adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

PİRDƏN PİRƏ

MƏMMƏD DƏMİRÇİOĞLU
30251 | 2015-09-19 10:21
IV YAZI

Uca dağların üstünü alan çən- duman səngimək bilmirdi. Payızın gəlişini xəbər verən küləklər saralıb solmuş ağacları sikəliyir, bir himə bənd olan qızılı yarpaqları saplağından üzərək havada o yan-bu yana qovurdu. Hər fəslin öz gözəlliyi var. Dağların mübarək qoynunda bərqərar olmuş Mirlər kəndi ilin hər fəsillərində görkəmini dəyişir, Baharda gül-çiçəklərin ətrinə, quş nəğmələrinin ahənginə boyanar, payızda isə al-qırmızı, sapsarı donunu geymiş təbiətin qızılı şabaşlarına qərq olurdı.
Vaxt, zaman gəlib çatmışdı. Mürşüd deyib, üz tutduğu ustadi kamilindən mükəmməl dərs almış Mahmud, Pir həzrətlərinin elm dəryasından qətrələr toplamış, Eşq nurundan könlünü mayalandırmış, daxilən və zahirən xeyli zənginləşmişdi. Pir həzrətlərinin oğlu Siracəddinə o qədər dostluq mehri salmışdı ki, ondan ayrılmağı düşünəndə içini kədər bürüyürdü.
Payız, qürbət qoxuyan, hicaran oxuyan bir fəsildi. Ağacların, quşların, otların, bir sözlə təbiətin yır-yığış fəslidir. Yarpaqlar saralır, şən quşlar, qərib durnalar payızda yaylaq yerlərini tərk edən elat köçünün karvanını xatıladır, meyvəli ağaclar barının dərilib qurtarmasını, çöl, çəmən sapsarı paltarını soyunub, qar ağızlı qışın gəlişini gözləyirlər...
Mir Həmzə Nigari həzrətləri təbiəti, ağacları, quşları, hətta daşları belə duyur, sirli aləmlərinə qəra olub, hətta onlarla könül söhbəti də edirdi, çox zaman.
Qürubun saralmış şəfəqləri camalına işıqlı bir pərdə çəkmişdi sanki. Altı kürsülü, üstü kirəmid örtüklü evinin arxa tərəfi günbatana olduğundan, günəş qurub dərkən evin arxasındakı balaca təpəciyin üstünə çıxar, batmaqda olan günəşin solğun cöhrəsinə salavat çevirər, dodaqaltı nələri isə söyləyərdi. Çox zaman evi qonaq-qravalı olduğundan bu adətinə əməl edə bilməyəndə belə könlü batan günəşi salamlayar, "Sübhan Allah", "Şükür" kəlmələri ilə düşən gecənin qaranlığını da ürək dolusu sevgiylə qarşılayardı.
Ötən günkü mürşüdlər məclisi gecənin ortasına kimi davam etmişdi. Amasiyadan, Anadolunun digər bölgələrindən, Borçalıdan və hətta uzaq Cığatay ellərindən gəlmiş ruh və könül dostlarıyla xeyli zamanda belə irfani bir məclis qurmamışdı. Mürşüdlərinə pənah gətirmiş müridlər də həmin məclisdə cəm oub, mürşid və mürüd ənənələrinə sadiq qalaraq işıq başına cəm olan pərvanələr misalı, Pir həzrətlərini ziyarətə gəlmiş Mövlana misal Ariflərin başına cəm olmuşdular.
Mir Həmzə əfəndi, İncəlidən Mürşüdüm deyib ondan dərs almağa gəlmiş Mahmudu oğlu Siracəddin bəydən də çox sevirdi. Boyca Siracəddindən azacıq qısa olsa da, ondan bir az dolu idi və mütənasib bədən quruluşu bəstə boyunu tamamlayırdı. Çox zaman ülgüclə təraş olmuş başından yaşıl dolaqlı ağ əmmamısı əskik olmazdı. O qədər səliqəli idi ki, palçıqlı zamanda belə boğazı parlaq xrom çəkmələrinin üstündə bir ləkə tapmaq olmazdı. Qara, çatma qaşları, mənalı iri gözləri, yenicə tüklənməyə başlamış qarayanız cöhrəsinə xüsusi yaraşıq verirdi. Onun necə gülməyini bir kəs görməz, yalnız müəyyən zamanlarda verdiyi suallarla səsi eşidilərdi. Düşüncəli və dalğın olardı çox zaman.
