adalet.az header logo
  • Bakı -°C
03 May 2013 11:15
58669
ƏDƏBİYYAT
A- A+

Türkiyə kinematoqrafiyasında erotika

Yaxın qonşumuz , tarixən eyni mədəniyyəti paylaşdığımız Türkiyədə ədəbiyyat, teatr və kino sahəsində xeyli inkişaf edib və dünya kinosunda özünəməxsus yerini möhkəmləndirməkdədir. Türkiyə bu inkişafa necə nail olub? Bu diqqətçəkən uğurun səbəbi nədir? Azərbaycan seyirçilərinə tanış olan onlarla türk filmi var ki, dünya seyirçilərini də heyrətləndirməyi bacarır. Həm keyfiyyət, həm müasir yanaşma Türkiyə kinosunun artıq dünyaya çıxışını təmin edib. Türkiyədə kinonun inkişafını böyük kinoteatrların varlığından, böyük sərmayələrə qədər bir çox amil şərtləndirir. Bəs savadlı kadrlar? Məncə savadlı kinoşünaslar Türkiyə ilə müqayisədə bizdə daha çoxdur. Amma bizim savadlı və dünyagörüşlü rejissorlarımızın filmlərindən danışmağa dəyməz. Türkiyəli həmkarları ilə müqayisədə ciddi məktəb görmüş, savadlı və dünyagörüşlü Azərbaycan rejissorları son illərdə demək olar ki, bir dənə də maraqlı film çəkə bilməyib. Bunun günahı təkcə rejissorlarda və aktyorlarda deyil. Kino bazarının, böyük kinoteatrların və yaxşı film ərsəyə gətirmək üçün lazımi maddi-texniki bazanın olmaması Azərbaycan kinosunun yerlərdə sürünməsinin əsas səbəbidir. Bizim rejissorlar yaxşı film çəkə bilmir, vəssalam. Tək-tük uğurlu cəhdləri nəzərə almasaq, bizdə yaxşı film anlayışı da yoxdur. Ssenaristlərin ala-babat cəhdləri, uğursuz rejissor işi, duzsuz musiqi tərtibatı haqqında danışmağa isə dəyməz. Amma müasir türk kinosunun bu günü haqqında xeyli nikbin düşünmək mümkündür.

Erotika

Türk kino tarixində, istisnaları çıxmaq şərti ilə, ən çox hərbi və melodram janrına müraciət edilib. Amma müasir dövrdə türk kinosu bu janrlardan uzaqlaşaraq yeni və dünyanın diqqətini çəkən filmlər istehsal etməkdədir. Bu gün Türkiyədə kifayət qədər cəsarətli səhnələrlə zəngin, açıq-saçıq hesab olunan, hətta erotik görüntülərlə zəngin filmlər istehsal olunur. Qeyd etmək lazımdır ki, Türkiyədə qeyri-leqal yollarla porno filmlər də istehsal olunur. İstənilən halda Türkiyə kimi mühafizəkar cəmiyyətdə bu cür filmlərin yayılması və çəkilməsi qıcıq doğurmamış deyil. Bizim tanıdığımız və dünyanın qəbul etdiyi Türkiyə cəmiyyəti kifayət qədər demokratik görüntü sərgiləyir. Məsələn zamanında "Yeşil Çam” filmlərinin erotik səhnələri çoxluğu cəmiyyətin tələbatından qaynaqlanırdı. 
Az qala bütün seriallarda və filmlərdə yataq, sevişmə səhnələri var. Getdikcə islamın hegemonluğu hiss olunan Türkiyə cəmiyyətinin bu cür səhnələrə münasibəti necədir? Bu sual haqqında düşünməyə və cavab axtarmağa dəyər.İndi türk filmlərində erotikaya münasibət o qədər də yaxşı deyil. Sadəcə, müxtəlif düşüncə qruplarından ibarət olan türkiyə cəmiyyətində, hər filmin öz seyirçisi var.

Münasibət necədir?


Filmlərdə sevişmə səhnələri, seriallarda isə öpüşmə səhnələri reytinq yığmağa və populyarlığa hesablanır. Bu cür səhnələrə qarşı çıxmaq mənə görə doğru deyil. Ancaq rejissorlar və film istehsalıyla məşğul olan şirkətlər bunun çox şitini çıxarmamalıdırlar. Bu səhnələrə həddindən artıq marağın olması isə başa düşülən deyil. Türkiyə kinosunun inkişafından danışdıqda bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bəzən kütlənin diqqətini cəlb etmək üçün çox ünlü rejissorlar da filmlərində bu cür səhnələrin çoxluğu və daha qabarıq verilməsinə çalışır. Gənclər və yeniyetmələr bu səhnələrə internetdən dəfələrlə baxmağa, valideynlər isə qarşı çıxmağa davam etdikcə bu cür səhnələr həm kəmiyyətcə, həm də "keyfiyyətcə" daha da çoxalır. Türkiyə cəmiyyətinin bu məsəyə münasibəti birmənalı deyil. Avropaya meylli kəsim bu səhnələri və bu qəbildən olan filmləri normal qarşılasa da, dindar və mühafizəkar insanların bu cür filmlərə çox sərt və barışmaz münasibəti var.

Erotikaya çəkilmək cəsarətdirmi?

