adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

CIDIR DÜZÜ BİZİ BAĞIŞLADI - Aqil ABBAS yazır

AQİL ABBAS
802 | 2022-08-03 14:28

Ağdam işğaldan azad olunandan sonra şəhərə birinci dəfə girəndə ilk olaraq Pənah xanın məzarını ziyarət elədim, sərdabəsini öpdüm. Və yalvardım ki, qəbrini  qoruya bilmədiyimə görə məni bağışla (bizi yox, məni. Mən  bizə   cavabdeh deyiləm, özümə cavabdehəm). Amma bağışladığına inanmadım. Sonra məscidə getdim, şəhidlərimizin ruhuna  bir «Fatihə» verdim və ordan da birbaşa getdim evimizə, həyətimizə. Həyətə girəndə də yerdən bir çimdik  torpaq götürüb  yedim, dedim görüm  dadı qaçmayıb ki?   Dadı qaçmamışdı. Yəqin ki, torpaq da  mənim  dadımı hiss elədi, amma deyəsən  mənim  dadım  qaçmışdı.


İnsan doğulduğu  torpağa   oxşadığı kimi, torpaq da doğduğu insanlara  oxşayır, mayaları birdi. Öz mayasından olan, üstündə iməkləyən, qaçan, sonra at  oynadan və ən nəhayət, köksünə aldığı insanla nəfəs alır. Mən bu hissləri Ağdamda da yaşadım və daha çox Şuşada – Cıdır düzündə də yaşadım.
Cıdır düzündə gördüyüm  mənzərə məni dəhşətə gətirdi.  Qışda Cıdır düzündə qarı təmizləyirdin, altında  yamyaşıl  ot olardı.  Mən Cıdır düzündə olanda gül-gülü, bülbül-bülbülü  çağıran zaman idi, amma nə gül gördüm, nə  bülbül  səsi eşitdim. Torpaq cadar-cadar, şırım-şırım idi. Elə bil 30 il burda  nə bahar olmuşdu, nə yay, nə payız, 30 il burda  qış olmuşdu. Cıdır düzündə də bir çimdik torpaq götürüb  yedim, dadı  qaçmışdı. Pənah xanın at çapdığı, şənliklər  təşkil etdiyi, Məmməd bəy Cavanşir Batmanqılıncın qılınc oynatdığı, Vaqifin, Natəvanın vəsf elədiyi, bütövlükdə Üzeyir Hacıbəyovun musiqisinə, Bülbülün səsinə, Sadıqcanın tarının pərdəsinə çökən   Cıdır düzündən  bir əsər-əlamət  yox idi. Mənə elə gəldi ki, Cıdır  düzü  balacalaşıb və həm də vəhşiləşib.
Məmməd Araz bir şeirində deyir:
 
Dağlar məni tanımadı,
Yəqin dağlar  küsüb məndən…
 
İndi Cıdır düzü məni tanımadı.  Təkcə məni yox, 30 ildi həsrətini  çəkdiyi əzizləri gəlmişdi, heç kimi  tanımadı. Heç Fərhad  Bədəlbəylini də tanımadı, ondakı məni  ola.  Yəqin küsmüşdü bizdən. Haqlıydı.
İstədim  bağıram  ki, mən Pənah xandan, İbrahim xandan, Məmməd bəy Cavanşir Batmanqılıncdan, Qacardan  yazan oğlanam, bağıra bilmədim. Qorxdum deyə ki,  ay uşaq, get bir az o yanda oyna, necə ki otuz ildi oynayırsan.


