adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Cahillikdən həbsxanaya...

XURAMAN HÜSEYNZADƏ
32886 | 2014-05-03 05:29
Bizim cəmiyyət necə deyərlər, yatarkən qulağının dibində top atılsa oyanmayan adama bənzəyir. Bizim cəmiyyəti oyadan günəşin şüaları, zəngli saatın səsi yox, gördüyü qara-qura yuxular olur. Diksinir və ayılır... Çox vaxt yuxusunu yozmaq əvəzinə soğan dişləyib atır...
Məsələn, bir narkoman özünün tayı olmayan birini qətlə yetirir. Hadisənin "razborka"sı deyək ki, çayxanadan başlayır. Bu hadisə adamları əməlli-başlı silkələyir. Valideynlər övladlarını çayxanalara getməyə qoymur. Cavanlar tanıdıqları narkomanlardan uzaq durur. Budur cəmiyyətin oyanışı. O qədər gec ayılırlar ki... Onda da gec olur. Günəş artıq qüruba enir-biri torpağın altına gedir, o biri həbsxanaya...
Halbuki vaxtında tədbir görə bilərdilər.
Əksər cinayətə kütlənin üz tutduğu çayxanalar, ucuz kafelər bais olur. Səviyyəli, özünə hörmət edən adam kütlənin "razborka" apardığı, qeybət etdiyi məkanlara getmir. Məsələn, indi yazsaq ki, ay səlahiyyət sahibləri, işsiz-gücsüz (bu problem bu yazının mövzusu deyil ), bivec gənclərin toplaşdığı məkanlara nəzarəti artırın, narkomaniya ilə mübarizəni gücləndirin, cavanlar məhv olub gedir, aidiyyatı adamlar buna əhəmiyyət verməyəcək. O, onun üstünə atacaq, bu, bunun. Bir də görəcəklər ki, baho, yenə kriminal hadisə baş verib...
Telekanallarda gördüyümüz və görə bilmədiyimiz cinayətlərin kökündə dayanan əsas amil cahillikdir! Savadsızlıq, avamlıq, ənənələrin əsirinə çevrilmək-bütün bunlar cahilliyə, oradan da narkomaniyaya, qəddarlığa aparıb çıxarır. Ata-anaların gözü yaşlı qalmaması, insanların ömrünün yarıda qırılmaması üçün aparacağımız ən böyük mübarizə cahilliyə qarşı olmalıdır. Pafoslu səslənsə də, ziyalısı olan cəmiyyətin cahili də olmaya bilər.

***
Viktor Hüqonun "Səfillər"ini artıq bilmirəm, neçənci dəfədir, oxuyuram. Ən qəddar adam belə Jan Valjanın etdiyi oğurluğa qarşı Monsenyor Benvenünün humanist davranışından nəticə çıxarar, xəcalət çəkməyin yol-yolağasını öyrənər... Sözümün canını böyük Hüqo daha gözəl ifadə edib:
"Müqəddəs olmaq - müstəsna bir şeydir; ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun.
Mümkün qədər az günah etmək - insan üçün qanun budur. Heç günah etməmək mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir. Bir məsələ üstündə hamı ucadan qışqırmağa və öz qəzəbini bildirməyə başladığı zaman yepiskop gülümsəyərək deyərdi: ?Oho! Yəqin, burada söhbət hamının işlədiyi böyük bir günah haqqında gedir. Buna görə vicdanı təmiz olmayanlar qorxmuşlar və şübhəni özlərindən rədd etməyə tələsirlər. O, insan cəmiyyətinin ağır yükünü daşıyan arvadlara və yoxsullara qarşı çox mərhəmətli idi. O deyirdi ki, arvadların, uşaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində ərlər, atalar, ağalar, güclülər, varlılar və alimlər müqəssirdir. O, həmçinin deyərdi ki, cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır."

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV