adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"YENƏ DƏ GÖZLƏRDİM SƏNİ..."

VƏSİLƏ USUBOVA
749769 | 2014-10-18 01:40
Ağbəniz, dolubədənli qadın yumşaq addımlarla küçəni keçməkdədi. Bu qədər adamın, sağa-sola şütüyən maşınların arasında belə dalğınlığı sezilir. Gözəlliyini illərin badına verməyən qadınlardan olduğu göz oxşayan görkəmindən bəllidi. Bir də o bəllidi ki, dünənəcən güvəndiyi, ancaq özündən başqa kimsəyə gərək olmadığını da getdikcə hiss elədiyi gözəlliyi daha təsəlli yeri deyil. Məsum sifətində, saf baxışlarında yaşanmamış qadınlığın acı kölgələri dolaşmaqdadı...
Az qala böyürdən çıxan qırmızı maşının altına düşəcəkdi. Əgər dirsəyindən yapışan o titrək əl olmasaydı... Dönüb baxdı. Kişinin baxışlarında istilik, bir az da çəkingənlik gördü... Dirsəyini elə nəvazişlə sıxırdı ki... Nəsə demək istədi. Dilinin ucuna yığılan sözlərin heç biri dodaqlarından qopa bilmədi...
Küçəni keçdilər. Kişinin titrək barmaqlarını hələ də dirsəyində hiss edirdi. Deyəsən, bu barmaqların sahibi də haraya getmək istədiyini bilmirdi. İkisindən biri danışmalıydı...
-Gedək, sənə dondurma alım...
Bu hardan ağlına gəldi?! Həm də, payız girmişdi, axı... Kişinin bundan başqa nəsə deyə biləcəyini də gözləmirdi...
Bu dəfə özü onun qoluna girdi...
Dondurma satılan köşkün yerini bilmirdi. Heç bilmək də istəmirdi. Hər şeyin əvəzinə bu yol heç qurtarmasaydı, daha yaxşı olardı...
Görəsən, quşlar göydə qanad çalanda yerdəkiləri necə görürlər?! Yəqin elə bu qadının indi ətrafdakıları gördüyü kimi...
Yol da bitdi, bu yolu uzadan, bitməz edən duyğular da...
Dondurma satılan köşk bağlıydı...
İnsanın arzularının gözündə qalması çox pisdi...
Xüsusən, qadınların...
(Kişilər onsuz da əbədi duyğularçın yaranmayıblar. Xırda istəkləri gözlərində qalsa da, dünya dağılmaz...)
Dondurma bəhanəydi. Ona bir ömürlük ağız dadı lazım idi...
Kim nə deyir-desin, insan bu dünyaya arzu-kamına çatmaqçın gəlir. Şair demişkən, heç kəs vəsf etməsin cənnəti-əlanı bizə. Hər şeyi ruhumun bir nəfəs kimi fəzaya uçacağı günədək yaşamaq istəyirəm...
Nə qədər ki, torpaq ayağımı yandırır, Günəş kürəyimi qızdırır, yağış sifətimi isladır - ömür deyilən yolun hər üzünü görmək istəyirəm...
***
Nə üçün bu qadını görəndə, haqqında danışılanları, özünün xatirələrini eşindəndə O Qadını xatırladım?! Halbuki, söz açmaq istədiyim qadınla aralarında dağla düzən fərqi var. Ən azından... Yox, bu barədə bir qədər sonra...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Şamama Əbilova telefonda maraqlı bir qadın haqqında danışdı. Doxsan yaşlı Çiçək ana (bilmirəm nədənsə, bu qadını görəndən sonra ona "nənə" deməyə dilim gəlmir) deyib ki, ağlım kəsəndən heç nədə gözüm olmayıb, ömür deyilən şeydən bundan belə də heç bir umacağım yoxdu. Çünki Tanrı məni həm ən böyük istəyimə qovuşdurub, həm də belə uzun ömür bağışlayıb. Ancaq istəyirəm ki, heç olmasa, bircə dəfə mənə ad günü keçirsinlər...
Belə bir qadının görüşünə getməmək günah olardı...
Mərkəzə yığışanların hamısı yolunu səbirsizliklə gözləyirdilər. Tanrı hər bəndəsinə uzun ömür bağışlamır. Həm də hər kəsin qəlbini belə uşaqcasına məsum, saf istəklərlə doldurmur... Ucaboylu, arıq qadın koridorun o başında görünəndə qəlbimi bənzərsiz bir həyəcan döyəclədi. Yetmişdən artıq yaş vermək olmazdı. İncə sifət cizgiləri vardı. İlk dəfə qədəm basdığı idarədə, çoxunu tanımadığı adamların arasında belə, yaraşıqlı çöhrəsinin rahat, arxayın ifadəsi diqqət çəkirdi. Adamın qəlbini riqqətli bir duyğu dilləndirirdi: keşkə hamımıza belə bir ömür qismət olaydı...
Onu yuxarı başda əyləşdirdik...
Üstündə "90" rəqəmi yazılıb şamlarnan bəzədilmiş tortu kəsdilər. Gül dəstələri, hədiyyələr təqdim olundu...
Hamının ürəyi doluymuş, sən demə. Hər kəs nəsə soruşmaq, bilmək istəyirdi. Çox danışana oxşamırdı. Ömür salnaməsini qızları, nəvələri nağıl edirdi onun əvəzinə. Yəqin bir zamanlar özü həvəslə danışırmış indi eşitdiklərimizi...

