DAĞLAR MƏNİ TANIMADI - II HİSSƏ - Aqil ABBAS yazır

AQİL ABBAS
221 | 2025-08-23 09:00

ƏVƏLLİ BURADA

Taxtada dayanıb uzun müddət Kete-Mete  dağına baxdım. Dağları duman bürüdüyündən istədiyimi görə bilmədim. Və yəqin ki, bu 54 ildə görmək istədiyim itib-batmışdı. 

Orta məktəbdə oxuyanda dağlara qalxmaqdan çox xoşum gəlirdi. Qarabağda o dağ qalmamışdı ki, onun zirvəsinə çıxmayım. Amma indi neçə ildi hündürlük fobiyam var. Hətta televizyonda  yüksək dağları, əlçatmaz qayaları göstərəndə ayaqlarım ağrıyır. 

Səkkizinci sinifdə oxuyurdum.  Dostlarımı götürdüm, bir on beş nəfər, külüng, bel əllərimizdə qalxdıq Kete-Mete dağına, amma hamı qalxa bilmədi, yarısı qaldı  yolda. Dağlara qalxanlar bilir, sən  zirvəyə getdikcə hiss edirsən və gözünlə də görürsən ki, dağlar da gedir. Düşəndə də elədi, elə bilirsən dağlar  arxanca gəlir. Nəhayət, zirvənin yamacına çatdıq. On metr uzunluğunda, yarım metr də enində yeri qazıb dostların   köməyi ilə «Aqil» yazdım.  Sonra da içini daşla doldurdum ki, ot bitməsin. Gəlib  Taxtadan baxanda adım gözlə görünürdü. Üç-dörd il ad elə  dururdu orda. Axırıncı dəfə 71-ci ildə getmişdik yaylağa. Ondan sonra hər il bacı-qardaşlarımdan  biri ali məktəbə imtahan verdiyindən yaylağa gedə bilmirdik. Atam yaylaq pulunu gətirirdi Bakıya ki, uşaqlarını  instituta düzəltdirsin. Bunu zarafat edirəm, atamla-anam imtahan verən  uşaqlarının  xətrinə Bakıya gedirdilər. 
İndi 54 il əvvəl gəzdiyim yerlərə  yenə gəlmişdim. Amma hiss elədim ki, nə dağlar, nə də yollar məni tanımadı. 

Dağlar oy, oy, oy,
Yollar oy, oy, oy

Xanımım lap kövrəlmişdi, xüsusilə İstisuda. O da burda keçirdiyi günlərin xatirələrini axtarırdı. 

- Burda Bağırovun evi deyilən bir sanatoriya vardı. Yüksək vəzifəli dövlət məmurları gəlirdi.  Bizə də Bağırovun  evində yer vermişdilər. Çox rahat sanatoriyaydı. 

Təbii ki, axtardığı yerləri  tapa bilmirdi, çünki İstisu da  Ağdam kimi darmadağın olmuşdu. Sanatoriyanın bircə ön divarları alayarımçıq qalmışdı. Məşhur «Bağırovun evi» adlanan sanatoriyanı  yerlə-yeksan eləmişdilər, heç özülü də yoxuydu. Maşınla keçərkən birdən dedi:

- Maşını  saxlayın. Bax, bu yer mənim yadıma düşdü. Atam Şəlalənin əlindən tutub bulağa tərəf düşürdü, anam da  bunu filmə çəkmişdi. 
Sonra da ermənilərə xitabən söylənməyə başladı:

- Ay it uşağı, nə qazandınız?!

Mən ilk dəfə Ağdama girəndə hiss elədim ki, Ağdam məni tanıdı. Əlimi dağıdılmış evimizin daşına, divarına sürtəndə xoş bir təmas hiss etdim. Amma indi mən də Xanımım kimi  xəyal qırıqlığına uğradım. Nə Kəlbəcər, nə də bitdə-bitdə gəzdiyim yerlər, dağlar, yollar məni tanımadı. 

