adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

VAXT OĞRUSU

FƏRİDƏ RƏHİMLİ
42469 | 2013-09-28 00:54
Oğurluq, sənə məxsus olanın icazəsiz başqası tərəfindən mənimsənilməsidir. Bu həmişə mənfi qiymətləndirilib və müvafiq inzibati cəzayla, yaxud ictimaiyyətin qınağıyla cəzalandırılıb. Amma birinin evinə girib var-dövlətini, həyətindən mal-qarasını, mağazasından əşyalarını və sair oğurlamaq qədər bir oğurluq növü də var ki, ona görə nə qanunla cəza tədbiri yoxdu, nə də ictimai qınaq. Bu, lazım oldu-olmadı boş-boş söhbətlərlə, qeybətlə, lazımsız məlumatları çatdırmaqla insanın vaxtını almaqdı. Hər dəqiqəsinin qiymətini bilənlər üçün bu mənasız söhbətlər həqiqətən vaxtın oğurlanmasıdır. Çənəsini saxlaya bilməyən birinə rast gəldinsə, yaxud ona zəng etməyə məbur oldunsa, vay halına. Uşaqlığından başlayıb, nəsil-kökünə, qonşusunda olan gəlin köçən, evlənən, hər gün bazarlıq edən, arvadına brilyant üzük alan, içki içib dava-dalaş salana və sairə... qədər söhbətini dinləməyə məhkumsan. Bu insanla rastlaşmaqdan ehtiyat edərsən, qeybətlə, kiməsə şər-böhtan atmaqla, imansız danışıqları ilə vaxtını almış olar, üstəlik səni də günaha soxar. Etiraz edib, - Günahdı! - deyərsən, sənə dərs vermək fikrinə düşər, hamıdan ağıllı olduğunu sübut etməyə çalışar və bir az da bununla vaxtını almış olar. "Nə olsun namaz qılmıram, oruc tutmuram, günahı da, savabın da nə olduğunu hamıdan yaxşı bilirəm. Namazı günahı olanlar qılar ki, günahları bağışlansın. Mən Allahın təmiz bəndəsiyəm çünki ürəyim düzdü...". Əsəbiləşmə, görüm, necə əsəbləşmirsən, bu gəvəzəliyə və itirdiyin vaxta...
Yaxud telefonda uzun-uzadı, sənə qətiyyən dəxli olmayan söhbətlərlə vaxtını alandan sonra, nəfəsini dərməsini, cümləsinə nöqtə qoymasını gözləyib, işdən indicə gəlmişəm, əlimdə vacib işim (qazın üstündə yeməyim var), desən də, xeyri olmur. Buna görə də ya xətdə problem olduğunu bəhanə edib, ya telefonu söndürməli olacaqsan, ya üzr istəyib səni çağırdıqlarını deyəcəksən, yaxud mobil telefonun zəngini səsləndirib, vacib zəng və mütləq açmalı olduğunu söyləməlisən, yoxsa əl çəkən deyil. Bütün bunlardan sonra, dayan ey, sözümün canı var, filankəsin toyudu, sənə də dəvətnamə verib, məndədi deyir. Bir saatlıq əzab-əziyyətin səbəbi axır ki, məlum olur. Səni ən çox əsəbləşdirən isə, sonda səsinə qayğıkeş ton verərək, sən də iş adamısan ey, get dincəl, bir az vaxtını da mən almayım, deməsi olur. Qarşını kəsib, əlindəki ağır yükə belə əhəmiyyət vermədən mənasız söhbətinə davam edərkən, yaxud uzun müddət qulağında qalan telefonun qulağında qızışdığını görüb tez-tez istiqamət dəyişərək o biri qulağına yaxınlaşdırarkən, "hə", "hm" deməkdən başqa çarən qalmayıb bu əzabın nə vaxt bitəcəyini həsrətlə gözlərkən, ruhunun qidasını soran, mənfi aurasını sənə yükləyən bu söhbəti yarıda kəsib, bu zəvzəklərə nələr demək keçməz içindən...
Elə insanlar da var ki, söhbətindən doymazsan. Hər dəfəki söhbətindən yeni bir şey öyrənərsən. Nəinki itirdiyin vaxta heyfin gələr, əksinə bu söhbəti tez-tez xatırlamalı olarsan.
Pikassodan xoşbəxtlik nədir soruşanda cavabı bu olub: "İnsanın anlayanı varsa, xoşbəxtdir". Sirrini, dərdini, sevincini bölüşə bildiyin bir adamın olması həqiqətən böyük xoşbəxtlikdi. Səni anlayan, sənin kimi düşünən, həyata baxışı səninki ilə üst-üstə düşən insanla söhbət ruhuna qida verir, onunla sevincini bölüşərsən - çoxalar, dərdini bölüşərsən - azalar. Və bu ünsiyyətə xərclədiyin vaxta da heyfin gəlməz və söhbətin sonunda, vaxtını aldım, deməsinə də etiraz edərsən...
Vaxtımızı oğurlamayın! Nə olsun ki, bu oğurluğa görə cəza növü yoxdu. Heç olmasa, çənənizə yazığınız gəlsin. Yaşlaşanda çənənizin əsəcəyindən, danışmaqdan üz-gözünüzün qırışacağından, adınızın yanında bir "zəvzək, gəvəzə" ayamasının paralel səslənməsindən və əsəbi birini infarkt edə biləcəyinizdən qorxun!
Atalar boşuna, "danışmaq gümüşsə, susmaq qızıldır" deməyiblər. Bəzən susmaqla da çox şey demək olur.
Amma vaxtımızı oğurlayan başqa nüanslar da var - televiziya, internet, ən çox isə facebook.
Axırıncı vaxt oğrusu ilə bacarmaq isə mümkünsüz kimi görünür...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV