“Meyvə-tərəvəzin qiymətinin formalaşmasında əhəmiyyətli faktor onun məhsuldarlığı və bazara çıxarılan həcmidir. Meyvə-tərəvəzin məhsuldarlığı həm də iqlimdən asılı olaraq, yağıntıların miqdarından və meyvələrin regitasiya dövründə formalaşan iqlim şərtlərindən asılı olaraq fərqli ola bilər”.
Bunu Adalet.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, bildirib ki, ötən illə müqayisədə bu il qiymətlər arasındakı fərqi izah etmək üçün onun bazara çıxarılan həcminin analiz edilməsi vacibdir:
“Əgər əvvəlki illə müqayisədə bu il bazara həmin meyvə-tərəvəz daha az çıxarılıbsa, təbii ki, onun qiymətinin yüksək olması da anlaşılandır. Çünki meyvə-tərəvəzin qiyməti bazar tərəfindən tənzimlənir, burda hər hansı iqtisadi, inzibati müdaxilələr yoxdur”.
O, bildirib ki, ikinci səbəb meyvə-tərəvəz istehsalçılarının xərclərinin artması ilə bağlıdır:
“Ötən ildən Tarif Şurası tərəfindən bir sıra xərclərin artması meyvə-tərəvəzin həm yetişdirilməsi, həm də daşınmasında qiymətləri artırıb. Bununla yanaşı, digər xərclər də artıb. Təbii ki, meyvələrin növündən asılı olaraq regitasiya dövründə qışın sərt keçməsi və ya həddindən çox isinmə bütün bunlar meyvələrə müxtəlif cür təsir edir. Onda da biz hansısa meyvənin daha kəskin ucuz və ya baha olduğunun şahidi oluruq. Amma paralel olaraq ötən illə müqayisədə meyvə-tərəvəzin istehsalçılarının yetişdirmə və bazara çatırılma xərcləri artdığına görə, əvvəlki illə müqayisədə qiymətlərin artmasının səbəblərinin birinə də bunu aid etmək olar”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
