adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BELƏ HAQSIZLIQ OLMAZ AXI! - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2103 | 2023-09-19 11:53

Sentyabrın 18-də axşam saatlarında özəl televiziyaların birində gedən xəbərə baxandan sonra lap dilxor oldum. Dilxor oldum ki, bir çox nazirliklərdə və idarələrdə hələ də haqsızlıq və ədalətsizlik hökm sürür. Həmin süjetdə bir müəllimənin 80 bal toplamasından danışılırdı. Elm və Təhsil Nazirliyinin müəllimlərlə bağlı keçirdiyi imtahanda həmin xanım yüksək nəticə qazanıb. Amma buna baxmayaraq, neçə aydır ki, onu get-gələ salırlar və işə götürmürlər. Xanım deyir ki, mən məktəb direktorunun yanına gedirəm, o, isə and-aman edir ki, vakant yerimiz yoxdur. Bəs vakant yer yoxsa, niyə məlum nazirlik imtahan keçirir və bu sahədə müəyyən addımlar atmaq istəyir?!Təəssüf ki, bu addımlar bəzi hallarda uğurlu alınmır. İndi həmin xanım qalıb Regional Təhsil İdarəsi ilə məktəblərin arasında. Hərə bir söz deyir. Amma heç kəs onun halal haqqını özünə qaytarmaq istəmir…

Bu xanımın həyat yoldaşı 2016-cı ildə Aprel döyüşlərində çox böyük qəhrəmanlıq və şücaət göstərib. İndi İraqda Azərbaycanın Sülhməramlılar Dəstəsində xidmət edir. Belə bir vətənpərvər, qeyrətli insanın həyat yoldaşı isə işə qəbul olunmur. Onlar fikirləşmirlər ki, belə qeyrətli oğlanların hesabına bu Vətən, bu ölkə rahat nəfəs alır?! Adamı yandıran odur ki, 30-40 bal toplayan müəlliməni işə götürürlər, amma 80 bal yığan insan qalır «oyundankənar» vəziyyətdə! Bax belə olanda haqsızlıq qalxır göyün yeddinci qatına. Sonra da deyirik ki, Allah, biz nə eləmişik ki, başımıza belə oyunlar gətirirsən? Başımıza belə oyun gətirənlər indi çox vaxt vəzifədə əyəlşir, vətənpərvər, savadlı, təmiz və namuslu adamları incidir, get-gələ salır və işlə təmin eləmirlər. Düşünürlər ki, elə ucdantutma hamıdan nəsə qoparmaq lazımdır.

Ancaq fikirləşmirlər ki, haqqa girməkdən böyük günah yoxdu. Bu günahı Allah heç kimə bağışlamır. Cənablar, zəhmət çəkin, haqqı tapdanan o müəlliməni işə götürün, yoxsa cəmiyyətdə Sizə o qədər də hörmətlə yanaşılmayacaq və eyni zamanda nifrət hissi oyanacaq. Bax, belə haqqı tapdanan müəllimələri görəndə adamın lap ağlamağı gəlir, təhsilimiz elə indi elə gündədir ki, onu bir qoca arvad lazımdır ki, dəsmal götürüb, ağı deyərək ağlasın…

TƏQVİM / ARXİV