Dağlar oy, oy, oy,
Yollar oy, oy, oy…

O vaxt İstisudan Taxtaya bir dar dolama  qalxırdı. Bir maşınlıq yoluydu. İki maşın qarşı-qarşıya gələndə hansısa biri geri çəkilib gizlənməyə, yəni yol verməyə yer axtarırdı. Çox qorxulu bir yoluydu, tez-tez də qəza baş verirdi. Belə bir yolu Monteneqroda görmüşəm. Qəribəydi ki, adı da «Çətincə» idi, yəni çətin yol. Amma indi bu yolu o qədər genişləndiriblər ki, hətta bir maşın başqa maşını rahat ötə də bilər. 

Üç dost  yolun kənarındakı bulağın yanında saxlayıb kapodun  üstündə süfrə açmışdılar. Elə ləzzətlə yeyib-içirdilər ki, utanmasam onlara qoşulardım. 
Taxtadan bir yol ayrılırdı Minkəndə tərəf, bir yol da ayrılırdı Tatallar çayını keçirdi və qalxırdı Cermuxa. Çaşıb Minkənd yoluna döndük, sonra dedim qayıdaq geri, bu yol Minkəndə gedir, düşək yurd yerimiz tərəfə, Cermuxa gedən yola. 

Əvvəlcədən qeyd etdiyim kimi, yurd yerimizi tapa bilmədim. Futbol oynadığımız meydançaya da yolçəkənlər şebel, çınqıl, qum yığmışdılar – tikiləcək yollar üçün. 

Qayıdaq xatirələrə. Həmişə  yaylağa gedəndə bir qadın gəlib anama kömək edirdi, ev-eşiyi yığışdırır,  yuxa bişirir, samovarı qaynadıb çay qoyur və sair və ilaxır. Atam həm yaxşı maaş verirdi o qadına, həm də axşam evinə gedəndə yemək-içməyini də aparırdı. Uşaqların hamısını əzizləyirdi, biz də onu çox sevirdik. Təəssüf ki, adı yadımda qalmayıb. Qəribə ləhcəylə danışırdı, yəni bu Kəlbəcər ləhcəsi deyildi, deyəsən, kürd idi. Mən də o ləhcəni öyrənmişdim, elə danışmaqdan xoşum gəlirdi. Xalayla danışanda o ləhcəylə danışırdım, anam da    danlayırdı ki, elə danışma, elə bilər onu yamsılayırsan.  

Bir dəfə anama dedi ki, üç-dörd gün olmayacam. Geri qayıdanda anam hirsləndi:

- On gündü hardasan?

Qadın cavab verdi:

- Solməz, Solməz, nə on gün, baax, bir gejə dədəmgildə qalmeyşəm, iki gejə də əremlə yatmeyşəm, eliyir üş gün. 

«İki gejə əremlə yatmeyşəm» sözünə  hamı gülüşdü. Sonra bu sözü tez-tez işlədib zarafat edirdik.  Üstündən 54 il keçib, deyəsən, onun kimi  danışa bilmədim. Biz yaylaqdan köçəndə də  həmişə ardımızca su atardı və deyirdi ki, gələn il gözləyirəm. Həmişə də əsgərlikdəki oğlundan danışardı. Deyirdi ki,  qoy oğlum əsgərlikdən gəlsin, nəslinizdəki gözəllərdən birini alacam oğluma. 

Oğlunun əsgər şəklini də üstündə gəzdirirdi.

Danışırdı:

- Bir dəfə dayoğluma elçi getmişik, uşağı da özümüzlə aparmışıq. Dedilər ki, boylu-buxunlu, yaraşıqlı oğlandı. Dedim ki, ağız-ağız, hələ onun evdə bir şikli var  ey, onu görəsiniz, adam şikildə  daha qəşəng görünür axı. 

