
Əlbəttə, məncə bir qəzet səhifəsində belə böyük və möhtəşəm mövzudan bəhs etmək imkansız olduğu üçün bu yazımda dinə aid yalnız bircə fraqment haqqında oxuculara məlumat vermək istəyirəm. Belə ki, Həzrəti İsanın və xristianlığın rəmzinə çevrilmiş Xaçdan söhbət açacağam.
İndi çoxlarının nəzərində adi bir şəkil, yaxud fiqur, lap elə sadəcə xristianlığı simvolizə edən bir atribut olan xaçın kəsb etdiyi mahiyyət və tarix əslində Seçilmişlərin bir parçası imiş. Xristian teoloqların yazdıqları kimi bir-birinin üzərinə çarpazlanmış xətlər, yəni xaç həm də Tanrının düşmən-iblisə, hətta ölümə belə qalib gələn qılıncı, səltənəti və hakimiyyətidir.
FƏRQLİ QURULUŞA MALİK XAÇLAR
Diqqətli və məlumatlı şəxslər bilir ki, dünyada insanların tərcih etdiyi xaçların fərqli formaları da var. Belə ki, simmetrik şəkildə bir-biri ilə çarpazlaşan xaçlar, biri nisbətən əyilmiş xətlərin əmələ gətirdiyi dördsonluqlu xaçlar, bir qolu əyilmiş altısonluqlu, hətta səkkizsonluqlu xaçlar mövcuddur. Pravoslav xristianlar əsasən dördsonluqlu xaçları qəbul edirlər. Onlar belə hesab edirlər ki, Həzrəti İsa məhz belə bir xaçın üzərində çarmıxa çəkilmişdir.
Digər xristian təriqətləri daha çox altısonluqlu və ya səkkizsonluqlu xaçları tərcih edirlər. Onlar belə düşünürlər ki, İsa Məsihin çarmıxa çəkildiyi dördsonluqlu xaçın üzərində əlavə bir taxta da vurulmuşdu ki, onun üzərində "İuda Çarı, Nazaryanlı İisus" sözləri yazılmış olub. Və xaçın şaquli dayanmış hissəsi isə Göylərdəki İlahiyə gedən yola işarədir. Xristianların böyük əksəriyyətinə görə isə, xaç səkkizsonluqlu olmalıdır ki, burada əzabkeş Peyğəmbərin ayaqlarının da mismarlandığı aryıca qol (dirək) xaçın şaquli hissəsinin aşağısında yer alıbmış. Onlar bildirirlər ki, bu daha doğrudur. Çünki Tanrının düşmənləri peyğəmbəri ona görə bu şəkildə - əlləri və ayaqları ayrı-ayrılıqda mismarlanaraq çarmıxa çəkmişlər ki, onun bədəni bu xaçın üzərində öz ağırlığını saxlaya bilsin. Əslində isə xaçın bütün formalarının mahiyyəti eynidir - onun üzərində İsa Peyğəmbər çarmıxa çəkilmiş, Tanrıya qovuşmuşdur.
Bəs xaçın simvola çevrilməsi nə vaxtdan başlamışdır? İnsanlar bu dəhşətdən dərhal sonra xaçı dinin rəmzinə çevirmişdilərmi? Xeyr. Əslində bu, İisus "öldürüldükdən" çox sonralar baş verdi. Hakimiyyətin bütün çabalarına, sərt təqiblərinə baxmayaraq Peyğəmbərin həm həyatı, həm də ölüm səhnəsi ağızdan-ağıza keçərək əvvəlcə bütün Kiçik Asiyada, ardınca Cənubi Avropada, daha sonra digər yerlərdə yayılmağa başlamışdı. İnsanlar qəhrəmanlığı və müqəddəsliyi həyatını əzabkeşcəsinə sürdürən, sonda isə xaç üzərində çarmıxa çəkilən İisusun simasında görürdülər və Onun elə buradan da Allaha qovuşduğuna inanırdılar.
PARÇALANMIŞ
İMPERİYA İLK
XRİSTİAN İMPERATORU VƏ HƏZRƏTİ İSANIN
ÇARMIXA ÇƏKİLDİYİ XAÇ
Onlar heç də adi çar ailəsi hesab olunmurdu. Və Konstantin həmin ailədə tərbiyə almış və böyümüşdü. O, atası Konstansiya Xloradan sonra - 306-cı ildə Roma İmperatorluğunun başına keçdi. Tarixdən məlumdur ki, həmin dövrlərdə böyük Roma imperiyası praktik olaraq iki hissəyə - Qərbi və Şərqi imperiyalara parçalanmışdı və Konstantinin atası Qərb, yəni Qalliya və Britaniya torpaqlarını idarə edirdi və burada Şərqi İmperiyada olduğu kimi xristianlar təqiblərə məruz qalmır, öldürülmürdülər. Anası çariçə Yelena isə artıq xristian idi. Və oğluna xristian dininə inanc və hörmətlə tərbiyə vermişdi. Bildiyimiz kimi Xloranın hakimiyyəti elə də uzun çəkmədi. Ondan sonra taxta sahib olan Konstantin anasının dəstəyi ilə xristianlığın böyüməsi, genişlənməsi üçün əlindən gələni etməyə çalışdı. Elə bu da Şərqi Roma imperiyasındakı hakimiyyətın xoşuna gələ bilməzdi.