Artıq bir neçə ay idi Pir həzrətlərindən dərs alır, İslam mədəniyyətinin, Quranın sirlərindən,Təsəvvüf filosoflarının müdrik kəlamlarından agah olmuş, atası Veysəl Qəranidən aldığı elmini daha kamil bir səviyyəyə çatdırmışdı. O qədər güclü hafizəsi, Allaha inamı var idi ki, eşitdikləri, öyrəndikləri dərhal beyninə həkk olunur, Uca Allahı dərk etdikcə dərk etməyə başlayır, fikrində ilahi duyğular canlanır, könlündə ilahi eşq pərvazlanmağa başlayırdı. Özündə qəribəliklər hiss edir, sanki qeyibdan səslər eşidir, düşündüyünün qənşərində zühur etməsinə özü belə heyran olurdu.
Mir Həmzə Əfəndi, Mahmudun durumuna nəzər yetirər, nələr düşündüyünü təxmin edər, sakitliklə nura qərq olmuş halına baxar, dodaqaltı; "Bu yeniyetmə, kəramət sahibi olduğundan agahdırmı görəsən?" - deyib pıçıldayardı. Danışdığı kəlmələrdən, verdiyi suallardan, durumundan və düşüncələrindən bir heyranlıq duyaraq belə bir qənaət hasil etmişdi Pir həzrətləri. Mürşüdünün ehtimallarını ağılasığmaz fəhmiylə bir neçə dəfə sübuta yetirmişdi Mahmud. Sanki Mürşüdünün düşüncələrini oxuyur, düşdüyü qayğıların ağırlığını duyurmuş kimi: - "Əfəndim, ertəyə gələcək xəbərin mübarək könlünüzü sıxacağını bilsəniz də arxayın olun ki, nəticəsi yaxşılıqla qurtaracaq" - deməsi həqiqətə çevrilər, düşündüyü dolaşıq məsələlər xeyirliklə nəticələnərdi.
Çar Rusiyasının Qafqazdakı işğalçılıq siyasəti, Dağıstanda baş qaldıran üsyankarlıq, Azərbaycanda höküm sürən hərcimərçiliklər bir vətandaş kimi onu narahat edirdi, Rusiya ilə Osmanlılar arasında baş vermiş müharibəyə qoşulmuş, Krımda gedən savaşlarda iştirak etmişdi. Müridizm hərəkatının banisi kimi, apardığı gizli təşkilatı işləri izlənilir, hər an onu gözləyən təhlükənin reallaşmağı gözlənirdi. Elə bu baxımdan da bütün bölgələrdə ona sadiq müridlərini təlimləndirir, gizli yollarla təşklatlanmaqda davam edən müridizm hərəkatının qanadlarını hazırlayırdı. Sevimli müridi Mahmud Qərani də onun inandığı sadiq müridlərinin sırasındaydı və əmin idi ki, kəramət sahibi olan bu yeniyetmə, tezliklə özü bir mürşid kamilliyinə yüksələcək, onun arzularını doğruldacaq bir xəlifəsinə çevriləcəkdi...

***
Xeyli zaman ötmüşdü. Mahmud Qərani, Pir həzrətlərinindən kifayət qədər din və təriqət dərsi almış, mürşidinin ona izin verməsini, təhsil müddətinin başa yetəcəyi günü gözləmişdi.
Payızın son ayları da başa çatmaqdaydı. Dağların qoynunda yerləşən Mirlər kəndinin al-qırmızı mənzərəsi sönən ocaq kimi bozarmaqdaydı. Tez-tez yağışlar yağır, şimşəklər çaxırdı.
Ötüşməkdə olan bu gün isə xoş keçmişdi. Səhər tezdən Mahmud, mürşidinin izniylə evlərinə dönəcək, mükəmməl bir təsəvvüf aşiqi, Təriqət sahibi kimi sevimli atasının hüzuruna gedəcəkdi.
Şər qarışmış, əl-ayaq yığışmışdı. Əminə xanım çardağın altında köz salıb qaynatdığı samanvarı Mahmur götürüb qonaq evinin ortasında qoyulmuş masanın üstünə qoydu. Xalının üstünə qoyulmuş taxçanın ətrafına döşəkcələr düzülmüş, şam yeməyi üçün süfrə açılmışdı. Çox zaman gənclərlə süfrəyə əyləşməyən Seyid Nigari, bu gün onlarla birlikdə şam yeməyinə oturmuşdu...
Yığışdırılmış süfrəyə gəlmiş çaylar buğlanır, otağın sağ küncündəki iri odun sobası ast-asta guruldayır, his bağlamış orta kərəndən asılmış iri çırağın başına dolanan pərvanə dayamaq bilmir.
