adalet.az header logo
  • Bakı -°C

Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub

56 | 2026-09-25 16:55
A- A+

Azərbaycan Universitetində Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə ilə tələbələrin görüşü keçirilib. Görüş, 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Əbədi xatirə” adlı tədbir çərçivəsində təşkil edilib. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən və zəfərlə başa çatan Vətən müharibəsindən, Anım Gününün təsis edilməsinin mahiyyətindən və əhəmiyyətindən bəhs olunub, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, tarixin gedişatını dəyişən Vətən müharibəsi Azərbaycan gənci üçün böyük bir vətənpərvərlik məktəbidir. 

Tədbir çərçivəsində təşkil olunan “Zəfərin varisləri: tarixi yaddaş və gəncliyin mənəvi məsuliyyəti” mövzusunda panel müzakirənin spikerləri Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, hərbi instruktor, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi qazisi İlkin Ağazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınksi olub. Spikerlər tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb, rəqəmsal və mənəvi cəbhədə vətənpərvərlik mövzusunda fikir mübadiləsi aparıblar.

İlkin Ağazadə çıxışında Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, gənclərin tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun yaşadılmasındakı rolundan bəhs edib, döyüş xatirələrini bölüşüb. Elvin Talışınski isə informasiya müharibəsi, məqsədi və istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib, rəqəmsal platformalarda düzgün və etibarlı məlumatın yayılmasının vacibliyindən danışıb. Müharibələrin yalnız səngərdə deyil, rəqəmsal müstəvidə də aparıldığını qeyd edən spiker informasiya cəbhəsində gənclərin rolu, media savadlılığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda faktlara əsaslanaraq çatdırılmasının strateji əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, tədbir Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib.

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV