adalet.az header logo
  • Bakı -°C
07 Sentyabr 2026 11:08
74
MÜSAHİBƏ
A- A+

Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ

Aldığınız kosmetik məhsul həqiqətən təhlükəsizdirmi? Onun gigiyenik sertifikatı varmı, son istifadə tarixi silinməyibmi? Bəs başqasının kosmetik vasitələr istifadə etmək hansı risklər yarada bilər?

Adalet.az xəbər verur ki, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov bu və digər suallara aydınlıq gətirib.

- Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat nədir və niyə vacibdir?

- Gigiyenik sertifikat – məhsulun, maddənin və ya vasitənin qüvvədə olan sanitariya qaydalarına, gigiyena normativlərinə uyğun olduğunu və insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi sənəddir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na uyğun olaraq sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsulları ölkəyə idxal olunarkən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırma prosesinə cəlb edilir. Bu prosesin əsas məqsədi insan sağlamlığının qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının alınmasıdır.

Gigiyenik sertifikatlaşdırma zamanı sənədlər toplusu və məhsul nümunəsi əvvəlcə Mərkəzə təqdim olunur, daha sonra sanitar-gigiyenik ekspertiza və laborator analizlərdən keçirilir. Məhsul müəyyən edilmiş standartlara uyğun olduqda sertifikatlaşdırılır. Beləliklə, gigiyenik sertifikat məhsulun sanitar-gigiyenik təhlükəsizlik baxımından qiymətləndirildiyini təsdiq edir və istehlakçılar üçün etibarlı seçim meyarlarından biri hesab olunur.

- Sahibkarlar idxal olunan kosmetik məhsullara gigiyenik sertifikat almaq üçün Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinə müraciət edərkən hansı mərhələlərdən keçməlidirlər?

- Gigiyenik sertifikatlaşdırma prosesi məhsulların sanitariya-gigiyena norma və qaydalarına uyğunluğunun müəyyən edilməsi məqsədilə mərhələli şəkildə həyata keçirilir. Sahibkar məhsulların idxal sənədlərini və məhsul nümunələrini Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Ümumi şöbəsinə təqdim edir. Sənədlər və nümunələr Sanitariya-gigiyena nəzarəti və ekspertizası şöbəsinin həkim-gigiyenistlərinə yönləndirilir. Əvvəlcə sənəd toplusuna baxış keçirilir. Sənədlər norma və tələblərə uyğun olduğu halda həkim-ekspertlər nümunələrin ilkin baxışını həyata keçirir, yəni sənədlərlə nümunə arasındakı eyniliyə, məhsulun qablaşdırılmasına, buraxılış tarixinə, mənşəyinə və hansı müəssisə tərəfindən istehsal olunmasına diqqət yetirir. Məhsul norma və qaydalara cavab verdikdə, nümayəndənin iştirakı ilə akt tərtib olunur və nümunələr laborator yoxlama üçün müvafiq şöbəyə göndərilir. Müayinələr Mərkəzin Laboratoriya sınaq şöbəsində aparılır, bura sanitariya-gigiyena, kimyəvi və toksikoloji müayinələr və mikrobioloji müayinələr bölmələri daxildir.

Qeyd edək ki, Respublika Sanitariya-Karantin Mərkəzinin Laboratoriya sınaq şöbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına uyğun akkreditasiya olunub. Bu akkreditasiya laboratoriyada aparılan sınaq və müayinələrin beynəlxalq standartların tələblərinə uyğun, etibarlı və səlahiyyətli şəkildə həyata keçirildiyini təsdiq edir. Laborator müayinələr məhsulun mikrobioloji, kimyəvi və toksikoloji göstəricilərinin qüvvədə olan norma və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə həyata keçirilir. Çünki bu göstəricilərin normadan artıq olması həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bizim əsas məqsədimiz sanitariya norma və standartlarına cavab verməyən, əhalinin sağlamlığı üçün potensial təhlükə törədən bilən məhsulların ölkəyə idxalının və satış dövriyyəsinə buraxılmasının qarşısını almaqdır.

- Kosmetik məhsullar alarkən nələrə diqqət etməliyik?

