adalet.az header logo
  • Bakı 11°C

ABŞ VƏ AVROPA DÖVLƏTLƏRİ ƏRDOĞANI NİYƏ İSTƏMİR? - Aqil ABBAS yazır

AQİL ABBAS
1541 | 2023-05-09 09:06

Qardaş Türkiyədə prezident seçkilərinə bir neçə gün qalıb. Əsas iki namizəd var – sayın Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu.

ABŞ və Avropa dövlətləri pul buraxıb demək olar ki, Türkiyə mətbuatını və sosial şəbəkələri satın alıblar və yönləndiriblər sayın Ərdoğanın əleyhinə. O cümlədən televiziya kanallarının əksəriyyətini də. Kılıçdaroğlunu dəstəkləyirlər.

Yəni ABŞ və Avropa dövlətləri başqa bir dövlətin açıqdan-açığa daxili işinə qarışır. Hətta öz mətbuat vasitələrində Ərdoğanı təhqir etməkdən belə çəkinmirlər.

Niyə Ərdoğana düşməndirlər? Bunun əsas səbəbi sayın Ərdoğanın Qarabağ savaşında Azərbaycanı dəstəkləməsidir. Avropa Birliyi hətta utanmadan deyir ki, niyə sayın Ərdoğan Azərbaycana dronlar, PUA-lar, «Bayraktar»lar verdi?

Heç kəsə sirr deyil ki, böyük Türkiyə dövləti uzun illər ABŞ-ın dediyi ilə oturub-durub. Dəmirəl də bizi çox sevirdi, amma çətin anımızda bizə Allahın bir vertolyotunu vermədi ki, Kəlbəcər camaatını çıxaraq. Səbəbi də o idi ki, Türkiyə NATO-nun üzvüdür, ABŞ-dan və NATO-dan icazəsiz bizə yardım edə bilməz. Sayın Turqut Özal da ABŞ-ın qorxusundan bizi tək qoydu və məzhəb söhbəti elədi.

Amma sayın Ərdoğan nə ABŞ-ı vecinə aldı, nə NATO-nu. 44 günlük müharibədə yanımızda oldu, bu gün də yanımızdadır. Və bundan başqa da sayın Ərdoğanın hesabına Türkiyə güclü bir dövlətə çevrilib, söz sahibidir, daha ABŞ-ın hər bir əmrinə «baş üstə» demir. Əksinə, ABŞ-a və Avropa dövlətlərinə qətiyyətlə öz yerini göstərir.

Məni maraqlandıran odur ki, baxıram sosial şəbəkələrdə bir qrup azərbaycanlı da qoşulub ABŞ-ın və Avropanın siyasətinə, sayın Ərdoğanın əleyhinə kampaniya aparır.

Bu günlərdə bir qrup dostlarla Türkiyədə işgüzar səfərdə oldum. İyirmiyə qədər qeyri-hökumət təşkilatları ilə, siyasi partiyalarla, universitet rektorları ilə, kürd qardaşlarımızla görüşlərimiz, söhbətlərimiz oldu. Və canlı şahidi olduq ki, Türkiyə sayın Ərdoğan deyir!

Sayın Ərdoğanın əleyhinə kampaniya aparan azərbaycanlı soydaşlarımıza onu demək istərdik ki, ürək bulandırmayın. Seçim Türk xalqınındır, 14 mayda da Cümhur ittifaqının qələbəsini görəcəksiniz.

TƏQVİM / ARXİV