Zarafatla atama üzünü tutub deyirdi:

- Bu tənbəl arvadı neyliyirsən? Bir od parçası bacım var, gəl onu alım saa, apar Ağdama, saa qulluğ eləsin.

Doqquzuncu sinifdə oxuyurdum. Həmişə avqustun  24-25-i yaylaqdan dönərdik ki, sentyabrın 1-dək hazırlaşaq. Əşyalarımızı yığdılar  QAZ-53-ə, yeri rahatladılar, çarpayıları da maşının yanlarına  elə düzürdülər ki, uşaqlar yıxılmasın.  Atam qadının maaşını, pay-pürüşünü verdi, o da əlində su gözləyir ki, yola düşək.  Atamla-anam mindi balaca maşına, biz isə qalxdıq yüklərin üstünə. Heç kəs balaca maşına  minmək istəmirdi, yükün  üstündə getmək daha ləzzətliydi. 

Baxdım ki, cibimdə iyirmi beş manat var, maşından yenib verdim qadına ki, bunu əsgərlikdəki oğluna göndərərsən. O da qayıtdı:

- Ay bala, Allahın amanında, Həzrət Abbasın zamınında olasan. 

Maşınlar tərpənəndə, o da suyu arxamızca atdı. 

Həmişə yaylağa dörd-beş  qohum birlikdə gedirdik –  dayımgil, xalamgil, mamamgil. Qonşu da alaçıq qurardıq. Maşınlar düşdü yola. Biz də bu maşından o maşına, onlar da bizə, alma, alça, armud atırdıq. Döngələrin birində qalxdım ayağa ki xalamgilin maşınına alma atım, bircə onu bildim ki, kürəyim nəyəsə dəydi və düşdüm yerə, asfaltın kənarındakı çınqıllığa.  Gördüm ki, arxadan gələn maşın dağ boydadı, sonra çınqıla döndü, sonra yenə dağ boyda, sonra yenə çınqıla döndü. Yıxılmağımdan uşaqların hələ xəbəri yoxdu. Arxadan gələn xalamgil maşını saxladı, kimsə yüyürüb məni  qucağına aldı. Yavaş-yavaş özümə gəlirdim. Gördüm məni qucağına alan xalamın əridi, özü də çox qorxub. Nəhayət, bizim maşındakılar mənim yıxıldığımı bildilər, sürücü işarə verib atamgili  saxlatdı, atam özünü mənə çatdırdı. Sakit təbiətli atam xalamın ərinə bir şapalaq vurdu ki,  niyə ötüşürsüz. Xalamın əri əslində üç-dörd kişiyə cavab verən gücdəydi, amma atama qarşılıq vermədi, gözləri dolmuş halda məni  verdi atama. Məni tez balaca maşına mindirdilər, maşını da dayım sürürdü. Sürət götürdü ki, məni tez həkimə çatdırsınlar. 

Urus bulağına çatanda maşını saxladılar, məni soyundurdular, bədənimdəki qumu, çınqılı təmizləməyə başladılar. Bəlkə  üstümdən  iki kilo qum, çınqıl  töküldü.   Sonra bulaqda əl-üzümü, bədənimi yudular, yenidən yola düşdük. Ağdərəyə çatan kimi (onda Mardakert idi) dayım maşını  sürdü xəstəxanaya. Həkimlər töküldülər, tez məni  rentgenə  saldılar, dedilər:

- Bu uşaq saatda altmışla gedən, üç metr hündürlükdən yıxılan uşağa  oxşamır. Bədənində heç bir sınıq və çatlaq yoxdur.

Atam onlara inanmadı. Yenidən mindik maşına, atam dedi:

- Sabir, tez sür, çatdıraq Ağdama. Bunlara etibarım yoxdu, uşağın içi-zadı düşər, qəsdən deməzlər. 

Gəldik Ağdam xəstəxanasına, yenə həkimlər töküldülər, yenə rentgenə saldılar. Məşhur cərrah İsrail həkim dedi:

- Məhəmməd, bu uşağın anası namaz üstə imiş, heç bir şeyi yoxdur, aparın evə. 

