adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

NƏQŞİBƏNDİ NƏĞMƏLƏRİ

MƏMMƏD DƏMİRÇİOĞLU
31200 | 2015-10-03 09:16
Bahar ötmüş, yayın cırhacırı səngimiş, payızın son nəfəsi olan ruzigarlar xəfif-xəfif əsməkdəydi. Sarı-sarı yarpaqlar, balaca qayıqlar kimi havada o yan-bu yana yellənir, sonra isə qanadından ayrılmış quş lələyi kimi tut ağacının dibindən axan arxın sularına qoşulub axır, çəpərin dibində yığılıb qalmış xəzəllərə qovuşaraq titrəşmədə idilər.
Bin-bərəkət ayı olmasına baxmayaraq payız fəslində içini bir hüzn bürüyərdi Hacı Mahmud Əfəndinin. Hər payız olduğu kimi, bu payız da ustadından ayrıldığı günü, erkən çıxdığından oyatmağa qıymadığı Siracəddin əfəndini xatırlatdı.
Atası Veysəl Qəraninin son mənzilə qovuşmasından illər ötmüşdü. O da payız ayında rəhmətə qovuşmuşdu. Bəlkə elə buna görəydi ki, payızı sevdiyi qədər də xatirələrə qərq olaraq qüssələnirdi bu fəsildə.
Ötmüş zamanlar ərzində Mahmud Əfəndi, öz elmi və kamalıyla ətraf bölgələrdə, xüsusən də Dağ Borçalıda, Aran Borçalıda, İlhməzli ellərində sonsuz sevgi və ehtiram qazanmışdı. İrşadçılıqla məşğul olaraq, ellərdən, obalardan gələn müridlərə dini elmləri, sufi təlimlərini, şərq mədəniyyətini və fəlsəfəsini öyrətməklə məşğul idi.
İrşadçılıq fəaliyyəti zamanı bir neçə dəfə Amasya vilayətinə səfərlər etmiş, mürşidi Mir Seyid, Həmzə Nigari həzrətlərindən daha mükəmməl bilgilər almış, dövrünün məşhur filosofları, din xadimləri və şairləri ilə dostlaşmış, əhatəsini genişləndirmişdi.
Nəqşibəndi təriqətinin başçısı olan Pir həzrətləri, onun mükəmməl kamal və idrak, kəramət və kamil iman sahibi olmasıyla yanaşı, Azərbaycanın qərb bölgəsində böyük nüfuz və sevgi sahibi olduğunu da bilirdi. Bu baxımdan ona Həcc ziyarətinə getməsini tövsiyə etmiş, eyni zamanda bu işdə ona yardımçı olmuşdu.
Həcc ziyarətindən dönəndə bir başa mürşidinin ziyarətinə gəlmiş Hacı Mahmud əfəndi, Amasyadan Astanbəyli kəndinə bir Nəqşibəndi xəlifəsi kimi qayıtmış, ustadının möhürlü fərmanıyla Təriqətin 38-ci şeyxi kimi Altun Səcərəyə daxil olmuşdu.
Qısa zaman ərzində, şanı, şöhrəti ətrafa yayılmış, dövrünün tanınmış filosofuna, kəramətləriylə xalqın inanc ünvanına çevrilmişdi.
Atası Veysəl babanın vəfatından sonra qayğıları çoxalmış olsa da, ailə qurmuş, övladlarının tərbiyəsi ilə yanaşı bir mürşid olaraq ona pənah gətirmiş mürilərini sayğılarla qəbul etmiş, yenicə tikdirdiyi evini mədrəsəyə çevirmişdi.
Xalq sevgisi və kəraməti onu ilahiləşdirməkdə davam edir, ümidsiz və əlacsız insanlın adına pənah gətirməsi günü-gündən çoxalırdı. O isə hər bir pənah gətirənin Allaha olan sevgi və inamlarının üstünə ümidlər qovuşdururdu. Onu deyib gələnlər şəfalar və nicatlar tapırdılar. Axın-axın gələn insanların heç birini naümid qaytarmaz, üzü qibləyə durub dodaq altı dualar edər, uğura çıxanlara uğur, övlad istəyənlərə övlad, çarəsiz xəstələrə şəfalar diləyər, sonda isə Uca Allahı salamlayar, "Ey uca yaradanım, bütün yaranışların məbudu, diləmək məndən, nicat səndəndir. Ümid vermək məndın şəfa vermək səndəndir" deyərdi.
Mürşidi, Pir həzrətlərinin söylədiyi nəsihətləri tez-tez xatırlayardı. "Evladım, sənin ruhun və könlün Allah eşqi ilə dolub. Ora məkr və iblis çirkabı yol tapa bilməyəcək. Uca Tanrımız ən sevimli bəndələrinə kəramət bəxş edir, ümidsiz insanların ümid çırağını yandırmaq üçün ona fürsət verir. Tanrının sevdiyi həmin insan, bəndələr tərəfindən də sevilir, Ocaq, Pir deyərək ziyarətinə gəlirlər, arzular diləyib, nicata çatırlar. Səndə kəramətin varlığını duymuşam. İnsanlar səni sevəcək, pənah gətirəcək, nəzir-niyaz edəcəklər. Dünya malı başından aşıb-daşacaq. Amma dünya malında gözün olmasın. Allah tala buyurmuş ki, mənim yerim uçuq könüllərdədi. Məni axtarsan orada taparsan"... İncə dərəsində bütün fəsillər gözəl olur. Payızın gəlişiylə yır-yığış edən il gözəl gəlmişdi, Hamı taxılını tədarük edib anbarlara yığmış, sapsarı ot tayaları qapıları- bacaları bəzəmişdi.
Yeknəsəkliklə budaqları tərk edən yarpaqlar sarı kəpənəklərə bənzəyirdi. Aveyin üstündən aşırılmış günəş Kəmənd dağının başını al qırmızı rəngə boyamışdı. Payızın rənginə qovuşmuş şəfəqlər dünya ilə göy üzünü bir-birinə qovuşdurmuşdu.
Bu ecazkar payız mənzərəsini seyr edən, Hacı Mahmud əfəndi, öz-özü ilə söhbət edirmiş kimi evin arxasındakı dikdirə qalxdı. Günəş batan tərəf Qiblənin əks tərəfi olmasına baxmayaraq, adəti üzrə batan günəşin camalına bir salavat çevirdi. Pir həzrətlərin ilkindi vaxtı evin arxasına çıxaraq batan günəşi salavatla salamladığının bir neçə dəfə şahidi olmuşdu. Bəlkə də bu adət ustadından əmanət olmuşdu ona.
Hər dəfə təbiətin seyrinə dalarkən doğan və batan günəşin, açılan və solan gülün, dünənin və sabahın əbədi və əzəli olmasını düşünür, bu nizama bu düzgüyə heyran qalırdı.

