“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfərə yollandı.
Sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüş dövlət başçısının səfərinin əsas məqamlarından biri oldu. İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın ŞƏT ilə əməkdaşlığa dair mövqeyini açıqladı, təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovla görüşü də diqqət çəkdi. Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.
Dövlət başçısının Bişkekdə keçirdiyi digər görüşlər Azərbaycanın fəal və çoxşaxəli diplomatik siyasətinin daha bir göstəricisi kimi qiymətləndirilə bilər. İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti və digər dövlət və hökumət başçıları ilə görüşlər keçirərək ikitərəfli münasibətləri, regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdi. Ermənistanın Baş naziri ilə təmas isə Azərbaycan-Ermənistan münasibətləri və regionda gedən proseslər baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Səfər zamanı Çinlə münasibətlər də diqqət mərkəzində olub. Azərbaycan-Çin əlaqələrinin inkişafı, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Bu isə Bakının yalnız Mərkəzi Asiya ölkələri ilə deyil, regionun əsas siyasi və iqtisadi aktorları ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini göstərir.
Qırğızıstanla münasibətlər isə bu səfərin ayrıca mühüm istiqamətlərindən biri idi. Son illərdə Bakı ilə Bişkek arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatdı. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycanın həm ikitərəfli münasibətlərin inkişafında, həm də regional və beynəlxalq platformalarda fəal diplomatik xətt yürütməyə davam etdiyini bir daha nümayiş etdirdi.
Onu da qeyd edək ki, son zamanlar Azərbaycanın Asiya və Afrika ölkələri ilə münasibətlərində də inkişaf müşahidə olunur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev 1news.az-ın suallarını cavablayıb.
Müsahibəni təqdim edirik:
- Prezident İlham Əliyevin son illərdəki xarici siyasət kursunu "orta güc dövləti" konsepti çərçivəsində necə dəyərləndirirsiniz?
- “Orta güc dövləti” beynəlxalq münasibətlər leksikasında yeni anlayışdır və qurulmaqda olan yeni dünya nizamının vacib bir elementidir. Müasir beynəlxalq siyasət dövlətləri yalnız onların malik olduğu hərbi gücə, ərazisinin miqyasına və əhalisinin sayına görə dəyərləndirmir. Əlbəttə, hərbi potensial həmişə olduğu kimi başlıca amil olaraq qalmaqdadır, amma artıq yeganə əsas amil deyil. Dövlətlərin hərbi gücü ilə yanaşı onların yürütdüyü siyasətin çevikliyi və praqmatikliyi, daha güclü dövlətlərlə müttəfiqlik qurmaq və qlobal siyasətə təsir etmək qabiliyyətləri də dövlətin gücünü müəyyənləşdirən amillər kimi meydana çıxır. Müasir qlobal siyasətin liderlərindən biri kimi Prezident İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətini məhz müasir dövrün çağırış və perspektivləri kontekstində müəyyənləşdirməyə nail olub. Son 20 ildə daxili və xarici siyasətin bütün istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər Azərbaycanı dünya siyasətinin ön planına çıxarıb. Nəticədə Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu bir ölkəyə çevrilib. Azərbaycan bütün göstəriciləri üzrə yerləşdiyi bölgənin lider dövləti olmaqla yanaşı həm də özünün geo-strateji mövqeyinə görə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən körpü dövlətdir. Bu üstünlüklərdən məharətlə faydalanmaq və bir-biri ilə rəqabətdə olan dövlətlər və siyasi sistemlər arasında uzlaşdırıcı missiyanı uğurla həyata keçirmək beynəlxalq siyasət müstəvisində dövlətin gücünü dəfələrlə artırır. Azərbaycanın gücü də məhz bundadır və haqlı olaraq ölkəmiz “orta güc dövləti” olaraq tanınır və bu status beynəlxalq səviyyədə qəbul edilir.
- Azərbaycanın Şanxay Əməkdaşlıq (ŞƏT) Təşkilatında "tərəfdaş" statusuna keçməsi praktikada hansı yeni imkanlar açır?
- Şanxay Əməkdaşlıq Təşkilatı ilə “tərəfdaş” statusunda qarşılıqlı münasibətlərin qurulması Azərbaycanın xarici siyasət doktrinası baxımından bizim üçün ən əlverişli konfiqurasiya yaradır. Bu o deməkdir ki, Azərbaycan ŞƏT-in bütün layihələrində iştirak edə bilir, lakin başqa ittifaq və birliklərdəki statusuna heç bir xələl gətirmir. Bu vəziyyət Azərbaycanın çoxvektorlu əməkdaşlıq prinsipləri ilə uğurlu bir şəkildə uzlaşır. Belə bir vəziyyətdə Azərbaycan digər tərəfdaşları ilə olan münasibətlərini qoruyub saxlamaqla ŞƏT ilə əməkdaşlıqda sərbəst manevr imkanları qazanır. Düşünürəm ki, bu, ŞƏT-ə tamhüquqlu üzvlükdən daha uğurlu seçimdir.