Nəhayət mübarizə açıq müstəviyə keçdi və 312-ci ildə Konstantin Roma İmperiyasının imperatoru titulu üçün mübarizəyə başladı. Çox çəkmədi ki, onu daim müharibə ilə hədələyən Maksenti məğlub edərək şəriksiz hakimiyyətə başladı. Onu da qeyd edim ki, məhz bu mübarizədə qələbə "Xaç altında" baş verdi. Tarixçilər yazır ki, tərəflər arasında ən həlledici döyüş ərəfəsində, Günəş doğan zaman Konstantin və ordusu göy üzündə böyük bir xaç gördülər. Üzərində yazılmışdı: "Qələbə qazanacaqsan".
Deyilənə görə, həmin gecə yatdığı zaman Xrustos özü Konstantinin yuxusuna gələrək ordunun bayraqlarına və döyüşçülərin qalxanlarına xaç işarəsinin çəkilməsini istəmişdir. Konstantin səhər yuxudan oyanan kimi İlahinin iradəsini həyata keçirməyə tələsmiş, yunanların "ksi" və "ro" hərflərini xristian monoqramması kimi bayraqlara və qalxanlara yazdırmışdır. Çar, eləcə də hər kəs qələbənin məhz bu səbəbdən gəldiyinə inanmışdı. Məhz din yolunda etdiklərinə görə Konstantin Müqəddəs İmperator adını qazanmışdır. O, 323-cü ildə bütövlükdə Roma İmperiyasının imperatoru oldu və onun hakimiyyətə gəlişindən sonra təxminən 300 il əvvəl ölkədən qovulmuş xristianlar geri dönməyə başladılar. Azad şəkildə xristian dininə ibadət etdilər.
Konstantinin hakimiyyəti illərində çariçə Yelena da xristianlığın yayılmasına, kilsələrin tikilməsinə çalışdı. Memarlıqda, tikintilərdə xaç rəmzləri təsvir edildi. Hətta dövlət sənədlərində də bu simvollar özünə yer tapdı. Bir dəfə Konstantin anasından xahiş etdi ki, onunla bərabər Yerusəlimə getsin və orada İisus Xristosun çarmıxa çəkildiyi həmin xaçın axtarılıb tapmasına başlasınlar. Çünki imperator inanırdı ki, qazandığı qələbələrə, ümumiyyətlə əldə etdiklərinə görə ilk növbədə Tanrıya borculudur və həmin borcun əvəzini məhz belə xidmətlərilə ödəyə bilər. Onlar Yerusəlimə gələndən sonra həmin xaçın axtarışına başladılar, lakin bu çabalar çox uzun müddət heç bir nəticə vermədi. Maraqlıdır ki, Konstantin bu işdən vaz keçmədi. Nəhayət çox yaşlı bir yəhudidən öyrənə bildilər ki, həmin xaç gizli bir yerdə torpağa basdırılmış, sonra isə onun üzərində məbəd tikilmişdir. Çariçə göstərilən yerdə dərhal qazıntı işlərinə başlatdı. Doğrudan da oradan köhnə xaç tapıldı. Amma biri yox, üçü. Və onların yanında basdırılmış taxta lövhə üzərində belə yazılmışdı: "Nazaretli İisus, İuda çarı".
Əlbəttə, ilk misiya yerinə yetirilmişdi, lakin anlaşılmayan bir məsələ qalırdı. Bilinmirdi ki, İisus Xristos bu xaçların hansı birində çarmıxa çəkilmişdir. Bunun müəyyən edilməsi üçün danışılan rəvayətlərdə deyilir ki, üzərinə İsanın qanı və əzabları tökülmüş xaçı müəyyən etmək məqsədi ilə ağır xəstə olan bir qadını növbə ilə onların hər birinin üzərinə qoydular. Qəribədi ki, xəstə qadın iki xaçdan sonra üçüncüsü üzərinə yerləşdiriləndə sağalır. Hətta dünyasını dəyişmiş bir şəxsi də eynən xaç üzərinə yatırdandan sonra, hər kəs onun canlandığını görür. Məhz belə möcüzədən sonra çariçə Yelena və patriarx Makariy, eləcə də oradakı insanlar məhz bu xaçın üzərində İisus Xristosun çarmıxa çəkildiynə əmin olmuş, onu öpərək səcdəyə düşmüşlər. Lakin ətrafdakı qələbəliyə görə xaça yaxınlaşıb öpmək hər kəsə nəsib olmadığı üçün patriarx onu başı üzərində qaldıraraq xalqa göstərmişdir. Xaçı görən insanlar heyrət içərisində baş əyib "Allahım, bağışla" söyləmişlər. Bundan bir qədər sonra isə Yerusəlimdə xüsusi dua forması yaradılmışdır: "Sənin Xaçına itaət edirik. Sənin müqəddəs qüdrətinə tapınırıq".
