adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

«AMERİKALILAR SİZİN QIRILMAĞINIZA BAXIB, SONRA RAHATLIQLA YEMƏKLƏRİNİ  YEYƏCƏKLƏR» - Aqil ABBAS yazır

AQİL ABBAS
698 | 2024-02-27 09:08

(Dünya gözlərini yumanda…)

Fevralın 25-də gecə saat 12-dən sonra «Xəzər» TV-də çox ağır, insanı təbdən çıxaran dəhşətli bir film nümayiş etdirdilər: «Ruanda oteli». Bu filmə  bir-iki dəfə baxmışam. Çox ağrıdıb məni, amma Xocalı faciəsindən bir gün qabaq yenidən  baxanda məni lap dəhşətə gətirdi. 

Oxşar faciələr, oxşar hadisələr. Afrikada  kiçik bir dövlət olan Ruandada millət iki yerə  bölünüb - hutular tutsiləri  qırır. Hakimiyyəti ələ keçirmiş hutular tutsilərin başına ermənilərin Xocalıda bizim başımıza açdığı faciəni, soyqırımı yaşadırdı. Küçələr  meyitlərlə doludu, əllərində xəncər, qılınc elə küçədəcə qoca, qarı, uşaq, qadın  demirlər hamısını  doğrayırlar. Tutsilərdən 8 nəfərə  yaxını qaçıb ölkədə bir otelə sığınır. 

Deyəcəksiniz, bu faciəni  yaşamışıq, amma məsələ başqadı. Bir xarici jurnalist küçədə insanların doğranmasını lentə alır. Necə Çingiz Mustafayev  meyitləri  çöllərə  səpələnmiş uşaq, böyük, qoca, qarı -  xocalıları  lentə almışdı. 

Otelin meneceri jurnalistdən  xahiş edir ki, bunu bütün dünyaya yaysın, qoy dünya  görsün ki, tutsiləri  necə vəhşicəsinə qətlə yetirirlər. Jurnalist başını  yelləyərək bilirsiniz nə deyir? Deyir ki, çalışacam, amma Amerikada, Avropada bu kadrlara baxandan sonra heç nə olmamış kimi  oturub  rahatca yeməklərini yeyəcəklər. 

Necə ki, Çingizin  çəkdiklərini bütün dünyaya yaydıq və 30 ildi ermənilərin bizim başımıza açdıqları  faciələri yaydıq, Amerika da, Fransa da, Avropa da ya baxmırdı, ya da baxandan sonra oturub rahatca çörəklərini yeyirdilər. 

BMT-nin sülhməramlıları guya gəliblər, 300 nəfər  və dağılıblar bütün  ölkəyə. Bir polkovnikin  rəhbərliyi ilə 4 sülhməramlı həmin  oteli  qoruyur. Otelin  meneceri ona yalvarır ki,   bir az qüvvəni  artırsın. Polkovnik  deyir: «İmkanım yoxdur, həm də bilirsən amerikalılar, fransızlar, ingilislər  üçün siz yoxsunuz. Sizin qırılmağınız onların vecinə deyil». 

Necə ki bizim qırılmağımız – Xocalı soyqırımı nə ABŞ-ın, nə Fransanın, nə İngiltərənin, nə də Avropanın  digər ölkələrinin  vecinə deyil. 
Elə sülhməramlıların gözü qabağında tutsiləri  doğrayırlar, onlar da durub baxır. Necə ki Serbiyada serblər BMT sülhməramlılarının  gözü  qabağında kosovalıları  qırdılar, sülhməramlılar da siqaret  çəkə-çəkə tamaşa elədi. 

Necə ki 10 noyabr  Bəyannaməsindən sonra Qarabağa yerləşdirilən sülhməramlılar (düzdür, onda Qarabağda  azərbaycanlılar  qalmamışdı ermənilər  qıra) nəinki separatçıların silahlanmasına göz yumurdu, hətta Ermənistandan silah və ağır texnika daşımalarına bələdçilik də edirdi. 

Dünya 30 il  bizim  faciələrə  göz yumdu, susdu. BMT 4 qətnamə çıxartdı  və sonda Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Müzəffər Ordumuz o qətnaməni təkcə Ermənistana  yox, həm də  Avropada bizi sevməyən  dövlətlərə, eləcə də  BMT rəhbərlərinə  yedizdirdi.  Özü də 44 günün içində. Və sonra da 24 saata Qarabağda  separatizmin kökünü kəsdi. 

Düzdür, filmin sonunda o polkovnikin  köməyi ilə oteldəkiləri birtəhər aradan çıxarıb Tanzaniya sərhədində başqa bir etibarlı  qaçqın  düşərgəsinə yerləşdirirlər. Necə ki sağ qalan xocalılar da birtəhər canını  qurtarıb Ağdama  sığınmışdılar. Amma sonda xocalıların başına  gələnlər elə ağdamlıların da başına gəldi. 

İndi görün dünyada  nə qədər xalqlar Xocalı faciəsini yaşayır, dünya  izləyir, susur və sonra da  rahatca çörəyini  yeyir,  üstündən də  viski  içir. 
26 fevral - Xocalı  soyqırımı  günü! Getdim  «Ana harayı» abidəsinə gül qoydum. Bütün  millət  ordaydı. Həmişə bu  abidəni ziyarət edəndən sonra  uzun müddət  nə mən, nə də millət özünə  gələ bilmirdi. Amma bu dəfə elə olmadı, çünki Xocalı azad  olmuşdu. Azadlığından sonra ilk dəfəydi ki, ürəklə abidəni  ziyarət edirdilər. 

Həmin günü Ali Baş Komandan, Cənab  Prezident İlham Əliyev Xocalı soyqırımını xocalılarla Xocalıda andı. Bundan xoş gün  olarmı? 

Tanrı Türkü qorusun! Tanrı Ordumuzu qorusun! Tanrı Ali Baş Komandanı qorusun!

TƏQVİM / ARXİV