Mahmud və Siracəddin Pir həzrətlərinin söyləcəkləri hədisləri intizarla gözləyirdi. Az keçməmiş əlindəki təsbehi çevirə-çevirə, "Sübhan Allah, Sübhan Allah" - deyərək söhbətə başladı Mir Həmzə xoca:
-Oğlum Mahmud, mübarək məqama yetişdik, sənin təhsil və təlim müddətin başa çatdı. Bir imanlı və etiqatlı müridim kimi öz nəfəsimdən, ruhumdan, illərcə topladığım təsəvvüf bilgilərimdən götürəcəyin qədər pay verdim. Uca amalına, işıqlı dərrakənə, ədəb və ərkanına aşiq oldum, oğlum Siacəddinlə sənə fərq qoymadım, yeri gələndə səni ondan artıq istədim.
Səni öz elinızə, obanıza yola salıram. Bütün bilgi və şəriət qaydalarını, təriqət və mərifət yollarını öyrəndin. Bunlarla yanaşı mən sənin kəramət əhli olduğunu da sezdim. Sən mənim ən sevimli və etibarlı mürüdim kimi Qazax və Borçalı ellərində irşadçılıq fəaliyyətinə başlaya bilərsən. Yaşının az olmasına baxmayaraq, sən artıq kamil insansan. Bütün bunlara baxmayaraq indi söyləcəyim kəlamları da unutma:
-Həqiqət Haqqın yanındadır oğlum. Allah-təala buyurmuş ki, məni uçuq könüllərdə axtar. Həqiqəti axtarmaq istəsən özün həqiqət ol.
- Məni necə sevdiyini aydınca sezirəm. Amma nəinki, ustadını, sevdiyin bir şeyi bütləşdirmə. Yeganə sevilməyə layiq oln Allahdı.
-Canlı dünyamızda hər şeyi cüt və ikili yaradaıb, yaradan. Sevgiyə ayrılıq, sevincə pərişanlıq, Uğura peşimançılıq, var-dövlətə bədbəxtlik, oluma ölüm qoşalığını verdiyi kim, bizə də vicud və ruh qoşalığını verib. Bu qoşalıq biri digəri olmadan yaşaya bilməz. Bədən ruhun mənzili, ruh izə vicudun sahibidir. Birini qorumaq üçün digəri qorumalısan. Bunların hər ikisi birlikdə sənsən. Ətrafına nəzər salacaqda görəcəksən ki, həyatına nə qədər kəslər daxil olub, neçəsi çıxıb gedib, axırda özünə qalan tək özünlə və ruhunlasan.
-Ola biləcək ki, insanları sevə bilməyəcəksən, onlardan türlü-türlü naqisliklər görəcəksən. Fəqət onları qəbul etmək məcburiyyətində qalacaqsan. Hər zaman səbrinə güvən belə anlarda.
- Kamillik zirvəsi tükənməz və görünməzdi. Elə tanrı kim. Fəqət sən eşq qanadlarında bu sevgiyə yaxınlaşa bilərsən. Unutma, göyün yeddi qatı kimi yerində yedi qatı var və insan dərki həm eninə və həm də uzununa yol almalıdır.
-Ey oğlum, heç bir zaman öz həddini aşma, sənə aid olmayanlara iddia etmə, Qüdrət və iqtidar sahibi olan Allah-Taalanın hüzurunda ibadət etdiyin zamanlarda iblis könlünə zühur edə bilməz.
Mən bunu aydınca sezməkdəyəm ki, sən insanların inanc və ibadət ocağı olacaqsan. Unutma ki, bu həqiqəti sənə etibar edən Uca Allahdı və bu etimadı qorumaq üçün boynuna ağır vəzifələr də qoymuş. Heç bir zaman tamaha uymamalı, dünya malına məftun olmamalısan. Sənə imdad deyib pənah gətirənlərin ümid çırağı olmalısan...
Gecənin bir qismi ötmüş, payız küləyinin saralmış yarpaqlarla etdiyi xışıltılı söhbətlər gecənin yuxusunu qaçırmışdı sanki.
Yatağına uzanmış Mahmudun da yuxusu ərşə çəkilmişdi. Pir həzrətlərinin öyüd və nəsihətləri qulaqlarından getmir, xəyalları əlçatmaz ucalıqlarda itkin düşmüşdü...
Səhər namazından sonra Mahmudu yola salan Seyid Nigari həzrətləri çay süfrəsinə oturdu. Mahmudun dalınca xeyli baxmışdı. Sanki, bədənindən ruhu ayrılıb getmişdi. Cöhrəsinə qəmlər gəlmiş, fikri-zikri dolaşıq düşmüşdü. Ərinin bu halını gizlincə seyr edən Əminə xanım, təzəcə dəmlədiyi çayı onun qarşısına qoydu. Hər zaman zövcəsinin əməyini dəyərləndirən Pir həzrətləri sanki, heç nə görmür, heç nə his etmirdi. Mahmudun gedişi onu çıx pərişan etmişdi.
