«QARABAĞ» AYĞIRLARI  AVROPANI YENİDƏN SİLKƏLƏDİ Aqil ABBAS yazır

AQİL ABBAS
204 | 2025-10-02 21:00

Ağdamın «Qarabağ» klubu Avropa Çempionlar Liqasının ikinci turunda Danimarkanın «Kopenhagen» komandasını qəbul edirdi. Oyundan qabaq  Qarabağ atlarının meydanda müqəddəs bayrağımızla dövrə vurması və azarkeşlərin oyunun sonunadək «Qarabağ» deyib hayqırması futbolçularımızın gücünə güc qatırdı. Və nəticədə «Qarabağ» Avropa nəhənglərindən sayılan «Kopenhagen»ə dərs keçdi. 

Hesabdan hamının xəbəri var. Qurban Qurbanov  bu oyunda «Benfika» ilə keçən matçdakı kimi öz təmkini ilə, soyuqqanlılığıyla qalib gəldi. Bu adam nə qədər səbrlidir? Bu səbr də özünə inamdan doğur. 

Mən belə  səbrli, təmkinli və soyuqqanlı məşqçi bircə Lobanovskini görmüşəm. Amma o da oyun boyu nehrə kimi yırğalanırdı. 

«Qarabağ» ayğırlarının kişnərtisi  Avropanı bir daha silkələdi. Özü də elə bir gündə ki, həmin gün Möhtərəm Prezidentimiz İlham Əliyev Danimarkaya işgüzar səfərə getmişdi. «Qarabağ»ın bu qələbəsi Möhtərəm Prezidentin bu səfərinə bir hədiyyə idi. 

Və Möhtərəm Prezident də «Qarabağ»ı bu qələbə münasibətilə təbrik etdi. Bu təbrik «Qarabağ»a motivasiya, ruh verəcək, gücünə güc qatacaq və inşallah, növbəti oyunlarda da qələbə çalmağa səsləyəcək.

Qurban xocanı və onun ayğır atlarını ürəkdən təbrik edirəm.

Tanrı qorusun!

Və sonda. Bir ağdamlı fanatın - Rüstəm Hacıyevin sosial şəbəkədə paylaşdığı bir statusunu mən də oxucularımla  bölüşmək istədim: «Maşallah olsun.

Belə getsə «Qarabağ» Çempionlar Liqasında da özünü «Misli» premyer liqasındakı kimi hiss etməyə başlayacaq. Yəni yalnız çempionluğa oynayacaq…

Niyə də olmasın? İnşallah, o günü də görərik!»

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV