adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil Abbas: “Nərmin işi”-ni təkcə Aytənmi paylaşır?!

AQİL ABBAS
832 | 2022-05-12 17:35

Azərbaycanın hüquq- mühafizə orqanları az qala 2 ildir ki, “Nərmin işi”-ni araşdırmaqla məşğuldur. Hələ də heç bir nəticə yoxdur. Və hələ də bu ölüm hadisəsini İlkin Süleymanovun etdiyi ilə bağlı məhkəmənin əlində dəqiq faktlar yoxdur. Yalnız özünün işgəncələr nəticəsində etirafından başqa.

Özü isə etirafını işgəncələr altında verdiyini deyir. Kimsə etdiyi cinayəti etiraf edə bilər, amma bu, faktlarla sübut olunmalıdır. Yəni İlkin Süleymanov hətta Kennedinin ölümünü boynuna ala bilər. Lakin bu o demək deyil ki, İlkin Süleymanov Kennedini öldürüb, ən azı ona görə ki, Kennedi öldürüləndə İlkin Süleymanov hələ doğulmamışdı.

Məhkəmə istintaqından, şahidlərin ifadəsindən görünür ki, İlkin Süleymanovun cinayət hadisəsindən xəbəri yoxdur.

Necə ola bilər ki, bir uşağı ən aşağısı 40 gün evində saxlayasan sonra da onu məlum hadisə ilə öldürəsən. Nəinki qohumların, hətta qonşuların xəbəri olmasın. Və sonra da onu öz qapının ağzında yandırıb öldürəsən.?!

Hər bir cinayətin motivi olmalıdır. Amma bu cinayətin İlkinin öldürməsi ilə bağlı motivi yoxdur.

Bütün kənd camaatı bildirir ki, İlkin Süleymanov günahsızdır. Amma 3-4 dolayı sübutla bu cinayət onun adıyla bağlanır.

Nə isə, indi də Aytən Məmmədova adlı bir xanım bu cinayətlə bağlı araşdırma aparır. Və nəticədə yaşadığı evin liftində ona hücum olunur. Və tələb edirlər ki, məhkəmə araşdırması aparma.

Maraqlısı budur ki, bu məhkəmə araşdırmasını təkcə Aytən aparmır. Müxtəlif jurnalistlər, müxtəlif özəl kanallar bu məsələdə İlkinin günahsız olduğu haqda materiallar dərc edir.

Azərbaycanda heç bir jurnalist hələ ki, bu günə qədər İlkinin bu cinayətdə əli olduğu haqda məlumat yaymayıb. Onda gərək Azərbaycanda 10-dan artıq jurnalistin boğazına bıçaq dirəyib deyəydilər ki, bu haqda danışma. Necə ki, Aytənin boğazına bıçaq dirəyiblər.

Ölkənin hüquq-mühafizə orqanları adi bir uşağın ölüm işini aça bilmir və günahı da jurnalistlərdə görür. Bu barədə əməliyyat-istintaq qrupu yaradılıb. Və gəldikləri nəticə də çiy material kimi məhkəməyə göndərilib. İndi yazıq hakim bilmir neyləsin.

Və hakim də bilir ki, bütün hakimlərin hakimi Allahdır. Onun apardığı məhkəmə ədalətsiz hökm çıxartsa, başı Rusiya-Ukrayna müharibəsinə qarışmış olsa da Allah vaxt tapıb bu məsələyə qarışacaq.

Bu gün oxudum ki, 18 il bundan əvvəl Yasamalda baş vermiş bir qətl hadisəsi hüquq-mühafizə orqanları tərəfindən açılıb.

İndi 18 il gözlə ki, “Nərmin işi” nə vaxt açılacaq?!

 

 

TƏQVİM / ARXİV