“2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Hələlik söhbət təsdiqlənmiş büdcədən yox, ilkin proqnozdan gedir. Amma rəqəmlər gələn il dövlət maliyyəsində hansı istiqamətlərə daha çox, hansılara isə daha az vəsait ayrılmasının nəzərdə tutulduğunu görməyə imkan verir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. Manatdır:
“2027-ci ildə bu rəqəmin 39,2 mlrd. manata çatması gözlənilir. Artım 625 mln. manat və ya 1,6% olacaq. Xərclər isə 41,7 mlrd. manatdan 42,4 mlrd. manata yüksəlir. Burada artım 696,4 mln. manat və ya 1,7% təşkil edir.Beləliklə, xərclər gəlirlərdən bir qədər sürətlə artır. Nəticədə büdcə kəsiri də 3,095 mlrd. manatdan 3,166 mlrd. manata yüksəlir. Artım 71,4 mln. manat və ya 2,3% olacaq.İndi baxaq, görək, gələn il nələr dəyişək? Ən böyük artım iqtisadi fəaliyyət xərclərində gözlənilir. Bu istiqamətə ayrılan vəsait 7,86 mlrd. manatdan 8,89 mlrd. manata yüksəlir. Bir il ərzində artım 1,03 mlrd. manat və ya 13,2% deməkdir. Faktiki olaraq, 2027-ci ildə büdcə xərclərinin artımında əsas istiqamət iqtisadi fəaliyyət olacaq. Həm də bu istiqamət büdcədən ən çox vəsait ayrılan istiqamət olacaq”.
Onun sözlərinə görə, ikinci ən çox vəsaitin ayrıldığı istiqamət isə müdafiə və milli təhlükəsizlik xərcləridir:
“Bu istiqamətdə xərclər təxminən 8,72 mlrd. manatdan 8,82 mlrd. manata yüksəlir. Artım təxminən 99 mln. manat və ya 1,1% olacaq.Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3,34 mlrd. manatdan 3,43 mlrd. manata yüksəlir. Artım təxminən 97 mln. manat və ya 2,9% təşkil edir. 2026-cı ildə bu istiqamət üzrə 3,336 mlrd. manat nəzərdə tutulmuşdu.Təhsil xərcləri 5,02 mlrd. manatdan 5,10 mlrd. manata yüksəlir. Artım təxminən 82 mln. manat və ya 1,6% olacaq”.
O, səhiyyə xərclərində də artım olduğunu deyib:
“Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 2,02 mlrd. manatdan 2,08 mlrd. manata yüksəlir. Artım təxminən 58 mln. manat və ya 2,9% təşkil edir. 2027-ci ildə səhiyyəyə icmal büdcə üzrə ümumilikdə 3,96 mlrd. manat nəzərdə tutulur.Sosial müdafiə və sosial təminat xərcləri 4,87 mlrd. manatdan 4,92 mlrd. manata yüksəlir. Artım təxminən 43 mln. manat və ya 0,9% olacaq. Yəni nominal artım olsa da, əsas xərc istiqamətləri arasında ən aşağı artımlardan biri məhz sosial müdafiədədir. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 632 mln. manatdan 645 mln. manata yüksəlir. Artım təxminən 13 mln. manat və ya 2,1% təşkil edir.Mənzil və kommunal təsərrüfatı xərcləri demək olar ki, dəyişmir. 2026-cı ildə 334,5 mln. manat, 2027-ci ildə isə 335 mln. manat nəzərdə tutulur. Artım cəmi yarım mln. manat ətrafındadır.Ətraf mühitin mühafizəsi xərcləri 415,8 mln. manatdan 438,7 mln. manata yüksəlir. Artım təxminən 23 mln. manat və ya 5,5% olacaq.Kənd təsərrüfatına ayrılan vəsait miqdar ifadəsində böyük olmasa da, amma ikinci ciddi artım (faiz ölçüsündə) məhz bu istiqamətdədir. Belə ki, artım 12,5% təşkil edir. Başqa sözlə, 2026-cı ildə bu sahəyə 1,23 mlrd. manat ayrıldığı halda, 2027-ci ildə məbləğ 1,38 mlrd. manata yüksələcək. Yəni artım təxminən 153 mln. manat və ya 12,5% təşkil edir.Amma xərclərin azaldıldığı istiqamətlər də vardır.Bunlardan biri ümumi dövlət xidmətləri üzrədir. Burada vəsait 5,52 mlrd. manatdan 5,51 mlrd. manata enir. Azalma təxminən 12 mln. manatdır. Bu isə -0.2% deməkdir. (Bunun səbəbləri haqqında sonrakı yazılarımda qeyd edəcəm)Ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdədir. Bu istiqamətdə məbləğ 1,75 mlrd. manatdan 857,6 mln. manata düşür. Fərq təxminən 895 mln. manat və ya 51% təşkil edir. (Elə bunun səbəbləri haqqında sonrakı yazılarımda qeyd edəcəm) Gəlirlərin strukturunda da maraqlı dəyişiklik var.2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 42,6%-i neft-qaz, 57,4%-i qeyri-neft-qaz sektorunun payına düşür. 2027-ci ildə neft-qaz sektorunun payının 39,5%-ə düşməsi, qeyri-neft-qaz sektorunun payının isə 60,5%-ə yüksəlməsi gözlənilir. Başqa sözlə, qeyri-neft-qaz gəlirlərinin büdcədə xüsusi çəkisi 3,1 faiz bəndi artır”.
E.Əmirov deyib ki, bunun əsas səbəblərindən biri vergi daxilolmalarındakı artımdır:
“Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16,91 mlrd. manatdan 18,43 mlrd. manata yüksəlməlidir. Artım 1,52 mlrd. manat və ya 9% təşkil edir. Bunun 14,85 mlrd. manatının qeyri-neft-qaz sektorundan, 3,58 mlrd. manatının isə neft-qaz sektorundan daxil olması gözlənilir.Gömrük daxilolmalarında isə, demək olar ki, artım yoxdur. 6,862 mlrd. manatdan 6,865 mlrd. manata yüksəlməsi nəzərdə tutulur. Fərq cəmi 3 mln. manatdır.2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11,9 mlrd. manat transfert, dövlət payı olan müəssisələrdən 855 mln. manat dividend, büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən 599 mln. manat, digər mənbələrdən isə 585 mln. manat gəlir nəzərdə tutulur.Xərclərin strukturuna baxdıqda isə 42,4 mlrd. manatlıq büdcənin 26,4 mlrd. manatı cari xərclərə, 13,8 mlrd. manatı əsaslı xərclərə, 2,2 mlrd. manatı dövlət borcuna və öhdəliklərə xidmətə yönəldiləcək. Bunların büdcədə payı müvafiq olaraq 62,3%, 32,5% və 5,2% olacaq. Az qala unutmuşdum. Neftin bir barelinin qiyməti büdcədə 65 dollardan götürülüb. Bununla bağlı qeydlərim isə ayrıca yazıda olacaq. Əlqərəz, 2027-ci ilin ilkin büdcə göstəricilərində ümumi gəlir və xərclərin kəskin artımı nəzərdə tutulmur. Əsas dəyişiklik büdcənin daxilində vəsaitlərin bölgüsündə görünür. Ən çox artım iqtisadi fəaliyyət və kənd təsərrüfatında, ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulur. Eyni zamanda, büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payı artır, neft-qaz sektorunun payı azalır.Yəni 2027-ci ilin ilkin büdcəsini bir cümlə ilə ifadə etsək, büdcə çox böyümür, amma onun daxilində resursların bölgüsü nəzərəçarpacaq şəkildə dəyişir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
