Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a bildirilib ki, əhalinin artımı üçün bir sıra aktiv proqramlar mövcuddur:
"Bu gün ölkədə sosial təminat sisteminin mühüm bir istiqaməti uşaqlı ailələrə yönəlib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət ödənilir. Ünvanlı yardım proqramı ilə əhatə olunan ailələrin üzvlərinin böyük əksəriyyəti uşaqlardır və həmin ailələrdəki 1 yaşınadək uşaqlara əlavə olaraq aylıq müavinət verilir.
Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Son illər ardıcıl sosial islahatlar nəticəsində qeyd olunan ödənişlərdə dəfələrlə artıma nail olunub. Həmçinin çoxuşaqlı analara daha erkən dövrdə yaşa görə pensiya hüququ verilir.
Digər tərəfdən, qanunvericilikdə hamilə, 14 yaşına çatmamış uşağı və yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşağını təkbaşına böyüdən valideynlər üçün əmək münasibətlərində bir sıra güzəştlər də nəzərdə tutulub.
Bundan başqa, nazirlik tərəfindən cəmiyyətdə uşaqların, xüsusilə qız övladlarının dəyərinin yüksəldilməsi, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinin təşviqi, həmçinin reproduktiv sağlamlıq və analığın mühafizəsi istiqamətləri üzrə də mütəmadi olaraq maarifləndirici və məlumatlandırıcı layihələr və tədbirlər də həyata keçirilir".
Xatırladaq ki, 2015-ci il iyulun 1-dən etibarən 5-dən çox uşağı olan ailələrə hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.


Bakı -°C