Evə çatanda atam kövrəlmiş halda dedi:

- Ay oğul, sənki maşından düşüb o arvada iyirmi beş manat verdin ey, o da sənə qayıtdı ki,  ay bala, Allahın amanında, Həzrət Abbasın zamınında olasan, Allah onun  duasını eşitdi.  Sən yıxılanda Həzrət Abbas o kəsilmiş qollarıyla səni aldı qucağına qoydu yerə, ona görə sənə heç nə olmayıb! 
Geri dönürük. Bu dəfə Tərtər çayı yolun sağında qalır. Danlamağıma baxmayaraq, Fərhad telefonunda yenə nəsə axtarır. Və deyəsən, istədiyini tapır.

- Sənə demirəm, maşın sürəndə telefonla oynama. 

- Dayı, bayaq getdiyimiz yerlərə dolu yağır. İnanmırsan, ala bax.

Doğrudan da Taxtaya dolu yağırdı. 

- Bacıoğlu, Dəlidağ belədi də. Baxırsan, göy dupdurudu və qəfil buludlar gəldi, möhkəm bir leysan yağdı, təxminən 20-25 dəqiqə. Sonra yağış kəsdi, göy yenə dupduru oldu. Bir yarım saatdan sonra yenə buludlar  göy üzünü tutdu, bu dəfə indi gördüyün kimi, dolu yağdı təxminən 15-20 dəqiqə, sonra dolu kəsdi, göy yenə dupduru oldu. Bu bir gündə neçə dəfə belə olur. Ona görə də o dağa Dəli deyirlər. 

Çayın yanında maşını saxladıq, düşüb oturdum sahilində. Buz kimi suda əl-üzümü yudum. Bu çayda o qədər çimmişəm ki. Suyun şırıltısına qulaq  tutuldum.  Amma 54 il əvvəl mənimlə saatlarla söhbət edən, çiməndə bədənimə sarılan, özü də su o qədər  soyuq olurdu ki, elə bilirdin bədəninə yüzlərlə  iynə sancırlar, amma bu iynələr  səni  incitmirdi, ləzzət edirdi.  Sonra  sudan tez çıxıb  sal qayanın  üstündə özümüzü günə verirdik. 

Bəli,  54 il əvvəl  mənimlə saatlarla  söhbət edən Tərtər çayı da dağlar, yollar kimi məni unutmuşdu. 

Üzümü Xanımıma tutub dedim:

- İradə, niyə Ağdam məni tanıdı, amma bu dağlar tanımadı?

Xanımım Məmməd Arazın misrasını  zümzümə elədi:

- Yəqin dağlar küsüb məndən!..

- Dağlar məni tanımadı, görünür, qocalmışam, sifətim yadlarından çıxıb. Əlli dörd il az müddət deyil! 

 Xanımım:

- Dərd eləmə. İnşallah, növbəti dəfə gələndə tanıyar. 

Yenidən mindik maşına.

- Bacıoğlu, yavaş-yavaş sür. Görüm axtardığım yeri tapa biləcəm? 

Diqqətlə döngələri izləyirdim. Mən yıxıldığım döngə çox sərt döngə idi. Və çox qəribəydi ki, axtardığım yeri tapa bildim.   Maşını saxladıq və düşdük aşağı.

- İradə, bax, burda yıxılmışdım, yaxşı yadımdadı. Çay da bir qədər aşağıda axırdı. Onda yol dar idi, indi genişləndiriblər, bəlkə də ona görə tapa  bilmirdim. 

Elə sevinirdim ki, onda sağ qaldığıma sevindiyim kimi. 

Xanımım ironiya ilə dedi:

- Həə, a tam jenşina  kurila. 

- Net, tam jenşina ne kurila. Ordan taytaya-taytaya, ağlaya-ağlaya gələn jenşina mənim anam idi…

TƏQVİM / ARXİV