-Əfəndim, çayın soyuyur.
Əminəni yumşaq və həlim səsi onu xəyallarından ayırdı.
Əllərini saqqala çəkərək gülümsədi və Əminəyə təşəkkürünü bildirdi:
-Yəqin anlamış olarsan. Mahmudu çox sevdim və onunla ayrılmaq məni xeyli kədərləndirdi.
-Ey uca könül, işıqlı zəka sahibi. Sənin ədalət və mərhəmətinə inanmışam. İnanmışam ki, səni Pir kim qəbul etmişlərin gönlündə işiq sacan günəş kimisən, uçuq könüllərin sahibisən. Bi sual etsəm, lütf edərsinizmi?
-Buyurun könlümün və ruhumun yaraşığı. Nədir səni düşündürən sual?
-Bu zamanlar ərzində hiss etməyə başlamışdım ki, sən Mahmudu doğma oğlun Siracəddindən artıq sevdin, hər məqamda ona daha çox diqqət ayırdın, daha çox qayğı göstərdin. Axı Siracəddin sənin doğmaca oğlun, o isə sadəcə müridlərindən biridir. Bu sirrdən məni agah edərsənmi?
-Gözümün nuru, doğru sezmisən və düşüncələrində haqlısan. Amma Mahmudu olduğu kimi tanısaydın, sən də belə edərdin.
-Oğlumuz Siiracəddin də çox ağıllı və kamallı gəncdir. Mahmudun ondan fərqi nədədir axı?
- Bilmək istəyirsənsə sübuta yetirərəm, - deyib, - "Siacəddin, Siracəddin!" - deyərək uca səslə oğlunu səslədi. Amma Siracəddindən soraq gəlmədi.
-Oğlumuz hardadı, niyə səsimə səs vermdi? - deyib zövcəsinin üzünə baxdı.
-Siracəddin yatır, əfəndim, hələ yuxudan durmayıb.
Belə olduqda Həmzə əfəndi ayğa durdu, evlərinin arxasındakı balaca təpəciyin üstünə qalxaraq: "Mahmud, Mahmud!" - deyərək Mahmud gedən yolu səslədi. Sonra isə yenə zövcəsinin yanına qayıtdı. Ərinin bu hərəkətindən bir şey anlamayan Əminə xanım, mat-mat onun üzünə baxdı.
Həmzə əfəndi ağzını açırdı ki, nəsə desin, bu zaman qapı döyüldü. Əminə xanım qapını açanda heyrət icində geri sıçradı. Pir həzrətləri Mahmuda yaxınlaşaraq tərləmiş alnından öpdü:
- Bu nə haldı, oğlum, üst-başın niyə belə palçıqdı? Sən axı çox səliqəlisən, özünü harda batırmısan?
- Pir babam, qalın meşənin arası ilə uzanan yolla gedirdim. Gecə yağış yağdığından yol boyunca gölməçələr var idi. Bir zavallının yüklü arabası iri gölməçəyə girib qalmışdı. Yazıq ulağı çubuqlasa da, özü kömək etsə də, arabanı bu gölməçədən çıxara bilmirdi. Elə bu zaman: "Ya Pir həzrətləri, mənə kömək ol!" - deyib sizin mübarək adınızı dilinə doladı. Dərhal palçığa girib çiyinlərimi arabanın arxasına verdim, dartıb çölməçədən çıxardıq zavvalı heyvanı və yük dolu arabanı.
- Bəs niyə geri qayıtmısan, oğlum, sən ki çox tələsirdin?
- Ya şeyxim, qulağıma səsin gəldi. İki dəfə "Mahmud, Mahmud!" - deyib məni çağırdın. Dərhal geri döndüm. Hüzurundayam, Pir babam, nə qulluq göstərməliyəm?
- Sənin kəramətinə bir daha əmin olmaq üçün bunu etdim, mənim balam. İndi isə tələs. O çardağın altına bağlanmış göy üryəni götür. Yol uzaqdı.
Mahmud boz ürgəsiylə gözdən itincəyə qədər Əminə xanım yerindən tərpənə bilməmişdi. Matı-qutu qurumuşdu.
- İndi anlaya bildinmi, könlümün sultanı? Mahmudla Siracəddənin fərqini gördünmü?
Başı ilə deyilənləri təsdiq edən Əminə xanım yaşarmış gözlərini qara yaylığının ucları ilə silib yaşmağını yuxarı dartdı.
Gözlərindən düşən bir cüt göz yaşı əslində sevinc yaşı yaşı idi...

  • May:
  • 3

TƏQVİM / ARXİV