- "ŞƏT+" formatının bu ilki mövzusu “çoxqütblü dünya nizamı”dır. Bu, Azərbaycanın mövqeyi ilə necə uyğunlaşır?
- Azərbaycan yeni dünya nizamında çoxqütblülüyün tərəfdarıdır. Bu gün Azərbaycan prezidentinin yürütdüyü beynəlxalq siyasət də məhz bu paradiqmaya əsaslanır. Odur ki, Azərbaycan özünün beynəlxalq münasibətlərində hər hansı bir qütbə üstünlük vermədən bütün güc mərkəzləri ilə eyni məsafədə dayanmağa və hər bir qütblə qarşılıqlı faydalı və praqmatik əməkdaşlıq edir. Beləliklə, əslində Azərbaycan özü yeni və çoxqütblü dünya nizamının yaranmasında maraqlıdır və bu prosesdə fəal iştirak edir.
- Son zamanlar Azərbaycanın Asiya və Afrika ölkələri ilə yüksələn vektor üzrə inkişaf edən münasibətləri nələr vəd edir?
- Asiya və Afrika ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın “orta güc” statusundan və az öncə haqqında bəhs etdiyimiz beynəlxalq əməkdaşlıq doktrinasından irəli gəlir. Bütövlükdə Azərbaycan dünyanın istənilən ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaqda maraqlıdır və son 30 ildə ölkə rəhbərliyi tərəfindən bu barədə həmişə bəyanatlar verilib. Digər tərəfdən, qloballaşma proseslərinin genişlənməsi və dərinləşməsi, eləcə də bəşəriyyət tarixində elmi-texnoloji inkişafın ən yüksək həddə çatması ölkələr arasında siyasi-diplomatik və iqtisadi-ticari məsafələri çox qısaldıb. İndiki dövrdə qloballaşmanın yan fəsadlarından qorunmaqla bərabər eyni zamanda onun açdığı yeni imkanlardan da məharətlə faydalana bilmək çox vacibdir. Odur ki, Azərbaycan öz milli maraqlarına uyğun olan bütün imkanlardan istifadə etməklə ölkənin beynəlxalq nüfuzunu daim yüksəltmək və yeni yaranan beynəlxalq münasibətlər konfiqurasiyasından öz mənafeyi naminə faydalanmaq istiqamətində addımlar atır.
- Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan-Qırğızıstan münasibətləri öz tarixinin ən yüksək səviyyəsinə çatıb. Bu yaxınlarda ölkələrimiz arasında Müttəfiqlik Sazişinin imzalanması məhz bunun təsdiqidir. Müttəfiqlik daha sıx inteqrasiya, daha yaxın əməkdaşlıq və daha uğurlu nəticələr əldə olunması üçün açılan yeni bir qapıdır. Digər tərəfdən, TDT-nin üzvü olan Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik daha böyük ideyaya xidmət edən, bizi Türk Dövlətləri Birliyinin yaranmasına aparan yolda atılması zəruri olan ən mühüm addımlardan biri idi. Bütün türk dövlətləri arasında ikitərəfli əsasda Müttəfiqlik münasibətlərinin qurulması gələcəkdə bütün türk dünyasının vahid geo-siyasi və geo-iqtisadi məkan yarada bilməsi üçün möhkəm zəmin yaradacaq. Nəticədə Anadoludan Mərkəzi Asiyanın ən ucqar türk dövləti olan Qırğızıstana qədər uzanan geniş bir ərazidə vahid türk geo-politik regionu meydana çıxacaq ki, bu region da Türk Dövlətləri Birliyi çərçivəsində yeni güc mərkəzinə çevrilmək imkanına malikdir.
Digər Xəbərlər
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - SN-nin mütəxəssisi açıqlayır
07 Avqust 2026 09:29
Aqil Abbasın Rəmiş oğurluğu
04 Avqust 2026 11:00
Hikmət Hacıyev "Haber Global"a müsahibə verib
17 Iyul 2026 10:02
Süni İntellekt: Köməkçi, yoxsa zehni tənbəlliyin başlanğıcı?
16 Iyul 2026 11:21
Hikmət Hacıyev Pakistan telekanalına müsahibə verdi
16 Iyul 2026 10:25


Bakı -°C

