adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Camaat bizə nə deyər? - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
931 | 2022-12-06 12:54

...Biz bir iş görməmişdən öncə yaxşı-yaxşı düşünürük ki, görəsən, bu işi görsək, camaat bizə nə deyəcək?! Amma onu fikirləşmirik ki, camaatın nə deyib-deməməsindən asılı olmayaraq, birinci özümüzün mənafeyini və marağını düşünməliyik. Ancaq bizim millət isə tam başqa cür düşünür, fikirləşir...

Məsələn, biri oğluna qız üçün elçi gedir, elə də maddi imkanı olmadığı üçün çox düşünür. Deyir görəsən elçi gedəndə qız qapısına nə qədər xonça, şirniyyat, nə bilim, tay başqa hədiyyələr aparacam. Birdən yaxşı getmərəm, qız evi də narazı qalar, axırda da xəcalət çəkərik, camaat bizə nə deyər?!

...Bir başqası ev alır, uzun müddət kirayənişin qaldığına görə, istəyir ki, təzə mənzilə köçsün. Amma çox götür-qoy edir, görür ki, evi əsaslı təmir etməsə, onu qınayacaqlar. Hətta mənim bir tanışım var, pulu-pənəsi də yoxdu. Təzə bir ev alıb, deyir ki, təmir elətdirməliyəm, pəncərələri plastikadan düzəltdirməliyəm. Gərək bundan sonra köçəm. Axı camaat məni qınayar. Deyər ki, 30 il kirayənişin qalıb, indi ev alıb, evin də təmiri yoxdur. Yox ey, camaat bizə nə deyər?!

...Varlı ailələrdən birinin gəlini heç də yaxşı deyilmiş. Həmin gəlin ocağa gələndən sonra heç kimə gün verib işıq vermir, baldızının, qayınanasının, qayınatasının, qayınının başında turp əkir. Hətta ərini də adam yerinə qoymur. İki uşaq dünyaya gətirir. Ondan sonra da bir az da sərtləşir, bir ailənin yeyib-içdiyini burnundan tökür. Axırda da evin ağsaqqalı məsləhət üçün gedir, çox ağıllı və müdrik olan əmisi oğlunun yanına. Əmisi oğlu da onu dinləyir. Və axırda məsləhətini verir. Deyir, əgər gəlin sizi adam yerinə qoyumursa, evdə heç kimlə yola getmirsə, onda onu boşa getsin! Kişi də bu sözü eşidəndə təəccüblənir və deyir: Bəs camaat bizə nə deyər?! Ağsaqqal isə əsəbiləşir və hövsələdən çıxır:

- Ay qohum, demirsən ki, gəlin sizə ot yoldurur. Mən də çıxış yolunu göstərirəm. İndi özün bilərsən...

Bir sözlə, həmin gəlin qayınatasını da, qayınanasının da axırına çıxır, ərinin də başına yüz oyun açır...

...Biri qalstuk taxmadan, kostyum geymədən heç bir rəsmi yerə getmir. Deyir ki, məni hamı belə görüb! Əgər başqa geyimdə getsəm, camaat məni topa tutar. Başqa sözlə demiş olsaq, camaat mənə nə deyər?!

...Bir dəfə də belə bir hadisə mənim başıma gəlib. Birinci dəfə İstanbula getmişdim, may ayı idi. Kostyum geymişdim və qalstuk taxmışdım. Gördüm hamı mənə başqa planetdən gəlmiş adam kim baxır. Qardaşım rəhmətlik Elxan dedi ki, bilirsən sənə niyə təəccüblə baxırlar?! Şəhərdə ətrafına diqqət yetir gör, bir adam sənin kimi geyinib?! Görmürsən camaat sənə pis baxır. Mən də dedim, nolsun pis baxır, mənim üçün xoşdu. Qardaşım mənimlə razılaşmadı, girdik bir paltar mağazasına. Ordan bir cins şalvar, bir qəşəng köynək, bir də ayaqqabı aldıq. Əynimə geydim, gördüm başqa bir adama oxşayıram. Tay heç kim də mənə baxmır. Deyəsən, bu dəfə camaatın nə deməsinin mənə xeyri oldu. İstanbuldan qayıdandan sonra geyimimi dəyişdim və sadə geyimdə gəzdim və özümü daha rahat hiss elədim...

Lakin elə məsələlər var ki, burda «Camaat bizə nə deyər?» qınağına bir o qədər də önəm vermək lazım deyil. Tez-tez kəndə gedirəm. Görürəm ki, maşallah, qohum-əqrəbanın bir neçə evi, maşını var. Mənim də nə elə ev-eşiyim, nə də avtomobilim var. Nolsun ki, ziyalıyam, təmiz adamam. Birinci məndən soruşurlar ki, müəllim kənddə ev tikmisən, şəhərdə təzə ev almısan, maşının var? «Yox» deyirəm, görürəm ki, mənə birtəhər baxırlar. Yəni papağı günə yandırmısan ey, müəllim! Heç bir savadı, evi olmayan adam kəndə və şəhərdə 2-3 yerdə ev alıb. Sənin isə bu yekəlikdə Bəhmənlidə bir koman da yoxdur. Nə isə... camaat bizə nə deyər?!

...Bax, «camaat bizə nə deyər?» ifadəsi bizi əməlli-başlı yorub ey! Heç kim də bunun dərininə getmək istəmir. Daha doğrusu, heç kim qınaq mənbəyi olmağa maraq göstərmir. Sadəcə olaraq bu söz və ifadə uzun illərdir bizim mentalitetimizə və təfəkkürümüzə çöküb və ondan canımızı qurtara bilmirik. Qurtara bilərik ey, yeni böyüklü-kiçikli düşünürük ki; camaat bizə nə deyər? Ay kişinin oğlanları, camaat nə deyir-desin, əgər bir şeyin həqiqət olduğunu, düz olduğunu və işıqlı olduğunu yəqin edirsinizsə, o addımı mütləq atın.

Onsuz da biz hələ də ibtidai icma təfəkküründən və primitiv düşüncə tərzindən xilas ola bilməmişik. Birdən xilas olarıq, camaat bizə nə deyər? Deyər ki, bu biqeyrətə bax ey, dədə-babaların qoyduğu yolla getmirlər, burnu fırtıqlı uşaqların dediyinə əməl edirlər. Elə bilirsiz dədə-babalarımızın dediyi hər söz qızıldı? Vallah, onların bəzi sözlərinə baxıb biz dərin quyuya düşmüşük. Ordan da uzun illərdir çıxa bilməmişik və bu gün də çıxa bilmirik. Camaat bizə nə deyər?

...Bu quyu cəhalət, nadanlıq və avamlıq quyusudur. Gəlin, bu quyudan çıxaq! Yoxsa camaat bizə nə deyir desin. Harda ki, işıq var, həqiqət var, ədalət var, düşünüb danışmadan biz o addımı atmalıyıq. Bu addımı atmasaq, ağır və məşəqqətli günlərimiz çox ola bilər...

TƏQVİM / ARXİV