adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 09:30
85
SİYASƏT
A- A+

"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi..." 

"Son illərdə qlobal və regional geosiyasi və hərbi qarşıdurmalar, xüsusilə, Rusiya – Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Çin və Uzaq Şərq ölkələri ilə Avropa arasında yükdaşımaların mühüm hissəsinin keçdiyi şimal marşrutunun – Rusiya üzərindən keçən dəhlizin təhlükəsizliyi üçün xeyli risklər yaradıb və qlobal ticarət marşrutlarında ciddi dəyişikliklərə səbəb olub. Buna görə də Avropa İttifaqı alternativ nəqliyyat yollarının və logistika xətlərinin inkişafına daha çox diqqət ayırmağa başlayıb". 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Onun sözlərinə görə, bu baxımdan bütövlükdə  Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edib: 

"Marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir.  Bunları nəzərə almaqla,  Avropa İttifaqının son təşəbbüsü - Orta Dəhliz boyunca nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası məqsədilə yeni “Connectivity Agenda Platform” yaradılması Avrasiya məkanında formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqların mühüm göstəricisi hesab oluna bilər. Bu təşəbbüs sadəcə texniki koordinasiya mexanizmi deyil, həm də Aİ-nın Mərkəzi Asiya və Cənubi Qafqazda strateji iştirakını genişləndirməyə  yönəlmiş uzunmüddətli siyasi layihə kimi qiymətləndirilə bilər.
Ümumi şəkildə Orta Dəhliz boyunca nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası, mövcud təşəbbüsləri vahid strategiyada birləşdirməsi, prioritet layihələr siyahısının formalaşdırması və beynəlxalq maliyyə institutları ilə özəl investorlardan vəsait cəlb edilməsinin asanlaşdırması yeni platformanın yaradılmasının əsas məqsədi kimi elan olunur. Lakin bu platformanın yaradılmasının daha konkret strateji məqsədləri də var. Bu strateji məqsədlər sırasına ilk növbədə Avropanın ticarət və loqistika marşrutlarının sayının artırılması və məhdud sayda marşrutlardan asılılığın aradan qaldırılması aid edilə bilər. Daha sonra yeni platformanın yaradılması Avrasiya nəqliyyat sistemində Rusiyanın ənənəvi dominant rolunun zəiflədilməsi və Çinin təsirinin balanslaşdırılması, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədlərinə də xidmət edir". 

Q.Əlibəyli deyib ki, Azərbaycan artıq bütövlükdə Şərq-Qərb nəqliyyat dəhlizinin, o cümlədən Transxəzər marşrutunun mərkəzi aktorlarından birinə çevrilib: 

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt azad iqtisadi zonası, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkədə yaradılmış logistika infrastrukturu bu marşrutun fəaliyyətində mühüm rol oynayır. Hesab edirəm ki, yeni platforma çərçivəsində Azərbaycan üçün də imkanlar daha da genişlənəcək. Yeni platforma ölkəmiz üzərindən tranzit yük daşımaların həcmlərinin artmasına, yeni investisiyalarının cəlb olunmasına, rəqəmsal bağlantı layihələrinin genişlənməsinə, yaşıl enerji ixracı təşəbbüslərinin sürətlənməsinə və respublikamızın  regional nəqliyyat mərkəzi statusunun möhkəmlənməsi gətirib çıxara bilər. Xüsusilə Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan enerji və məlumat ötürmə xətləri Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Yeni platforma çərçivəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi ön plana çıxır.

Yeni platformanın yaradılması həmçinin Güney Qafqazın siyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərə bilər. Bu baxımdan yeni platformada Ermənistana da rol ayrılmasını təsadüfi hesab etmək olmaz. Bu gün Ermənistan Güney Qafqazda Rusiyanın öz təsirini hər vasitə ilə qoruyub saxlamağa çalışdığı məkandır. Ona görə də Yeni platformada Ermənistana rol ayrılması perspektivdə Ermənistanı Rusiyanın asılılığından və təsir dairəsindən çıxarmaq kimi strateji geosiyasi məqsədlərə xidmət edir. Başqa sözlə, geosiyasi strategiya baxımından Aİ-nin məqsədi Ermənistanı regional layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamaq deyil (bu daha çox Rusiyanın maraqlarına uyğun gələrdi), onu Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni bağlantı arxitekturasına müəyyən dərəcədə inteqrasiya etməkdir. 

Yeni platformaya dair açıqlanan sənədlərdə Ermənistana konkret hansı rolun ayrılması dəqiq göstərilmir. Yeni platforma daha çox mövcud Azərbaycan–Gürcüstan–Türkiyə xətti üzərində qurulur. Buna görə də Ermənistanın rolu daha çox potensial və gələcək imkanlar kontekstində müzakirə oluna bilər. Avropa İttifaqı hesab edir ki, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması regional sabitliyə və iqtisadi inteqrasiyaya xidmət edə bilər. 

Nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə Ermənistanın Orta dəhlizin və Transxəzər marşrutunun əsas aktoruna çevrilməsi imkanları da məhduddur. Belə ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri tam normallaşmayıb, nəqliyyat kommunikasiyalarının tam açılması məsələsi hələ həll olunmayıb, Ermənistandakı daxili vəziyyət Zəngəzur dəhlizinin işə düşməsinə müəyyən risklər yaradıb, Ermənistanın regional dəmir yolu və mövcud logistika infrastrukturu hazırkı marşrutla müqayisədə daha zəif vəziyyətdədir və s. 

Nəqliyyat infrastrukturundan  fərqli olaraq rəqəmsal kommunikasiya, elektrik ötürmə şəbəkələri və yaşıl enerji layihələrində Ermənistanın iştirak imkanları nisbətən geniş hesab olunur və Aİ da daha çox enerji transformasiyası və rəqəmsal bağlantılar sahəsində Ermənistanla əməkdaşlığı artırmağa çalışır.

Bunları nəzərə almaqla, hesab edirəm ki, yeni platformada Ermənistanın rolu daha çox Azərbaycan və Türkiyə ilə gələcək siyasi normallaşma proseslərinin nəticəsindən asılı olacaq. Yəni normallaşma baş verərsə və kommunikasiyalar açılarsa, Ermənistan regionun ümumi bağlantı sisteminə inteqrasiya oluna, Orta Dəhlizə qoşulan əlavə marşrutlardan biri kimi çıxış edərək İran, Gürcüstan, Türkiyə və Azərbaycan istiqamətlərində əlaqələri genişləndirə bilər". 

Vasif ƏLİHÜSEYN