adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bu Vətənin uşaqları qələbəyə acdırlar –Eminquey yazır

EMİNQUEY AKİF
1717 | 2022-09-19 12:11

İstər şair kimi, istər yazar kimi, istərsə də bir vətəndaş, bir insan kimi müharibəyə “yox” deyirəm.

İndiyə kimi “haydi igidlərim, biz Koroğlunun nəvələriyik” janrında vətənpərvərlik şeiri yazmamışam. Daha doğrusu, içimdən gələn hayqırtı bu deyil. Mən Vətəni həzin-həzin sevməyin tərəfindəyəm. Amma...

Bəzi həqiqətlər var ki, onlarla savaşmaq yerinə, sülhpərvər biri kimi barışmaq lazımdır.

Dövlətçilik tariximizə baxsaq (Aturpataqan-zad söhbətlərini kənara qoyuram), gəncik və qələbə ilə nəticələnən müharibəmiz, savaşımız II Qarabağ savaşıdır. Xalq olaraq da, dövlət olaraq da 30 il bu qələbəni gözləmişik.

Niyə?

Başımız dik gəzə bilək deyə.

Özümüzü siyasi arenada söz sahibi bilək deyə.

Xarici ölkələri gəzəndə canı-könüldən “azərbaycanlıyam” demək üçün.

Təbii ki bir gecədə bu qədər şəhidin, yaralının olması, acılır, ağrılıdır, kədərlidir. Amma yenə tarixə baxsaq görərik ki, qardaş dediyimiz Türkiyə dövlət kimi də, millət kimi də var olmaq üçün bir çox savaşlardan keçiblər.

Məsələn, Çanaqqala savaşı Türkiyəni var edən savaşlardan olub.

1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinin ən şərəfli səhifələrindən biridir.

Çanaqqala savaşında necə ki, birinci hücum edən tərəf düşmən idi, eynilə də Qarabağ savaşında da hücum edən tərəf düşməndir. Bu savaşı biz başlatmamışıq.

18 Mart Çanaqqala zəfərinin qazanılmasında Mustafa Kamal Atatürkün hərbi dühası həlledici olmuşdu.

Atatürkün cəbhədə “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm” deməsi əsgərləri qələbəyə inandırmışdı.

Biz də ordunu. əsgəri ruhdan salmamalıyıq.

Ki, əslində ordu ilə xalqın, cəbhə ilə cəmiyyətin ab-havası bu dəqiqə tamam fərqlidir.

Bu Vətənin uşaqları qələbəyə acdırlar.

Döyüşürlər...

Var olmaq üçün!

Vətən olmaq üçün!

Millət olmaq üçün!

TƏQVİM / ARXİV