***
Əsli Kürdəmirin Carlı kəndindəndi. Mövsüm kişiynən Pəri xanımın ailəsində çiçək kimi böyüyən Çiçəyi çox tez nişanlayıblar. Deyir, oğlan uşaqları kimi həyətdə ağacdan at düzəldib çapırdım. Əmim oğlu məni görüb "səni nişanlayıblar ey, xəbərin var?" deyəndə də ağlım bir şey kəsmədi... Nişanlımı xeyli sonra gördüm...
Və nişanlısı Əli o qədər ürəyinə yatır ki, onu gəlinlik gərdəyinə aparan yol on səkkiz il uzansa da, Çiçəyin ağlından başqa kimsə keçmir...
Müharibə kabus kimi ömürləri qaralayıb keçir. Atası maşın qəzasında ölür. Dolanışıq çətinliyi ucbatından Sabirabada köçürlər... Anası da, özü də işləməyə başlayırlar...
Müdriklərdən biri deyib ki, səbr-üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir...

***
Nədəndi görəsən, biz qeyri-adi hadisələri, gözlənilməz əhvalatları həmişə kitablarda, filmlərdə axtarırıq?! Ətrafımızda daha maraqlı, gözlənilməz hadisələr baş verdiyinin fərqinə varmırıq...
Çiçəyin işlədiyi uşaq bağçasında qadınlardan biri Rusiyadan məktub alırmış. Məktubların birində göndərilmiş şəkil Çiçəyin nisgilli könlünü ümid işığına bələyir. Qız barmağını şəkildəki oğlanlardan birinin üstünə qoyub: "bu, mənim nişanlımdı" deyir...
Xoşbəxtliyin qapıları bəzən taybatay açılır. Sən demə, elə bu aralarda Əli də uzun illərin sükutunu pozub xalasına yazdığı məktubda soruşubmuş: "Mənim nişanlım dururmu?" Xalası da cavab yazıbmış: "Allah əmanəti kimi..."
Vəssalam. Daha bu ayrılığa son qoymağa kim, nə əngəl ola bilərdi ki?!.
Əli Vətənə dönür. Evlənirlər...
Əliyə qovuşduğu gün Çiçəyin hansı duyğular yaşadığını təsəvvür eləmək istəyirəm. Düşünəndə belə az qalır ürəyim köksümdən çıxsın. Bəs, bu duyğuları yaşayan gəlin necə dözüb buna?! Axı, insan bəxtəvərlikdən də ölə bilər... Bu hissləri ancaq göylərin hökmüynən cavanlaşıb Yusifinə qovuşan Züleyxanın yaşadıqlarıynan müqayisə eləmək olar...
"Xoşbəxtliyin dərinliyinə çatmaq üçün insana bir gün belə bəs edər". Dostoyevskinin sözləridi. Çiçək anaya isə tale belə günlərdən çələng hörübmüş...
Dörd qızları, iki oğlanları olur. Əli ailəsini dolandırmaq üçün çox işlərdə çalışıb. Həm də gözəl sənətkar olub. Çaldığı zurna, balabanla "Vağzalı" sədaları altında çox qızları ər evinə yola salıb. Kürdəmirli ustad aşıq Əhmədlə də çox məclislər yola verib...
1983-cü ildə rəhmətə gedib...
