Ağdamın girəcəyində tökülən göz yaşları... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
2638 | 2022-11-09 16:24

.... Maşın çınqılın üstən sürüşüb dayanır,post başlayır bu yerdə. Əvvəllər də,sonralar da bu yolla dəfələrlə gəlmişəm. Hətta təpənin üstən çıxıb baxdığım da olub. Bu gün bir az fərqli idi. Zəfər günündə gəlmişdik. Adımızı yoxlayırlar ,mən gözləyirəm. Yanımızda başqa bir maşın da dayanıb, bir qadın həsrətlə boylanır Ağdam tərəfə. Mənə deyir ki,əvvəl dözürdüm,indi tıncıxıram... Həyətimizə gedənlərdən daşlar istədim,bir də cır narlar gətirdilər. Sinəmin üstə qoydum rahatladım elə bil.

--Aqil ,məni tanıdın? Bir məktəbdə oxumuşuq. Həm də qonşu idik.

Adlar çəkir. Aqil tanıyır əlbəttə,boynuna sarılıb ağlayır qadın... Duyğu fırtınası yaşanır. Bu Ağdamın girəcəyində tökülən göz yaşlarından bir azacığıdı...

Sonra evimizə ,daha qoğrusu evimizdən qalmış divarlara tərəf yol alırıq. Şəhər evlərin məzarlığıdı. Amma məzar yerləri də qalmayıb...Ağdam məscidi tikilir aramla ,həyat qayıdır məbədə... İndi üz tutduğumuz həyətimiz ,ondan geri qalan viranəmiz ...Öz yerində qalıb...

--- Gilas quruyub-- deyir .

--- Gözlədi sizi,sən gəldin tapdın onu,sonra qurudu...Səni gözləmişdi...

....Belə yerdə çox danışmaq olmur.Nədən danışasan? Bütün sözlər deyilib. İndi deyiləcək sözlər həyat qayıdandan sonra olacaq. Və görünür qayıtmağa başladığı. Yaşayış kompleksi tikilir...Yarımçıqdı...

Bəzən ağaclar gözə dəyir ,iki-iki,üç -üç...Yuxarıya tərəf gedirik...Kəngərli tərəf. Burda kiçicik bir kafe var. İnsan olmayan yerdə nə ola bilərsə. Yaşayış olan Ağdamla viranə Ağdam arasında soyuq fərqi də hiss olunur...İnsan nəfəsi yoxdu...Olacaq inşallah

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV