“Yazdığın şeirləri bir müddət qaranlıqda saxlamalısan ...” - MÜSAHİBƏ
ABŞ-də fəaliyyət göstərən müstəqil “Maskomania News” xəbər və analitika nəşri Azərbaycan şairi, yazıçı və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə eksklüziv müsahibə yayımlayıb.
“Qulu Ağsəs: İki adla başlayan şeir” (“Gulu Agses: The Poem That Began With Two Names”) başlıqlı müsahibədə şair ədəbiyyatda təxəyyülün rolu, uşaqlıq xatirələri, yaradıcılıq prinsipləri, redaktorluq fəaliyyəti və Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması haqqında fikirlərini bölüşüb.
Qulu Ağsəs indiyədək dərc olunmamış “İşğal” adlı şeirini də ilk dəfə təqdim edib. Şeirdə onun yeniyetməlik illərində bir qayanın üzərinə həkk etdiyi iki ad, doğma kəndinin işğalı və illər sonra həmin xatirəyə qayıdışı əks olunur.
İngilis dilində yayımlanmış müsahibəni Azərbaycan dilində sizə təqdim edirik.
– Qulu müəllim, təsəvvür edin ki, Azərbaycan ədəbiyyatını ümumiyyətlə tanımayan bir amerikalı oxucu Qulu Ağsəsdən cəmi bir şeir oxuyacaq. Hansı şeirinizi onun qarşısına qoyardınız? Burada Azərbaycanı tanıtmaq mənasında demirəm. Mənə daha çox maraqlıdır ki, həmin şeir sizin haqqınızda, bizim hamımız haqqında – yəni insan haqqında o amerikalı oxucuya nə desin istəyərdiniz?
– Mənim özüm üçün də maraqlıdır ki, ümumiyyətlə, Azərbaycan ədəbiyyatını tanımayan bir adam Qulu Ağsəsdən bir şeir oxusa, cəmi bir şeir, mən onun qarşısına hansı nümunəni qoyardım? Çox maraqlı sualdır. Özü də, nəzər alanda ki, həmin adam burdan-mənim olduğum yerdən çox uzaqdadır. Yen qitədədir, ABŞ-də – dünyanın ən hegemon ölkəsində yaşayır. Yəqin ki, onun eqosu da çox böyük olar. Axı dünyanın ən qüdrətli ölkəsinin sakinidir. Amma amerikalı oxucunu təəccübləndirmək üçün mən fərqli bir şey eləməzdim heç vaxt. Yəni dünyanın harasında olursa-olsun, mənim üçün oxucunun, elə bilirəm, fərqi yoxdur. Mən də bilirəm ki, ədəbiyyat dünyasında hamımız eyniyik. Əlbəttə, mən yeni Amerika kəşf etmədən bu kiçik parçanı oxuyardım:
Bu dünyada
heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən?
– gözümü yumub,
ağzımı açacam!
Deyəcəm ki:
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...
– Sizdə elə bir xatirə varmı ki, illərdir onu şeirə çevirmirsiniz? Yəni ona görə yox ki, yazmaq çətindir. Əksinə, bəlkə o xatirə sizin üçün o qədər canlı və şəxsi bir şeydir ki, onu şeirə çevirəndə elə bil özünü itirəcək. Belə bir xatirəniz varmı?
– Var elə xatirələr ki, illərdir şeirə çevirməmişəm, onu yazmaq çətindir. Bir xatirəmi isə mən onu şeirə çevirə bildim illər sonra, amma çap eləmədim. O xatirə çox ağrılı xatirədir. Bunu ilk dəfə sizə danışmaq istəyirəm. Uşaq vaxtı kənddə qayaya özümün, bir də əziz bir adamımın adını yazmışdım. İllər ötdü. Mən məktəbi qurtarandan sonra kənddən ayrıldım. Sonra müharibə başladı. Kəndimiz, həmin qayalıq, qayanın üstündəki o ad da işğal olundu. Uzun illər o yazı mənim yuxuma gəldi. Uzun illər. Və sonra “İşğal” adında bir şeir yazdım:
On beş yaşımda,
uzaq bir kənddə,
qaya başında,
özümün,
bir də əzizimin
adını yazmışdım kirildə,
çəkiclə,
güclə.
Qırx beş yaşımda,
aylı bir gecədə
yuxuda sarılıb çəkicə,
yerimin üstünü altına çevirirəm,
adlayıb postları,
düz üzü yuxarı, baxıram,
həmin qayadı,
o iki adı latına çevirirəm.
– Qulu müəllim, indiyə qədər yazmaq istəyib, amma yaza bilmədiyiniz bir şey olub? Mən hansısa mövzudan çəkinməyinizi nəzərdə tutmuram. Elə bir hissiniz, fikriniz və ya yaşadığınız bir hadisə olubmu ki, onu daxilən çox yaxşı anlayırsınız, amma sözlə istədiyiniz kimi ifadə edə bilmirsiniz?
– İnsan daim çalışır ki, əlçatmayan şeylərə nail olsun. Bəlkə, insan təbiəti belədir, bəlkə, mənim təbiətim belədir, xasiyyətim belədir, bilmirəm. Elə mövzu var ki, ona toxunmaq istəmirəm. Ürəyimdən keçmir. Elə mövzu var ki, fikirləşirəm, bu, xatalı mövzudur, elə buna toxunmasaq, yaxşıdır. Amma yaza bilmədiyim şeylər də var. İstəmişəm, amma yaza bilməmişəm. Yəqin, ona görə-yaza bilmədiyimə görə, yazmaq istədiyim, yaza bilmədiyim şeylərə görə, Allah mənə bir az da ömür verməlidir. Bir şeyi istəyib, ona nail olmamaq, yəni yazmaq istəyib, yaza bilməmək – bu, elə bilirəm ki, yazıçı üçün fəlakətdir. Var elə şeylər. Amma ümid edirəm ki, nə vaxtsa, bu, baş verəcək, mən ona nail olacağam.
– Siz uzun illərdir, “Ulduz”da yüzlərlə, bəlkə minlərlə müəllifin yazısını görürsünüz və nəticədə redaktor kimi “hə” və ya “yox” deməli olursunuz. Heç olubmu ki, vaxtilə çap etmədiyiniz bir müəllifi bir neçə il sonra oxuyub öz-özünüzə “Qulu, burada sən səhv etmisən” deyəsiniz? Ümumiyyətlə, redaktor kimi hansı səhv sizi daha çox qorxudur: zəif mətni çap etmək, yoxsa həqiqi istedadı vaxtında görə bilməmək?
– Redaktorluq elə bir işdir ki, burada sən daim ən müxtəlif adamlarla rastlaşırsan. Çap olunmaq istəməyən istedadlı tənbəllərlə, daha çox da çap olunmaq üçün sinov gedən ortabablar və istedadsız adamlarla. Adam var, zəng edirsən, yazı vermir. Adam var, səni dəng edir yazı vermək üçün. Redaktə haqqında mənim bir fikrim var, onu istəyirəm Maskomania ilə bölüşüm. Ümumiyyətlə, biz səhər duranda neynirik? Əl-üzümüzü yuyuruq, dişimizi fırçalayırıq, evdən çıxanda əyin-başımıza fikir veririk, ayaqqabımızı təmizləyirik, ən səliqəli köynəyimizi geyirik və s. Redaktor ona təqdim olunan yazılara, bax, bu cür əl gəzdirməlidir. Onu abıra salmalıdır. Onun əl-üzünü yumalıdır, üzünü qırxmalıdır, köynəyinin yaxasını düzəltməlidir, ütüləməlidir. Ki, adam arasına çıxa. Yaxşı redaktor odur ki, hətta onu yerindən oyada! Amma dediyiniz hər iki səhv qorxuludur. Zəif mətni çap etmək, əlbəttə, qorxuludur, amma daha qorxulusu həqiqi istedadı vaxtında görə bilməməkdir.
– Qulu müəllim, sizcə insan, xüsusilə də, şair yaşlandıqca özünü daha yaxşı tanıyır, yoxsa əksinə, özündən daha yaxşı gizlənməyi öyrənir? Məsələn, bugünkü Qulu Ağsəs özü haqqında 30 yaşındakı Qulu Ağsəsin bilmədiyi hansı həqiqəti bilir?
– Mən bugünkü Qulu Ağsəslə 30 yaşındakı Qulu Ağsəs arasında elə də çox fərq görmürəm. Görünür, 7-dən 70-ə belə olmuşam. Xarakterim, xəsiyyətim o qədər də dəyişmir. Amma təbii ki, yaşlandıqca biz çox şeylərdən imtina edirik. Onlardan biri də şöhrət hissidir. Başa düşürsən ki, dəryada bir damlasan, milyardlarla adamlardan birisən, get-gedə eqo arxa plana keçir, kiçilməyə başlayır. “Bugünkü Qulu Ağsəs özü haqqında 30 yaşındakı Qulu Ağsəsin bilmədiyi hansı həqiqəti bilir?” Əlbət ki, bugünkü Qulu Ağsəs əvvəlki Qulu Ağsəs haqqında bir çox şeyləri bilir. Məsələn, mən bilirəm ki, mənim 30 yaşım olub. Amma 30 yaşındakı Qulu Ağsəs mənim 57 yaşım olacağını bilmirdi.
– İnsanın həyatda dediyi ən dürüst sözlə yazdığı ən dürüst şeir eyni dərəcədə dürüst ola bilərmi? Bir az başqa cür soruşum: Qulu Ağsəsin adi söhbətdə deyə bilmədiyini şeirdə deməsi daha asandır, yoxsa şeirdə də yalnız özünüzə saxladığınız, oxucuya vermədiyiniz yerlər var?
– İnsanın həyatda dediyi ən dürüst sözlə yazdığı ən dürüst şeir eyni dərəcə dürüst ola bilərmi? Ədəbiyyat yalan sənətidir. Təxəyyüldür. Yəni biz yazanda çalışmırıq ki, həyat həqiqətini olduğu kimi oxucuya çatdıraq. Bizim dediklərimizin heç bəlkə də, çoxu həyatda olmayıb, yoxdur. Mən çalışıram ki, qələmimi həyatın rənglərindən daha çox, bədii sözün mürəkkəbqabına batırım. Yəni mənim dediklərimdə həyat həqiqətləri axtarmaq absurd olar. Realist üslubu nəsrdə sevirəm, amma realist poeziya mənim üslubum deyil. Bir sözlə, realist nəsr sevsəm də, realist poeziyanı sevmirəm. Mənə elə gəlir ki, şair mütləq rəssam olmalıdır. O, portret çəkəndə adamı quş kimi, ağac kimi də təsvir edə bilər; ürəyindən necə gəlirsə. O, fotoqraf kimi, adamı necə varsa, lentə almamalıdır.
– İllər əvvəl yazdığınız şeirləri indi oxuyanda heç “bunu mən yazmışam, amma bunu yazan adam artıq mən deyiləm” hissi keçirirsiniz? Yəni şeir yerində qalır, müəllif isə dəyişir. Belə baxanda, köhnə şeirlərinizdə artıq tanımadığınız bir Qulu Ağsǝs varmı?
– İllər əvvəl yazdığım şeirlərin bir çoxunu elə o vaxt da mən çapa vermədim. İndi də yazandan sonra heç vaxt çapa tələsmirəm. Hesab edirəm ki, şeirlər bir müddət varaqda qalmalıdır, heç kəs onları görməməlidir. Hətta düşünürəm ki, bu şeirləri qaranlıqda saxlamalısan, hansının qanadı çıxsa, yalnız onları çapa vermək olar. O vaxt bir kitablıq şeirim var idi. Onları çapa vermədim. Elə köhnə şeirlər var ki, görürəm, tamam başqa Qulu. İndi yazdıqlarımsa, tamam başqa Quludur. Şeir yerində qalır bəzən, müəllifsə dəyişir.
– Qulu müəllim, “Ulduz” 2027-ci ilin yanvarında 60 yaşını qeyd edəcək. Bu jurnalın 60 ilə yaxın tarixində Cabir Novruz, Yusif Səmədoğlu, Ələkbər Salahzadə, Elçin Hüseynbəyli kimi tanınmış ədəbiyyat adamları ona rəhbərlik edib; Anar, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Seyran Səxavət və Azərbaycan ədəbiyyatının bir çox başqa görkəmli nümayəndələrinin əsərləri onun səhifələrində yer alıb. Siz artıq 60 illik yubileyə hazırlaşdığınızı demisiniz. Ona görə sizdən “hazırlaşırsınızmı?” soruşmaq istəmirəm. Mənə daha maraqlıdır: 60 yaşlı “Ulduz”un yubileyində indiyədək etmədiyiniz nəyi etmək istəyirsiniz? Oxucu 2027-ci ildə “Ulduz”dan hansı sürprizi gözləyə bilər?
