adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HƏQŞİBƏNDİ OCAĞI

MƏMMƏD DƏMİRÇİOĞLU
28658 | 2015-08-29 10:01
Bu ocaqlardan biri Qazax mahalının Astanbəyli kəndində bərqərdi. Seyid Mir Həmzə Nigari həzrətlərindən bitkin dərs almış Astanbəyli Hacı Mahmud əfəndi Qərani Nəqşibəndi təriqətinin altun şəcərəsində 38-ci şeyxdir. Nigarı həzrətləri tərəfindən Azərbaycanın qərb bölgəsinə 4-cü xəlifə olaraq təyin olunmuşdur. İndi də Qərb bölgəmizin, xüsusən də Qazax, Borçalı ellərinin ziyarətgah yeri olan "Göy türbədə iki övliyanın məzarı uyuyur. Onlardan biri təriqətcə sünni Hacı Mahmd əfəndi, digəri isə onun şagirdi olmuş, Qarabağlı, təriqətcə şiyə olan Seyid Yasin əfəndinin məzarıdı.
Sizə təqdim olunan bu yazı, "Nəqşibəndi ocağı" adlı əsərimdən bir parçadı.
... Pir həzrətləri sinəsinə tökülmüş ağ saqqalına sığal çəkərək onları heyranlıqla dinləyən gənc müridlərinə bir daha nəzər saldı. Səliqə ilə geyinmiş müridlər naxışlı gəvələrin üstündə bardaş quraraq oturmuşdular. Onlarla qarşı-qarşıya oturmuş gənc müridlərin gözlərində heyrət var idi.
Məclisə çökmüş sükutu pozmazdan öncə Pir həzrətləri, Amasiyadan, İstanbuldan, uzaq Cığataylardan gəlmiş mürşidlərə və könül dostlarına nəzər salaraq sözə başladı. Bu övliyaların hər biri nur dolu bir dünyaya bənzəyirdi.
-Zəhmətlərdə bulundunuz, Tanrı aşiqləri. Aşiqlik də pərvanəlik, pərvanəlik də aşiqlikdi. Bizi əhatə edən bu gənc müridlər Eşq yoluna qədəm qoymuşlar, Ariflərdən nur payı almağa toplaşmışlar. Buyurun, Göylər qədər dərin, dəryalar qədər coşqun kamalınızdan damlalarınızı əsirgəməyin. Bu müridlər eşq pərvanələridirlər və hər kəlmənizin haləsində bulunmağa toplaşmışlar, - deyərək üzünü mürşidlərə tərəf çevirdi.
Birinci mürşid: - Dost oldunsa, dosta dostun zəhməti ağır gəlməz. Zəhmət-ruhun içidir, ruh insanın içi. Dostluqsa bu içi qoruyan qabıqdır. Bütün olmuşlar dərisinə və qabığına sığınmış, dərisi və qabığı soyulduqda xarab olmağa başlamış, çürüyüb torpaqlara qarışmışdır. Dost deyib gəldiyimiz bu məkana sizi deyib gəldik.
Mürşidləri əhatə etmiş gənc müridlər növbələrlə suallar verməyə başladılar:
-Dost nədir? - gənc müridlərdən biri həya ilə soruşdu.
Mürşidlər növbə ilə cavablar verirdilər.
Birinci mürşid:
- Dost ol kəsdir ki, həm bəladır, həm bəlalara məlhəm. Bir zinnətdir ki, qızıldan qiymətli, bir atəşdir ki, həmin qızılı əridər. Əridər istənilən hala gətirər. Dost torpaq qədər sədaqətli, su qədər şəfaqətli, hava qədər görünməz və gərəkli, od kimi isti və yaxıcı olmalıdır. Dost Tanrının adıdı. Hər kəsdən əlin üzüldükdə səni heç bir zaman buraxmayacaq dostun Tanrının adı...
- Allaha yaxınlıq nədir? - digər müridlərdən biri soruşdu.
İkinci mürşid: - Allaha yaxın olmaq könülcə ucalmaq, cisimcə aşağı düşməkdirsə, nəticə etibarı ilə nə göylərə ucalmaq, nə yerlə enmək deyildir. Allaha yaxınlıq yoxluqları dərk eləmək varlıqları libas kimi soyunmaqdır.
Ariflər söyləmiş: - Nə qədər insan gördüm ki, əynində libas yox, Nə qədər libas gördüm ki, içində insan yox...
Allaha varan yolun qulu olmadan qul olmaq almaz. Qul olmaq nökər olmaq deyil. Nökərdən, kölədən qul olmaz, quldan gölə, nökər olmaz. Qul qisası dünyanı çökdürər, quldan qisas almaq olmaz.

