adalet.az header logo
  • Bakı -°C

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
25109 | 2017-10-03 16:37
A- A+

Niyyətimi açıb mirzəyə söylədim. Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonra dedi:

- Bu gecə burada yatarsınız, axşamın xeyrindən isə sabahın şərri.

Səhər kitabları töküb dürüst baxaram, ümidvaram əlac tapıla. Çay içib, bir qədər o yan-bu yandan söhbət elədik. Mən xəbər aldım:

- Mirzə, siz çoxdanmı Qarabağdasınız?

- Bəli, mən anadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizi deyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, Iranın qanununa binaən, təxti-səltənət naibüssəltənə fərmanfərmayi- məmləkəti- Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi. Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıb Tehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, Nəsrəddin Mirzə təxtisəltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. Nəsrəddin Mirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlər və onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcək üstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi "Fitilbörgə" və birbaş getdi imperator Birinci Nikolayın yanına. Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağına icazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin edib, Rusiya şəhərlərindən birisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab bu Şuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allah atanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanın katibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və o kitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm.

İçəri otaqla bizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyi fisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özü qabları götürüb içəri apardı. Şamdan sonra yenə adama bir stəkan çay içdik. Orta qapı açıldı. Oradan İki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşək otağa qoydu. Mirzə özü qalxıb mənim üçün yer salıb dedi:

- Gecəniz xeyrə qalsın, yatın, rahat olun, sübh danışarıq.

Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsi məni oyatdı. Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmiş görüb, təəccüblə xəbər aldı:

- Siz əcəb sübhxiz imişsiniz!

- Bəli, adətim belədir, - dedim. - Bəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz.

Mirzə dedi:

- Çox gözəl adətdir. Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar.

- Düz buyurubdur. Belədir ki var.

Çaydan sonra mirzə buyurdu:

- Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik. Siz yatandan sonra mən gedib "Tənbihil-qafilin" kitabını açıb mütaliə elədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərc olunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heç bir kəs qəbləlmevt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənəni göstərir) filan ayın filan günündə (haman günü göstərir) adı "T" hərfi ilə başlanan bir şəhərdən, adı "Ş" hərfi ilə başlanan şəhərə, adı "Q" ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmi gedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünki cəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş "Cameül-dəvat" kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsin müvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq. İndi, ağa can, o nüsxə budur: 1. Rübbisus - on misqal, 2. Əfüyun - on misqal, 3. Əfrəfyun - beş misqal, 4. Tiryak - dörd misqal, 5. Zəfəran - beş misqal, 6. Aqərqərha - beş misqal, 7. Zəncəfil - beş misqal, 8. Filfili-hİndi - üç misqal, 9. Əsəl - bəqədri-kifayə. Bu dərmanı on gün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz. Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan duaları oxuyaram. Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən burada bağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsiniz və orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz - cəhənnəm aləmində.

Mən mirzədən xəbər aldım:

- Cənab mirzə, buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq?

Buyurdu:

- Hər cadının təsiri qırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz. Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir.

- Cənab mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq?

- Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşin mənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günorta naharını da bir yerdə eləyəcəyik.

Şəhəri bir qədər dolanıb, saat on İkidə azan səsi eşitdim, bir qoca kişi məkruh səslə azan oxuyurdu. Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim:

- Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni, tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olur ki, özünüz üçün xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişə azanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilər dayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, İki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər.

Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi:

- Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi Isi, Həsəncə, Qaryağdı oğlu və sairələri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. Hamısı Allahdan üz döndəriblər. İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbul edərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır. Onun İndi yaşı həştaddan ötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canım ağzımdan çıxınca azan verəcəyəm.

- Ona maaş nə verirlər?

- Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir.

- Üç manatla onun məişəti necə keçir?

- Hacının özgə mədaxil yerləri də var. Birinci mədaxil hamamlardandır. Bizim hamamlar sizinkilərə oxşamaz. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamların Iran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlman hamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqə bədənini isitsin. Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxil olub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüz adamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüz arvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindən qoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əl qalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu da azançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib hər yerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hər birisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir.

Hacı Tağının ikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirənkəbirən, ünasən-zükurən hamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Hacı siyahını əlinə alıb, şəhəri dolanıb hamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadan sayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər. Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır.

Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu. Səbəbini xəbər aldım, dedi:

- O xoruza bu gün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur.

Süfrə salındı. Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi:

- Plovu inşallah axşam yeyərik.

Axşam zamanı mirzə məni tək qoyub dedi:

- Siz burada əyləşin, mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam.

Axşam saat on radələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Bir az keçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi:

- Buyurun, hazırdır.