– 2027-ci ildə “Ulduz” jurnalının 60 yaşı olacaq. Bilirsiniz ki, kifayət qədər tanınmış qələm adamları burda işləyiblər, çap olunublar. “Ulduz” Azərbaycan ədəbiyyatının 60 illik tarixi salnaməsini yaradıb. Yanvarda bu jurnalın 60 yaşı tamam olur. Biz buna ciddi şəkildə hazırlaşırıq. Düşünürəm ki, yaxşı bir nömrə ortaya çıxaracağıq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi nömrəni çapa vermişik. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Təhsil” nəşriyyatı ilə birgə layihəmizdir. Nəfis şəkildə, rəngli çap olunacaq. Bundan qabaqsa, Güney Azərbaycan buraxılışı çıxarmışdıq. Azərbaycan ədəbiyyatı təkcə Azərbaycanla məhdudlaşmır. “Azərbaycan ədəbiyyatı” deyəndə, dünyada yaşayan azərbaycanlıları, o cümlədən güneyliləri də nəzərdə tuturuq. 2022-ci ildə ilk dəfə olaraq bütün dünyada yaşayan Azərbaycan ədiblərinin əsərlərindən ibarət xüsusi nömrə eləmişdik. İndidən sizə vəd verirəm ki, 2027-ci ildə biz onu davam etdirmək istəyirik. Daha hansı sürprizlərimiz olacaq, inşallah, sizinlə bölüşməyə söz verirəm. Amma iş hasilə gələndən sonra. Mən, ümumiyyətlə, bir iş ortaya çıxmamış, deməyi sevmirəm.
– Qulu müəllim, sonda əlavə etmək istədiyiniz, bizim toxunmadığımız hər hansı bir mövzu və ya fikir varmı?
– Sonda əlavə eləmək istədiyim, toxunmadığım bir mövzu, yaxud fikrə gəlincə, Maskomania ilə bölüşmək istəyirəm. Azərbaycan ədiblərini, yazıçılarını, şairlərini tez-tez dünyaya çıxmamaqda ittiham edirlər. Ki, biz niyə dünyaya çıxa bilmirik? Oxucular, əlbəttə, haqlıdır. Onlar bizi daha yüksək mərtəbədə görmək istəyirlər. Daha məşhur, adlı-sanlı olmağımızı, hətta Nobel almağımızı istəyirlər. Bu da arzuolunandır və təbii hissdir. Bundan ötrü, bu 35 illik müstəqillik tarixi olan bir ölkənin bütün institutları çalışmalıdır. Tərcümə institutları yaranmalıdır. Çoxlu beynəlxalq layihələr elməliyik, kifayət qədər tanıtmalıyıq ədibləri. Həm də, xaricdəki məşhur ədibləri ölkəyə dəvət etməliyik, Azərbaycanla, Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə tanış etməliyik. Üstəlik, öz əsərlərimizi orda tanıtmalıyıq. Mən sevinirəm ki, tək-tük də olsa, belə nümunələr var. Onlardan biri də ABŞ-də fəaliyyət göstərən Maskomania News-dur. Sevinirəm ki, Maskomania News Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, ziyalılarını, hətta iqtisadiyyatını, siyasətini tanıtmaq üçün nəsə eləmək istəyir.
– Qulu müəllim, Maskomania News ABŞ-da fəaliyyət göstərir və Azərbaycanla bağlı siyasi və regional mövzularla yanaşı, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai fikrinin tanınmış simalarını da amerikalı və daha geniş beynəlxalq oxucuya təqdim etməyə çalışır. Məqsədimiz, sadəcə, onların bioqrafiyasını yazmaq deyil, əsərlərini, düşüncələrini və qoyduqları izi də göstərməkdir. Siz bu layihəyə və ümumiyyətlə Maskomania News-a ne arzulayardınız? Bir şair və redaktor kimi, Azərbaycanı dünyaya təqdim edərkən bizə nəyi unutmamağı məsləhət görərdiniz?
– Mən bu layihəni, əlbəttə, alqışlayıram. Bir halda ki, mədəniyyəti, elmi, ictimai fikrin tanınmış simalarını amerikalılara və daha geniş oxucu kütləsinə təqdim etməyi qarşınıza məqsəd qoymusunuz, bu işdə əlimdən nə gəlirsə, mən də yardımçı olmağa hazıram. Azərbaycanı dünyaya təqdim edərkən nəyi unutmamağı məsləhət görərdim? Yegənə bir şeyi! O şeyi ki, heç Azərbaycanın özünə də onu təqdim eləmək olmaz. Çox xahiş edirəm ki, bu şeyi heç olmasa kənarda – amerikalılara göstərməyəsiniz.
Digər Xəbərlər
28 Oktyabr 2026 12:10
Akademik: “Ana dilimizdəki alınma və əcnəbi sözlərin əvəzinə...” - MÜSAHİBƏ
23 Oktyabr 2026 13:19
“MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR”
12 Oktyabr 2026 11:06
Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidir? - SN-nin revmatoloqundan tövsiyələr
16 Sentyabr 2026 18:48
Qulu AĞSƏS: “ADAM VAR, YATANDA UÇUR, ADAM DA VAR, UÇANDA YATIR”
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21


Bakı -°C