Eşq əhli varlıqdan bezər, könül varından ayrılmaz
İki dünya bir olsa da, yarı yarından ayrılmaz.

Ol xudadan əmanətdir, ruh ilə can bir vəhdətdir,
Son nəfəsi verənəcən ol ruh canından ayrılmaz.

Eşqə yoldu gül nəfəsi, eşqə yoldu "Yahu" səsi,
Eşqə varan, eşqi dadan eşqin tamından ayrılmaz.

Günəş göyün çirağıdı, ay gecənin pərvanəsi,
Eşqə talib nəfəs candan, ürək qanından ayrılmaz

Göyün yerin, sahibi var, bu pozulmaz nizama bax
Doğan günəş dan üzündən, qürub ahından ayrılmaz.

Meyxanə əhli eşq ilə sərməst olar, ey qafillər,
Qəmi mey tək işər aşiq, dərdi camından ayrılmaz.

***
Sübh namazının vaxtı idi. Adətən namazdan öncə gecə boyu durulmuş göy üzünü seyr edərdi. Səhərəcən gecəyə işıq saçan, səhərə yaxın öləziyən ayın, bir ovuça yığılmış almaza bənzəyən karvanqıranın, sonra isə sayrışan ulduzların içindən seçilən ülkərin tamaşasına durar, dərindən köks ötürərək qaymaq çiçəyi ətri qoxuyan səhərin tərtəmiz havasını ciyərlərinə çəkərdi.
Bütün günü gələni, gedəni, qonaq-qaraçası əskik olmasa da, payızın hüznü əhvalına hopar, içində bir tənhalıq duyar, bir yoxluqda bulunardı. Belə məqamlarda könlü dolub-boşalar, qeybdən səslər eşidərdi.
Yenə həmin səs, yenə də hardansa, lap uzaqlardan anadillərin səsi gəlirdi. Yenə kimisə arzuladı, yenə tənhalıqdan qurtulmaq istədi. Yenə dodaqaltı pıçıldadı:

Vardan yoxu soraqlar,
Anadillərin səsi.
Var olanlar yox bilir
Gəlib-gedən nəfəsi?

Qeybdən xəbər gəlir
Qara daşın səsiylə,
Suların avazıyla,
Yellərin nəfəsiylə.

Aldanış, aldadışdı
Dünyanın yaraşığı,
İşığın qaranlığı,
Qaranlığın işığı.

Olum-ölüm arası,
Nə haqsan, nə hesabsan?
Özünü itirirsən
Özünü harda tapsan...