Gərək ki, 87-ci il idi. Məşhur  tədqiqatçı-jurnalist Vasif Quliyevin Malıbəylidəki  toyuna  Bakıdan və kənar  rayonlardan  gəlmiş dostları  götürüb  çıxmışdım  Cıdır düzünə.  Gözəl də  bir süfrə açmışdım. Dostum Mehman Cavadoğlu mənə söz atdı ki, düzdü də,  buranı niyə müqəddəs  sayırsınız. Söz məni tutdu, incidim. Və «Cıdır düzü niyə  müqəddəsdir» əsəbi halda  həm Mehmana, həm də  ilk dəfə  Cıdır düzünə  gələn dostlara izah eləməyə  başladım. Pənah xandan, Batmanqılıncdan, Vaqifdən, Natəvandan, Üzeyir Hacıbəyovdan, Mirmövsüm Nəvvabdan, Məhəmməd ağa Müctehidzadədən, Bülbüldən, Cabbar Qaryağdıoğludan, Firudin  Şuşinskidən, burda keçirilən Cıdır yarışlarından, igidlərin  qız seçimindən, qızların qıyqacı baxışlarından və sair və ilaxır   o qədər  danışdım ki, Mehman  durub  boynumu  qucaqladı, dedi:
- Zarafat edirdim, niyə hirslənirsən?
Amma ermənilər  üçün nə Şuşa, nə də Cıdır düzü   müqəddəs deyildi, çünki  onlar burda iməkləməmişdilər, ayaqyalın qaçmamışdılar, at oynatmamışdılar. Mənim  və bizlər kimi Cıdır  düzünün  torpağını  dadmamışdılar. Ona görə də bu torpaqdan  intiqam almışdılar, cadar-cadar, şırım-şırım eləmişdilər. Cıdır düzünün altında yatan, torpağın doğduğu kişilərin  və kişi kimi qadınların qəbirlərini də dağıtmışdılar. Ölülərdən də intiqam almışdılar.


Onlar da  bilirdilər ki, Vətən  nə «A» hərfindən başlayır, nə  «B» hərfindən, nə də sərhədlərdən.  Vətən   əzizlərinin yatdığı  qəbiristanlıqlardan başlayır. Ona görə də həm Şuşada, həm də bütün Qarabağda  birinci  qəbiristanlıqları dağıtmışdılar. Hətta  faşistlərin belə etmədiyi bir  cinayətə  əl atmışdılar.
Ağcakənddə bir erməni  qəbiristanlığı var. Bu barədə  yazmışam,  şəkillərini də çap eləmişəm. Bir qəbir daşına da  toxunmamışıq, qəbiristanlıq necə var, elə də qalır. Axırıncı  qəbir də 1988-ci ildə qazılıb. Amma mən Ağdamda Qarağacı qəbiristanlığında nə anamın, nə də qardaşımın məzarını  tapa bilmədim. Çünki yox idi qəbiristanlıq. Bir tərəfində taxıl əkmişdilər, bir tərəfində  taxıl əkməyə hazırlaşırdılar, ağızlarını cırdıq.


Şuşaya ikinci  səfərimdə yenə birinci olaraq  Cıdır düzünə getdim. Torpaq öz doğduğu  əzizlərini, öz doğmalarını görəndən  sonra gül açıb  çiçəkləmişdi. Mənlə də, bizlə də barışmışdı.


Mənim şəhid  analarına həmişə bir  təsəllim olub. Deyirəm ki, bir gün  Qarabağa gedəndə görəcəksiniz ki, övladlarınız gül olub  bitib, çiçək olub  bitib, çinar ağacı  olub  bitib, palıd ağacı olub.


İkinci səfərimdə  mən bunu gördüm. O çiçəkləri də, gülləri  də əzizlədim. Sağalırdı  Cıdır düzü, day cadar-cadar deyildi, şırım-şırım deyildi.


Natəvanın bağı da Paşinyanın «Yallı» getdiyi, sonra da içib sərxoş olub yatdığı bağ deyildi, «Koroğlu üverturası»nın çalındığı bağ idi, Üzeyir bəyin heykəlinin ucaldığı  bağ idi. Şuşa da, Cıdır  düzü də  Paşinyanın xanımının yekə-yekə danışdığı  Şuşa və Cıdır düzü deyildi. Heydər Əliyev  Fondunun, 1-ci vitse-prezident  Mehriban xanım Əliyevanın  təşkilatçılığı ilə keçirilən  «Xarı bülbül» festivalının musiqisinə bələnmiş Şuşa  və Cıdır düzü idi.


P.S. Bu mənim Cıdır düzü haqqında yazdığım ikinci yazımdı. Birinci yazını oxumaq  istəyənlər aşağıdakı linkdən tapa bilərlər.
 
https://adalet.az/az/writers/detail/aqil-abbasnbspcidir-duzu-niye-muqeddesdir-2021-09-28-094025
 

TƏQVİM / ARXİV