Bir qədər söhbət edib, plov yeyib yatdıq.

Sübh durub mirzəyə yüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıb buyurdu:

- Burada lazım olan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun.

Mirzədən razılıq edib, yenə haman yolla Tiflisə qayıtdım. Tiflisdə Ağ mollanı tanımayan bir nəfər tapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamam cavanları tanıyırdı. Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərin hamısında sübhədək piano çalınıb, qızlar və cavanlar "matçiş" oynardılar. Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləri bağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır. Ağ Mollanı nəinki müsəlmanlar, tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Gələnlərin çoxusu qadınlardır. Kimisinin əri qaçıb - onu qaytarmaq istəyir, kimisi duldur - ərə getmək istəyir, kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı Ağ Mollanının duası ilə məramlarına çatmaq istəyirlər.

Gecə evdə dincəlib, səhər getdim mollanın xidmətinə. Qəbul otağı qadınlarla dolu idi. Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəri çağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanın nədən və nə əczadan əmələ gəldiyini buyurmadı?

Cavabında dedim:

- Mənim yanımda əczaların adlarını bir-bir oxudu, ancaq unutmuşam.

Çox əfsus edib buyurdu:

- Bu dərmanın sirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusi bilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzənin xahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyi duaları oxuyaram. Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Siz görürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündə mənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin. Bir qədər danışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündən işə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim. Şənbə gününə dörd gün qalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarla vidalaşıb əyləşdim mənzildə.

Şənbə günü səhər axund gəldi. Mən dərmanı çamadandan çıxartdım. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzıma qoymaq istədikdə axund dedi:

- Dayan!

Dayandım.

Buyurdu:

- Gərək bu saat gedib hamamda qüsli-cənabət edəsiniz. Hamamdan çıxıb dalınıza baxmayaraq evə gələsiniz. Evdə İki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Mən də siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyi duaları oxumağa məşğul olaram.

Hamamdan qayıdıb axundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu bir kilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı. Duanın adına "covşənkəbir" deyirdilər.

Axund buyurdu:

- Vaxtdır. İndi başlayıb dərmanı tənavül edə bilərsiniz...

Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı. Bu halət xüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim.

Müxtəsəri-kəlam, doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanı cəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbər elədim. Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdə hər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyab olsun. Mən söz verdim. Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimi qırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlib sandığı açsın.

Axund buyurdu:

- Vaxtdır, uzan.

Itaət edib uzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi, məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəm səhrasıdır.

CƏHƏNNƏM

Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəmin istisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plov yeyənlərdir. Isti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hərarətin artıqlığından mənim üçün irəli getmək mümkün olmayacaqdır.

Birdən qulağıma bir səs gəldi:

- Əyyühəlxortdan! Eşidibsən ki, "Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar". Getməsən də aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən.

Bu sözü eşidən tək başladım yeriməyə. Dedim:

- Hərçi bada-bad!

Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar. Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirat hamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə su onların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır. Xülasə, hər növ təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı.

Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. Heyvanın ağzından, qulaqlarından və burunlarından alov dirəklənirdi. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: "Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna".

Yazını oxuyan tək, kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar. Tanımayanlar var isə, vəzir Mirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar.

Kişidən xəbər aldım:

- Mərdəkə, burada nəmənə qayırırsan?

Dedi:

- Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər.

Dedim:

- Çox gözəl mənsəbdir, mübarəkdir.

Sonra xəbər aldım:

- Bu əjdaha burada nə qayırır?

Dedi:

- Qulaq ver nağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy od tutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, ins və cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar:

- İlahi, yandıq. Yaratdıqlarına rəhmin gəlsin.

Xudavəndi-aləm məxluqatın duasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun.

Əjdaha yalvardı, ərz elədi:

- Xudaya, mən nə günah eləmişəm? Qəzəbini mənim üstümdən götür. Əjdaha bir də baxdı ki, başının üstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir:

- Ud cəhənnəmi, ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz!

Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Əjdaha cəhənnəmi udandan sonra onun içərisi başladı alışıb yanmağa. Əjdaha ilan dili çıxardıb yalvardı:

- Allah, yandım, mənə rəhm elə!

Xudavəndi-aləmin əjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altı ayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəri çəkəndə payız və qış olur. Bir para sarsaqsarsaq kitablarda yazırlar ki, nə bilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaq sözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən.

Dedim:

- Bəli, görürəm. Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəb açıb şəhərin uşaqlarına dərs verirdi. Axundun adını unutmuşam. Ancaq yadımdadır ki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözləri o büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş.

(ardı növbəti sayımızda)


TƏQVİM / ARXİV