adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bu, müqəddəs bir dəhşətdir

ANAR ALBƏNDƏYEV
30195 | 2013-04-03 10:35
Dünən "Dolu" filmini izlədik.Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilmiş, əminliklə söyləyə bilərəm ki, dolu bir film. Zal da dolu idi. Qarabağ müharibəsində döyüşən Vətən oğulları var idi orda. Əllərindəki çəliklər, oturduqları əlil arabaları bir yana, baxışlarında hiss olunurdu müharibə. Yarım qalmış mübarizə, təəssüf və küskünlük. Təqdimatda onlar üçün "Qarabağ veteranları", "Qarabağ əlilləri" ifadəsi işlənəndə pis hisslər keçirirdim. Çünki o boyda ürəyə malik insanlara nə əl lazımdı, nə ayaq. Filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Az sonra həyəcanla izləyəcəyimiz obrazlar. Film başladı, əlində əsa yaşlı bir kişi gedir. Üzündəki ifadə mənə tanış gəlir. Az öncə foyedə həmin oğulların üzündəki ifadədir bu. Bu yaşlı adam 20 il əvvəlki Ağdam batalyonunun komandiridir. Həyəcan başlayır, çünki film yox, müharibə izləyəcəm. Dolu başlayır, stəkanı sındırır, diksinir adam. Komandir keçmişə qayıdır, buz damlalarını qrad mərmiləri əvəz edir. Evlər partlayır, adamlar ölür. Budur həmin obrazlar, zalda oturan oğulların keçmişləri. İbad Hüseynov var orda. Orda Elməddin Sərdarlı var, Rey Kərimoğlu var. 
Müharibənin hər üzünü görürük. Və müharibə bizə hər şeyin doğru üzünü göstərir. Qısaca desəm, Vətən uğrunda gedən müharibə elə bir müqəddəs dəhşətdir ki, qan udduran zalım belə, vətənini sevən bir dilənçinin qarşısında diz çökür. "Dolu"da da hadisələr o cür gedirdi. Bir silahı olsun deyə bir əlini kəsib atmağa, bir əli ilə döyüşməyə hazır insanlar var idi. Digər tərəfdə üzünə "sən nakişisən" deyildikcə "dişlərini ağardan"lar. 
Elə epizodlar olurdu ki, nəfəs almaq belə çətinləşirdi. Sağımda oturan dostumun keçirdiyi həyəcanı hiss edirəm, oturacağı sıxır. Əmisinin bizə danışdığı döyüş xatirələrini izləyir indi. Ağdama qrad mərmiləri yağır. Şelli, Gülablı kəndlərinin adını eşidəndə Ağdamdan olan uşaqlıq dostlarım yadıma düşür. Dolunun şəhidləri içərisində birinin atası, birinin dayısı var. 
Bir tərəfdə şərəfsiz məmurlar, silahını qoyub qaçsa dərd yarı, silah-sursatı götürüb qaçan qorxaqlar və ermənilər, digər tərəfdə Vətən oğulları var. İçlərində məmur da var, polis və hərbçi də, adi kənd sakini də. Hətta məhbuslar da var. Düşmən şəhərə girir, rəis həbsxanadakı məhbusları azad edir, "gedin" deyir. Məhbus "Rəis, silah ver!" deyəndə zaldakı hər kəsin boğazı düyünlənir. Müharibə bizə hər kəsin doğru üzünü göstərir. 
Əsgərlər ölür, polislər, kəndlilər, məhbuslar da. Amma bu elə bir ölməkdir ki, hamı o cür ölmək istəyir. Buna görə də heç kəs ağlamır onların ölümünə. Hamı qürur duyur. İşıqlar yanır, alqışlar dayanmır. Hamı qəhrəmanları alqışlayır, filmdəki və zaldakı Vətən oğullarını. 
Komandirin o cümləsi yadıma düşür: "Nə qədər oğul ölməlidir ki, siz bu torpağı sevəsiniz?!"
Bu müharibənin sualıdır.
Mən isə bir sual verəcəm: "Nə qədər oğul doğulmalıdı ki, biz torpaqlarımızı geri alaq?!"

TƏQVİM / ARXİV