Bu cür səhnələrdə rol alan aktrisaların tənqidlərə və təpkilərə göstərdikləri münasibət də çox maraqlıdır
"Zeynəbin 8 günü" filmində rol almış və sevişmə səhnələrinə görə mətbuatda tənqidlərə məruz qalmış Fadik Sevin Atasoy ona qarşı yönələn tənqidlərdən narahat olmadığını bildirir: "Mən filmdə bir obraz canlandırmış, ona can vermişəm. Bunu etmək ayıb deyil. Bu cür səhnələri tənqid hədəfi seçib, mətbuat səhifələrinə çıxarmaq ayıbdır."
Azərbaycanda kifayət qədər məşhur olan "Yaprak dökümü" serialında Fikret obrazını canlandıran aktrisa Bennu Yıldırımlar da bu cür tənqidlərə məruz qalan aktrisalar arasındadır. Bülent Emin Yararla evli olan aktrisa "Gökten üç elma düştü" filmindəki sevişmə səhnələrinə görə sərt tənqid edilib. Filmdə Nilgün adlı tənha bir fahişəni canlandıran Bennu Yıldırımlar ona tənqidi yanaşanlara cavab verib. "Heç kim mənim sevişmə səhnələrimdə çəkilməyimə qarşı çıxa bilməz. Filmdə fahişəni canlandırmışam və obrazın tələblərinə uyğun rolumu oynamışam".
"Kurtlar vadisi" serialındakı Elif obrazıyla məşhurlaşan Özgü Namal çəkildiyi bir çox filmlərdəki sevişmə səhnələri ilə gündəmdə olan aktrisalardandır. Özgü Namal onu bu səhnələrə görə qınayanları anlamadığını bildirir. "Mən aktrisayam və öz rolumu mükəmməl və qüsursuz ifa etməyə çalışıram. Rol aldığım bu cür səhnələrə daha çox diqqət çəkənləri başa düşə bilmirəm". Qeyd etmək lazımdır ki, Özgü Namal aktrisa kimi çox populyardır və türk film tarixinin yeni ulduzlarından hesab olunur. "O...Çocukları" filmində Sarp Apakla olan sevişmə səhnəsi kifayət qədər tənqid olunub və birmənalı qarşılanmayıb.
Bir sözlə, cəsarətli səhnələrdə çəkilən türk aktrisaları oynadıqları rolların tələb etdiyi səhnələri canlandırmaqdan çəkinmirlər. Öz rollarını ürəklə canlandırır və bunu müzakirə etməyi qəbul etmirlər. Cəmiyyətin və mətbuatın sərt tənqidlərinə məruz qalsalar da bu cür filmlər gənclər tərəfindən daha çox izlənilir və sevilir.
Ancaq cəmiyyətin mühafizəkar və dindar kəsimi bu cür filmlərə qarşı olduqca barışmazdır. Nüfuzlu din xadimləri öz xütbələrində və çıxışlarında bu tendensiyanı tənqid edir və pisləyirlər.
Təsadüfi hallarda türk aktrisaları bu cür obrazlardan imtina edir. Məsələn, uzun müddət "Yeşil çam" filmlərinin seks simvolu sayılan Hülya Avşar Murat Saraçoğlunun ekran həyatı verdiyi "O...çocukları" filmində yaşlı fahişə obrazından imtina edib. Teatr aktrisası Demet Akbağ isə bu rolu qəbul edib və ölümsüz bir obraz yaradıb.

Aldananlar


Açıq-saçıq səhnələrdə rol aldıqdan sonra aldadıldığını iddia edən aktrisalar da var. Məsələn, "Gecenin kanatları" filmində rol alan və sinəsinin güzgü vasitəsi ilə göstərilməsini iddia edən Beren Saat filmin nümayişindən sonra mətbuat səhifələrindən məhkəmə salonlarına qədər yol keçdi. Filmin rejissoru və tərəf müqabili onun sinəsinin görünməsindən xəbərdar olduğunu desə də, Beren Saat bu səhnənin xəbərsiz çəkildiyini iddia etdi. Bu səhnənin çəkilişi zamanı rejissor tərəfindən aldadılmasını da xüsusilə qabardan aktrisa söylədiyi fikirlərlə qalmaqala səbəb olub. "Mənə beldən yuxarı çılpaq, bir səhnə çəkəcəklərini söylədilər. Bu səhnədə ancaq kürəyim görünməli idi. Amma filmdə sinəmin görünməsinə heyrət elədim. Mən aktrisayam, bu cür səhnələri istəyərək oynaya bilərəm. Ancaq bu rejissorun səhvi və günahıdır. Mən lazım gələrsə Mata Harini, lazım gələrsə Tereza ananı canlandıra bilərəm".
Son olaraq qeyd etmək lazımdır ki, tənqidlərə və müxtəlif münasibətlərə baxmayaraq, Türkiyə kinosu inkişaf edir və dünya kinosuna öz töhfələrini verir. Cəsarətli və açıq-saçıq səhnələr isə kütləni cəlb etməyə hesablandığı üçün populyar filmlərdə rejissorlar bu səhnələrsiz keçinə bilmirlər. Zənnimcə, həyatın bir parçasını səhnələşdirmək və izləyiciyə təqdim etmək normaldır. Mühafizəkar cəmiyyətlərdə isə bu cür səhnələrə sərt tənqidi münasibət başa düşüləndir.