Haqdan nazil olmayınca,
Qula həqdən bəla gəlməz.
Qul olandan intiqamı
Qul olmayan ala bilməz

İnsan gözdür, görə bilməz,
Görə bildiyindən qeyri.
Gönül görüşə müştaqdır.
Görməz gördüyündən qeyri.

Sevənlər iki candadır,
Gönül duyar sirr olanı.
Iki can bir eşqə talib,
İki görmə bir olanı.

Aşiqliyin vüsalıdı
Günəşə baxa bilməmək.
Gönlü buza döndərməkdi
Atəşə yaxa bilməmək.
Gənc Mahmud özünü unutmuşdu. Ariflər məclisinin ab-havası könlünə hakim kəsilmişdi. Ruhu tənini tərk etmişdi sanki. Məclisin baş tərəfində bardaş qurub oturmuş Nigari həzrətləri əlindəki uzun, kəhrəba təsbehini çevirdikcə dodaqaltı zikr edirdi. Mürşidlərə suallar vermək onun da könlündən keçdi. Amma düşdüyü sehrdən ayrıla bilmirdi. Dili danışmaq iqtidarında deyildi.
Digər müridlərdən birinin səsi onu xəyallarında ayırdı: - Dərvişlik aşiqlikdir ki?
Üçüncü mürşid cavab verdi:
-Dərvişlik tərki-dünyalıqdırsa demək bu dünya fanidir. Aşiqlik varlıqdırsa, demək tərki dünyalıq deyil. Aşiqlik dərvişlikdirsə, demək dərvişlik sultanlıqdır. Kədər varlıqda olan ən canlı yoxluqdur. Ən canlı yoxluqda var olan ən canlı ruhdur. Ruh xəzinədirsə Eşq bu xəzinəni qiymətli edən zinnətidir. Ən qutsal kədər eşqin kədəridir. Cismani kədərdə göz yaşları var. Eşqin kədəri gizlidir. Gizli olanlar yoxluqdadır. Onları dərk etmək üçün Həqiqətin dilini bilmək lazımdır.
Gözlərimi yuyuram,
Sevdalarda uyuram.
Eşqimlə qoruyuram,
Vəfam gizli-gizli.

Buludlar çətir-çətir,
Göydən yerə nur səpir.
Dil susur, ürək çəkir,
Cəfamı gizli-gizli.

Bu ağ yollara yaddım,
Qurtardım addım-addım.
İçimdə duydum, daddım,
Səfamı gizli-gizli.
- Ədəbdən danışın, - deyərək gənc müridlərən biri ədəblə təzim etdi.
Dördüncü mürşid: - Ədəbli olmaq istərsən göy üzünə tamaşa et. Görə bilməyəcəyiniz mələklər günahdan uzaqlaşmış, yoxluqların ən canlı varlıqlarına çevrilmişlər. Göy üzü ədəbin ərkanıdır. Odur ki, varlıq sandığımız yer üzünə təmənnasız işıqlar bəxş edir. Otları meşələri suvarır. Bu ədəbdəndir ki, bütün dilsiz sandığımız təbiət, ağaclar və sular təmənnasızdırlar. Ayın həyasına, ədəbinə tamaşa edin. Günəşin həyasına baxmağa göz cürət etməz. Həyalı olanlar, ədəbli olanlar xeyirxahlıq əlamətləridir. Ədəbsizlər özünə ziyan verməklə kifayətlənməz. Bütün ətrafına belə ziyanlıqlar gətirər. Gülüstanda tikan toxumu əkən həmin gülüstandan çiçək dərə bilməz... Sonra dayanır dördüncü mürşid. Dodaqaltı "bismillah", - deyib pıçıldayır, - zaman gələcək ədəbsizlik tikan kolları tək çoxalacaq. Tikan toxumu əkənlər gül bağçalarda ədəbsizliklər edəcək, gül toxumu əkənlər isə tikanlıqlarda ayaqyalın gəzəcəklər... Dördüncü mürşid yarıyumulu gözlərini qaldırıb ətrafa nəzər saldı. Onun pıçıltısını eşidən olmamışdı.
-Xəlvətilik nədir? - Başı əmmaməli gənc ayağa duraraq mürşidlərin qarşısında baş endirdi.
Beşinci mürşid bardaş qurduğu ayaqlarının yerini dəyişərək: - Sübhan Allah, Sübhan Allah, - deyib sözə başlamazdan öncə bir qəzəl söylədi:
Bu şəbnəmlər gül qoynuna dolar ol Haqla xəlvət
Varlıqdan yoxluğa varar, olar Ol Haqla xəlvəti.
Toxum içində xəlvəti uyuyar Eşqin cövhəri,
Açar bahar, zimistanda solar ol Həqlə xəlvəti.