- Kosmetik məhsullar alarkən sağlamlığınızı qorumaq, həm də saxta mallardan yayınmaq üçün, ilk növbədə məhsulun gigiyenik sertifikatının qüvvədə olma müddətinə, qablaşdırmasına, həmçinin son istifadə tarixinə xüsusi diqqət yetirmək lazımdır. İstehlakçıda məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda satıcıdan həmin məhsula aid gigiyenik sertifikatın təqdim edilməsini tələb etmək hüququna malikdir. Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğu üçün yanlış seçim ciddi allergik reaksiyalara və ya dəri xəstəliklərinə səbəb ola bilər. Qablaşdırmanın üzərində istehsal və son istifadə tarixləri aydın oxunmalıdır. Son istifadə tarixi silinmiş məhsulları qətiyyən almayın. Məhsulun qablaşdırması üzərindəki “açıq krem qabı” şəkli və onun içərisində göstərilən “6M” və ya “12M” kimi işarələr, məhsulun qapağı açıldıqdan sonra neçə ay ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir. Məhsul alarkən onun tərkibinə də diqqət yetirmək vacibdir. Tərkibində metilparaben, propilparaben kimi qoruyucuların və xüsusilə şampunlarda istifadə olunan SLS/SLES (sulfat) maddələrinin olmamasına və ya minimum səviyyədə olmasına üstünlük verilməlidir. Sintetik ətir qatqıları həssas dərili insanlarda allergik reaksiyalar və qızartı yarada biləcəyindən məhsulun tərkibi etiketin sonunda diqqətlə oxunmalıdır. Ucuz və saxta dodaq boyası və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər ki, bu da zamanla orqanizmə mənfi təsir göstərər. Mağazada məhsulların birbaşa güclü işıqlandırma və ya istilik mənbəyinin altında saxlanılmadığına əmin olun. İstilik kosmetikanın kimyəvi strukturunu pozur və vaxtından əvvəl yararsız edir.

- Makiyaj məhsulları paylaşılmalıdırmı? Başqasının kosmetikasından “ortaq” istifadə etmək olarmı?

- Xeyr, makiyaj və kosmetik vasitələri başqası ilə paylaşmaq və ya başqasının kosmetik vasitələrindən istifadə etmək qətiyyən olmaz. Bu vasitələr tamamilə şəxsi gigiyena əşyalarıdır və onların ortaq istifadəsi ciddi sağlamlıq riskləri yaradır.
Makiyaj məhsullarının paylaşılması bakteriya, virus və göbələklərin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Başqasına məxsus tuş, göz qələmi və ya göz kölgəsi fırçalarının istifadəsi konyunktivit və demodekoz kimi göz və dəri infeksiyalarının yayılmasına səbəb ola bilər. Dodaq boyası, dodaq parıldadıcısı və dodaq qələmlərindən ortaq istifadə herpes virusunun ötürülmə riskini artırır. Tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması isə dəridə olan yağ və bakteriyalar yayaraq, infeksion sızanaqların yaranması ilə nəticələnir.

Xüsusilə tuş, göz qələmi, dodaq boyası, dodaq balzamı, tonal krem süngərləri və makiyaj fırçalarının paylaşılması qətiyyən tövsiyə olunmur. Sıxılmış pudra və ya ənlik kimi məhsulların istifadəsi nisbətən az risk daşısa da, onlar yalnız təmiz və fərdi fırça ilə istifadə edilməlidir. Kosmetik vasitələrin paylaşılmaması ən təhlükəsiz seçim hesab olunur.

- Uşaq kosmetikası üçün qoyulan tələblər hansılardır?