İmperator Konstantinin özü bundan sonra həmin xaçı yüksəltdi və ölümündən bir qədər əvvəl özünü xaç suyuna saldı. Lakin əvvəllər bunu gizli şəkildə etməyi özünə layiq bilmirdi. İmperatorun və Yelenanın xristianlığın yayılması üçün etdiklərinə görə müqəddəs Kilsə onların adını da müqəddəslərin sırasına əlavə etdi. Deyilənə görə, sonradan Kirill kimi müqəddəslər sırasına adı yazılmış Siril II Konstantinə Yerusəlimdə göy üzündə nəhəng xaçın necə əmələ gəldiyini və şəhər əhalisinin gözünə görünməsini yazmışdır. Və bütün bunlardan sonra xaç xristianlığın simvoluna çevrilmişdir. Bu da III və IV yüzilliklərin arasına təsadüf edir.
XAÇ İŞARƏSİ YALNIZ XRİSTİANLARINDIRMI?
Xristianlığın simvolu olmaqdan savayı xaç əslində həndəsi fiqur kimi özündə müəyyən sirləri gizlədir. Görəsən niyə bir çox xalqlarda insan həyatının doğuluşunu və ya sonunu bildirən simvol məhz xaç hesab edilir? Niyə dünyanın hər bir yerində bu və ya digər formada xaça səcdə mövcuddur? Min illiklər boyu bu sirli və universal işarə nəyinə görə belə böyük marağı özünə cəlb edə bilib?
Əlbəttə, xaç bir işarə olaraq müxtəlif sualları özündə cəmləşdirir. Amma hər şeydən əvvəl o məlumdur ki, xaç xristianlıqdan və ya qədimlikdən doğan bir işarə deyil. Hətta onun haradan gəldiyini, dəqiq olaraq hansı xalqa, hansısa tarixi dövrə şamil edildiyini də söyləmək mümkünsüzdü. Çünki xaçın ən müxtəlif motivlərə, fərqli xalqlara aid olan bir sıra növləri vardır. Belə ki, ən qədim dövlətlərdən hesab edilən Xaldeyada, Finikiyda, Assiriyada, Misirdə... bu simvolların möcudluğu çoxdan məlumdur. Özü də ən əsası da budur ki, bu həndəsi fiquru təsvir edənlərin hamısı bildirirlər ki, xaç insanlara dəqiq məlum olmayan mənaya, sirlərə malikdir.
Elə xaçın dünyanın hər bir yerinə aid olması onun növbəti sirri kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, onun rəmzinin müxtəlif formaları Mərkəzi Amerikanın keçmiş qəbilələrinin sinəsi bəzəyib. Məlumdur ki, qədim tayfalar sayılan Açtexlərin, Mayyaların. Tolteklərin xaçları xristianlıqdan əvvəlki dövrlərə aiddir. Skandinaviyada isə sanskritski svastikası hesab edilən ucları əyri xaçlar da olub. Mütəxəssislərə görə, belə simvolların fərqli mənaları vardır. Bunlardan başqa, tibet təsvirlərində göylər xaç formasındadır. Maraqlıdır ki, saysız-hesabsız hind məbədləri vardır ki, onlar məhz xaç şəkilli bünövrələr üzərində tikilmişdir. Yaponlarda və cinlilərdə müqəddəs on rəqəmini ifadə edən heroqliflər də məhz xaç şəklindədir.
Bunlardan başqa, xaç işarəsini masonların və kabbalistik əfsanərin simvollarının interpretasiyalarında da görmək olar. Bir sıra din alimləri də bildirir ki, Tanrı insanın özünü də xaç işarəsinə uyğun (inasanın hər iki qolunu üfiqi vəziyyətdə açarkən aldığı forma nəzərdə tutulur) formada yaradıb. Nəhayət alimlərə görə, xaçın dörd sonluğu həyatın dörd əsas ünsürünə - torpağa, suya, oda, və havaya işarədir. Ümumiyyətlə, ona budduizmə aid bir sıra təsvirlərdə də rast gəlmək mümkündü. Və belə misallarıın sırasını artırmaq da olar.
Elə bu səbəblər üzündən də xaçı yalnız sıradan bir simvol kimi görmək doğru deyil. Bəlkə də İisus Xristosun məhz xaçın üzərində çarmıxa çəkilməsi də təsadüf, sıradan bir hadisə deyilmiş. Nə bilmək olar, dünya sirlərlə dolu deyilmi?..