İlkinlik nə, sonluq nədir, açılmaz Tanrı srləri,
Ilk nəfəsin son məkana bular ol Həqlə xəlvəti.

Haqdan gələn haqqa varar Haqq varlıqdı Haqq yoxluqdu,
Yoxa varar, yoxdan yağar sular ol Həqlə xəlvəti.

Könlün içində zikr edər, ol Xudaya xəlvətilik
"Allah" söylər son nəfəsdə qular ol Haqla xəlvəti.

Məclis əhli "Bərəkallah, Mərhaba" deyərək beşinci mürşidi alqışladı.
Mürşid isə bir qolunu belinə qurçaq edib, ikinci qolunun dirsəyini ona söykədi. Barmaqları ilə dümağ ağarmış saqqalını astaca tumarlayaraq sözünə davam etdi.
-Xəlvətilik Haqqa qovuşmağın xəlvəti məkanıdır ki, bu xəlvətilik hər kəsə nəsib olmaz. Bütün Peyğəmbərlərə nazil olan kitablar xəlvətilikdə aşikar olmuşlar. Xəlvətilik könüldə Allaha zikr ediləcək məkandı ki, bu məkanın harada olmasını gönlündən aramalısan. Gönlün bu xəlvətiliyə varmayınca ora gedən yolu tapa bilməzsən...
Beşinci mürşid söhbətinə ara verdi. Başını qaldırıb uzaq xəyallara varmış Mir Həmzə Seyid Nigari həzrətlərinin üzünə baxdı. Pir həzrətləri susqun görkəmində başı ilə davam etməsini işarə etdi. Cığataylı mürşid eyhamla başını tərpədib sözünə davam etdi:
- Mübarək dinimizin Sufilik qolundan dörd cəhətə yol alan qollarından biri də Nəqşibəndilik yoludur ki, biz haqqa varmaq üçün bu yola istinad almışıq. "Xəlvət dər əncüman" -Yani bu yolda harada, hansı cəmiyyətdə olmağından asılı olmayaraq özünü Allah hüzurunda təkbətək hiss etməlisən. Mürşidi Kamilimiz Bahaaəddin Nəqşibəndi həzrətləri özü bəyan etmişdir ki, Nəqşibəndi təriqəti "Xəlvət dər əncüman" təməli üzərində qurulmuşdur... Əbülqahir Sührəverdidən başlayan bu təriqəti İbrahim Gilani həzrətləri tərəfindən Ömər Xəlvətiyə ötürüldü və Seyid Yəhya Bakuvi həzrətlərində təşəkkülünü tapmışdır...
Məslisə kələn çaylar piyalələrin içində buğlanaraq qalmış, içilmədiyindən soyumuşdu. Gənc Mahmud. Sirlər alimindəydi. Məclis o qədər kamil, söhbətlər o qədər maraqlı idi ki, çay içməyi hamı unutmuşdu.
Müridlər də bu sehrli aləmə varid olduqlarından suallar verməyi belə unutmuşdular. Bir anlıq məclisə sükut hakim kəsilmişdi.
Nəhayət Pir həzrətləri Əllərini ipək qədər yumşaq saqqalına çəkərək Hz. Peyğəmbərimizin (s.ə.s) gül camalına bir salavat çevirərək sakit və həlim bir səslə söhbətə başladı:

Həmdi-Mövla Sirati-Müstəqimdir məsləyim,
Kim təriqi-Mustafa, rahi-Xudadır mənzilim...
(Ardı gələn şənbə sayımızda)




TƏQVİM / ARXİV