Gəl, gəl, mənə sarı gəl,
Bu dünya bir aynadır.
Camalı sevənləri
Güzgüsündə oynadır...
Günortadan gün əyiləndə ortalıq yolundan onlara sarı dönən adamı gözü aldı. Boz çuxası göy rəngə çalırdı. Ürəyinə daman çin olmuşdu deyəsən. İçindəki boşluqlar dolacaq, könlünü aça biləcəyi dostu var olacaqdı.

Günəş camaldan doğur,
Ey eşqihal olan kəs.
Bizə sarı yol al gəl
Eşqi-camal olan kəs.

Gəl eşqin qanadında,
Bu zülməti yıxaq, gəl.
Qaranlıqdı buralar,
Aydınlığa çıxaq, gəl.

Bahar nəfəsinlə gəl
Tikanlar gül açmamış,
Quşlar nəğmə söyləsin,
Bu daşlar dil açmamış.
Bu yer üzü təntiyib,
Ya nəfəs ol, ya bir səs.
Səni gözəyirəm, gəl,
Eşqi camal olan kəs.
Hündür, nəhəng tərənin sinəsini yardıraraq, ata yurdunda tikdirdiyi iki mərtəbəli evin eyvanından ortalıq yolu aydınca görünürdü.
Boz çuxalı yolçu qərib adama oxşayırdı. O, soraq aldığı səmtə, sol tərəfdən təpənin üstünə qalxan yola döndü. Bu yol yeni salınmış olsa da, gedib-gələnin çoxluğundan ağarmış və bərkimişdi. Yağışlı günlərdə palçıq olmasın deyə, yolun sağ tərəfinə daşdan çığır döşənmişdi. Yolçu bu çığırla yuxarı qalxardı. Çatmışdı mənzilinə. Başını qaldırdı.
Qarşısında gülər üzlü, orta boylu, saqqalına azacıq dən düşmüş, başı ağ əmmaməli, çöhrəsi nur dolu adamı görüb dayandı. Nəfəsini dərdi, qamətini düzəldib, onun yolunu gözləyən adamın gözlərinin içinə baxdı. Dəryalarca dərin bu gözlərdən gözünü çəkə bilmədi, dodağı səyridi:
- Hacı Mahmud Əfəndim! - deyib, qollarını sinəsinə çarpaz edərək təzim etdi. Əllərini öpüb alnına qoydu.
- Xoş gəldin, könül dostum. Nə zamandır yolunu gözləyirdim, - deyib qonağı sinəsinə sıxdı. Sonra özündən aralayıb, gözlərinin içinə baxdı və yenidən sinəsinə sıxdı. - Sən gəldin! - Deyib, qonağın qoluna girərək evinə tərəf apardı.
Axşamdan tutulmuş göy üzü guruldamağa, adda-budda damcıları leysan yağış əvəz etməyə başladı. Bu mübarək evin şamdanlarındakı şamların sayı çoxaldı, bacadan qalın tüstü topası burularaq qaranlığa qovuşmamış, yağış sularıyla yuyulub getməyə başladı. Pəncərələri döyəcləyən yağış şüşələrdən ağ pərdələr misalı axmağa başlasa da pəncərədən süzülən işığı yuyub apara bilmirdi.
Bürküləri səngimiş payız gecəsi, damcıların səsiylə yarpaq tökümünün vida nəğmələrini oxuyurdu.

Bürkülər qarsalayır, mehin qanadlarını,
Sərçələr civildəşir Yarpaqlar arasında.
Saralmış heyvalara çöküb qurubun ahı
Çatlamış nar qövr edir, bağrının yarasında.

Yaxınlaşır payızla, tağların ura vaxtı,
Son ümid tək düşəcək sonuncu meyvələr də .
Ilk arzu, son ümid də, dərilib ömrümüzdən,
Çiyinlərdə gedəcək bəzəkli heybələrdə...

Guruldayır göy üzü, dəli şimşəklər çaxar,
Şamların şölələri titrər şamdanlarında.
Sükutu dimdikləyir, gecəyə yağan yağış
Qaranlıqlar çimişir payız axşamlarında.

Payız axşamlarında, qanad kimi çırpınan
Küləklər vıyıldaşır qövr edən nalələr tək.
Silkinir budağından çayların axırına,
Axır sarı yarpaqlar atılmış namalər tək...

Payız bərəkət ayı, payız hicran fəslidi,
Həm də bir ölüm gəzər bu bərəkət ayında.
Bahar açılan çiçək payızda solan kimi,
Kimi doğulmaqdadı, kimi ölüm hayında.

Ömür bərəkətdisə, Ölüm də Allah əmri,
Haqqınmı var ömrünü onunla bölməməyə...
Qışa tədarük gedir, hər evdə, hər evcikdə
Qocalar hazırlaşır, bu qışı ölməməyə.



TƏQVİM / ARXİV