bir yolun qalmayıb. Borclu olduğun adamlar sənə qızını satmağa məcbur edirlər. Deyirlər ki, qızını sat, borcunu silək. Sən dörd yaşlı qızın Şərbəti satırsan.

Təkcə sənmi? Qonşun Qafar da 14 yaşlı qızı Naziyəni ölkənin cənubundakı Qəndəhar əyalətində bir ailədən olan oğlana ərə vermək üçün satıb.

Aclıq səssiz bir qatildir.

Bu gün Əfqanıstanda milyonlarla insan qətl olunur.

Bahalı restoranların birində oturmusan, sevgilin əlindən tutub, menyuya baxır, o birazdan hansısa yeməyi seçəcək, sonra içmək üçün ya bir meyvə şirəsi, ya da bəlkə spirtli içki sifariş edəcəksiniz. Kart hesabında pul, altında maşın, səliqəli geyimin. Həyat sənin üçün gözəldir.

Bahalı restoranların birində oturmusan, yeni tanış olduğun qız menyuya baxır, o birazdan hansısa yeməyi seçəcək, dişin bağırsağını kəsir, bəlkə də yarım aylıq maaşını cibinə qoyub çıxmısan, içində dua edirsən ki, çox bahalı yemək seçməsin. Yoxsa ayın sonunu gətirmək üçün yenə kimdənsə borc alacaqsan. Həyat sənin üçün həyəcandır, təlaşdır.

Bahalı restoranların birində oturmamısan, sevdiyin qız əlindən tutmayıb, menyuya baxmır, o birazdan hansısa yeməyi seçməyəcək, sən əlini cibinə atıb hesab verməyəcəksən.

Sən Əfqanıstandasan.

Sən əfqansan!

Sən məhşər gününü diri-diri yaşayırsan!

TƏQVİM / ARXİV