adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ACI BƏHRƏLƏR...

BABƏK YUSİFOĞLU
43719 | 2015-04-29 08:25
Türkiyədə AKP hakimiyyətinin ermənilərə yönəlik yürütdükləri siyasət bir daha Ankara üçün acınacaqlı sürprizlər ortalığa qoydu. Hayların "soyqırım" uydurmalarının 100 illik yubileyində məlum oldu ki, Avropa dövlətləri bu dəfə birlik şəkilində Ankaraya qarşı eyni mövqeydən çıxıış etməyə başlayıblar.
Və ən maraqlısı isə budur ki, ermənilərin başını tumarlayan, onlar üçün Türkiyəyə gəlib-getmək şəraitini yaradan, futbol diplomatiyası adı altında ermənilərin Xocalı qətliamı üzrə baş cəlladlarından biri olan Serj Sərkisyanı evinə aparıb arvadının xüsusilə bişirdiyi yeməklərə qonaq edən, "Sürix protokolları"nın "gözəlliklərindən" danışan Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül və digərləri indi erməni yalanlarını dəstəkləyənləri uca səslə qınamaqdadırlar.
Məlumdur ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə etiraz əlaməti olaraq Türkiyə Ermənistanla sərhədlərini bağlamış, Yerevanla diplomatik əlaqələrinə son vermişdi. Və Bakı bu qardaş jestini inanılmaz dərəcədə yüksək qarşıladı. Bəs qardaş olmaq özünü hansı gündə göstərməliydi ki?..
AKP-çilər hakimiyyətə gələndən sonra haylara üz verməsi, eləcədə milliyyətçiləri hər tərəfdə sıxışdırması nəticəsində Qərb təkcə Türkiyədə deyil, bütövlükdə regionda da vəziyyəti dəyişdirilməyə çalışırdı. Bəlkə də bir neçə il əvvəl yaranmış o gərgin situasiyalar dövründə Bakı özünün sərt və qətiyyətli mövqeyini nümayiş etdirməsəydi "Sürix protokolları" adlanan o bədnam sənəd, ardınca isə digər aşağılayacı qərarlar da qəbul ediləckdi.
Əlbəttə, bütün bunları qeyd etməklə dünən baş vermişləri bir də təkrarlamaq niyyətində deyiləm. Söhbət Türkiyə dövlətinin başında oturanların apardıqları siyasətin verdiyi bugünkü acı bəhrələrin birinə diqqət yönəltmək istəyirəm. İki gün öncə Ermənistan prezidenti və Xocalı soyqırımının baş cəlladlarından biri Serj Sərkisyan məşhur jurnalist Vladimir Poznerin "Pozner" müəllif proqramında çıxış edərək ermənilərə yaltaqlananların, ermənilərin gündöyməzindən öpənlərin, "həpimiz erməniyiz" deyənlərin, necə deyərlər, yaxşıca ağzının payını verdi.
Ermənilərin uydurma "soyqırım"ının yüz illiyinə həsr olunmuş həmin verilişdə Sərkisyan açıq-aşkar bildirdi ki, Türkiyə hakimiyyəti "erməni soyqırımı"nı rədd etməklə həmin cinayətin iştirakçısına çevrilir. "Biz də istəyirik ki, onlar bu günahı üzərlərindən atsinlar". Buyurun, əfəndim, sizə erməni cavabı.
Serj televiziya vasitəsiylə bütün dünyaya bildirdi ki, ey hakimiyyətdə oturanlar, siz də öz babalarınızla birlikdə "cinayət"də iştirak etmisiniz. Yəni, "qətl cinayəti"ndə "iştirak" etmisinizsə, demək "qatilsiniz". Daha adamı necə ittiham edərlər ki, təhqir olunduğunu anlasın? Vallah, "kusura bakmayın", bu sorunun cevabını ben bilmiyorum.
Lakin Abdullah Gülün bilməsi vacib idi ki, evində Serj Sərkisyana ləzzətli türk leməkləri yedirdərkən Serj ona etmədiyi əməllərinə görə qatil kimi baxırmış. Rəcəb Tayyib Ərdoğan baş nazir kimi, Əhməd Davudoğlu xarici siyasətin başçısı kimi "Sürix protokolları"nın imzalanmasına yaşıl işıq yandırarkən ermənilər onları nahaqdan "qatil" saydıqları türklərin nəvələri kimi görürmüş. Bunu mən söyləmirəm, "Pozner" tele-proqramında hər tərəfə mesaj verən Xocalı faciəsinin baş qatillərindən biri, prezident Serj Sərkisyan bəyan edir.
O, hətta efirdə etirafda bulunub ki, "erməni soyqırımı"nın yüz illik yubileyi münasibətiylə Yerevanda düzənlədikləri tədbirə Türkiyə prezidenti Ərdoğanı da dəvət etmişlər. Bu, əslində erməni həyasızlığından başqa, Türkiyə kimi bir dövlətin prezidentini məsxərəyə qoymaqdır. Aşağılamaqdır.
Belə bir şey ola bilərmi? Diqqət edin, görün kim kimə nə deyir, kim kimi nədə günahkar sayır?.. Və hətta buna cürət edə bilir..
Əlbəttə, ermənilərin ayağının necə yer aldığı haqqında çox mətləbləri anlatmaq, çox faktları ortalığa qoymaq olar, amma indi bu məqam üçün buna ehtiyac yoxdur. Bu gün daha önəmli olan odur ki, təkcə siyasət adamları deyil, elə hər kəs onu bilməlidir ki, yanlış addımlar, səhv siyasət, düşmənə şərait yaratmaq ardınca mütləq dəhşətli sonucların yaranmasına gətirib çıxarır. Çünki qatillər, vandallar öz adlarını başqalarına qoymaq, günah keçisi tapmaq üçün fürsət axtarırlar...



TƏQVİM / ARXİV