- Uşaqların dərisi böyüklərlə müqayisədə daha incə və həssas olduğundan uşaq kosmetikası, yəni şampunlar, kremlər, yağlar və digər kosmetik vasitələr sanitar-gigiyenik baxımdan daha sərt tələblərə tabedir. Beynəlxalq standartlar və yerli texniki reqlamentlər əsasən burada ilk növbədə uşaq kosmetikasının kimyəvi tərkibinə xüsusi tələblər qoyulur. Belə ki, böyüklər üçün istifadəsinə icazə verilən bəzi turşular və konservantların, o cümlədən salisil turşusu, borat turşusu və onların duzlarının uşaq kosmetikasında istifadəsinə yol verilmir. Məhsulun formulası mümkün qədər sadə olmalı, süni rəngləndiricilər, güclü ətir qatqıları və konservantlar minimum səviyyədə saxlanılmalı və ya tamamilə çıxarılmalıdır. Uşaqlar üçün nəzərdə tutulmuş şampun və digər yuyucu vasitələr seçilərkən onların gözləri qıcıqlandırmayan ("No Tears") formul əsasında hazırlanmasına diqqət yetirilməsi məqsədəuyğun hesab olunur. Həmçinin tərkibində qurğuşun, civə, arsen və asbest kimi toksik maddələrin hətta minimal miqdarda olmasına belə icazə verilmir.

Mikrobioloji göstəricilər baxımından da uşaq kosmetik vasitələri ciddi nəzarətə məruz qalır. Məhsulun tərkibində bakteriyaların miqdarı müəyyən edilmiş normanı keçməməli, Pseudomonas aeruginosa, Staphylococcus aureus və Candida albicans kimi infeksiya törədən bakteriya və göbələklər isə ümumiyyətlə aşkar edilməməlidir. Kosmetik vasitələrin böyüklər üçün istifadəyə uyğun olması onların uşaqlar üçün də təhlükəsiz olduğu anlamına gəlmir. Valideynlər uşaqların kosmetik vasitələrdən yalnız onların yaş xüsusiyyətlərinə uyğun və böyüklərin nəzarəti altında istifadə etmələrini təmin etməlidirlər. Məhsulun qablaşdırılması üzərində onun hansı yaş qrupu üçün nəzərdə tutulduğu (məsələn, 0–3 yaş və ya 3 yaşdan yuxarı uşaqlar üçün) aydın şəkildə göstərilməlidir. İstehsalçı tərəfindən müəyyən edilmiş yaş məhdudiyyəti və istifadə təyinatına dair məlumatlara mütləq riayət olunmalıdır.

Yekun olaraq qeyd edək ki, kosmetik məhsulların gigiyenik sertifikatlaşdırılması əhalinin sağlamlığının qorunmasına, təhlükəsiz məhsulların istehlak bazarında dövriyyəsinin təmin edilməsinə və istehlakçı hüquqlarının müdafiəsinə xidmət edir. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən həyata keçirilən ekspertiza və laborator müayinələr məhsulların sanitar-gigiyenik norma və tələblərə uyğunluğunun qiymətləndirilməsində mühüm rol oynayır.

- Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat istehlakçıya nə qazandırır?

- Gigiyenik sertifikat məhsulun kimyəvi və toksikoloji baxımdan təhlükəsiz olduğunu təsdiqləyir. Belə ki, laborator müayinələr nəticəsində məhsulun tərkibində qurğuşun, civə, arsen kimi ağır metalların və kanserogen formaldehidin olmadığı müəyyən edilir. Eyni zamanda, məhsulun mikrobioloji cəhətdən təhlükəsiz olduğu, insan sağlamlığı üçün təhlükəli patogen bakteriya və kif göbələklərini daşımadığı təsdiqlənir. Bu da istehlakçının göz və dəri infeksiyaları ilə qarşılaşma riskinin azalmasına şərait yaradır. Bundan əlavə, gigiyenik sertifikat yalnız rəsmi idxal sənədləri və mənşə şəhadətnaməsi olan məhsullara verildiyindən saxta məhsullarla qarşılaşma riskini də minimuma endirir. Gigiyenik sertifikatı olmayan məhsullarla bağlı əsas problem onların təhlükəsizlik göstəricilərinin, mənşəyinin və sanitar-gigiyenik norma və tələblərə uyğunluğunun qeyri-müəyyən olmasıdır. Gigiyenik sertifikat istehlakçıların məhsul seçimində məlumatlı qərar verməsinə və bazarda təhlükəsiz məhsullara üstünlük göstərməsinə də şərait yaradır. Beləliklə, gigiyenik sertifikat istehlakçıların sağlamlığı üçün potensial təhlükə yarada biləcək amillərlə qarşılaşma riskinin azaldılmasına və təhlükəsiz məhsul seçiminin təmin edilməsinə xidmət edir.