Əli kişi İrkutskda bir rus qadınla evlənibmiş. Səfər adlı bir oğlu var. Səfər bacı-qardaşlarıynan görüşmək üçün iki dəfə Sabirabada gəlib... Çiçək ananın qızları atalarının Səfər haqqında danışdığı maraqlı bir əhvalatı da xatırladılar... Səfər körpəlikdə çox ağlağan olub. Səhərəcən yatmırmış. Anası uşağı sakitləşdirə bilməyəndə Əli oğlunu qucağına alıb ona layla çalırmış... Və Səfər bu laylanın altında şirin yuxuya gedirmiş. Arvadı təəccüblə soruşurmuş: "Sən bu uşağa öz dilində nə deyirsən ki, o da belə sakitləşib yuxuya gedir?"
Çiçək ana otuz ildən artıqdı ki, Əlisiz qalıb. Hər dəfə söz düşəndə deyir ki, bu dünyada ondan yaxşı kişi olmayıb, olmayacaq da. Əgər lazım gəlsəydi, daha bir on səkkiz il də gözləyərdim onu...
Nədi bu?! Sevgimi?! Bağlılıqmı?! Ruh əkizliyimi?! Hər nədirsə, bu saydıqlarımın hamısından ucada duran bir duyğudu. Hər adamın canında, qanında olmayan bir duyğu...
-Niyə bu qədər gözlədin onu?! Axı, ərindən, nişanlısından "qara kağız" alanların da bəziləri, hətta uşağı olanlar da ikinci dəfə ailə qurdular...
-Mən bunu eləyə bilməzdim...
-Birdən heç gəlməyəydi? Onda necə?
-Yenə də gözləyəcəkdim...
-Nə idi səni inandıran, ümidli edən? Heç yuxular görürdünmü?!
-Elə yuxularım inandırırdı məni. Elə hey "səbr elə, səbr elə" deyirdilər yuxularımda mənə...
-Əlidən ötrü darıxanda ən çox hansı bayatı, qoşma keçirdi ürəyindən?!.
Dərindən köks ötürüb həzin səslə deyir:

Adım Mahmud idi, qoydular Kərəm.
Yoluna baxmaqdan olmuşam vərəm.
Dəryalar mürəkkəb, meşələr qələm,
Mollalar yazdıqca dərdim var mənim...

Sonra da deyirlər ki, alın yazısı yoxdu... Yox, bizim anlamadığımız çox şeylər var bu qoca dünyada. Daha çox şeyləri anlayardıq, əgər ürəyimizin səsinə vaxtında qulaq assaydıq...
O nəğmədəki kədər də, həsrət də arxada qalıb. Çiçək Nəsirova çoxlarına qismət olmayan bir tale və uzun ömür yaşayıb... İndi ən böyük arzusu dünyamızın sakit, savaşsız olmasıdı:
-Biz görəni cavanlarımız görməsin. Tanrı dövlətimizi, Prezidentimizi qorusun! Dövlətimiz olmasa, biz də olmarıq. Prezidentimiz olmasa, dünya da bizi saymaz...
Çiçək ananın hər qayğısını çəkən ortancıl qızı Həbibə deyir ki, o, həmişə belədi. Hər şükranlığında dövlətimizə, Prezidentimizə dualar edir...

***
Yazının əvvəlində ən kiçik arzusu belə gözündə qalan qadını qəsdən təsvir eləmişdim. Təzad yaratmaqla taleyin müxtəlif qütblərində dayanan iki ömrün mənzərəsini cizmək istədim. Bu mənzərə elə mənim özüm üçün də maraqlıdı...
Çox yaşamaq gözəl şeydi... İnsan çox arzularına çata bilir. Hətta ən sonuncusuna da...
Sonuncu arzu isə yoxdur...
Yoxdursa, deməli, ömür də hələ uzanacaq...


  • May:
  • 3

TƏQVİM / ARXİV